📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəblər açıldı, Bakı “bağlandı” - 20 dəqiqəlik yol 2 saata qalxdı

2026-09-15 15:19:14

Məktəblər açıldı, Bakı “bağlandı” - 20 dəqiqəlik yol 2 saata qalxdı

Yeni dərs ili başladı, paytaxt yollarında isə ənənəvi mənzərə təkrarlandı. Səhər saatlarından etibarən Bakının əsas küçə və prospektlərində ciddi nəqliyyat sıxlığı yarandı. Məktəbə uşağını aparan valideynlər, işə və universitetə tələsənlər, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər eyni problemin – tıxacın içində qaldılar.

Yay aylarında nisbətən rahatlaşan Bakı yolları yeni dərs ilinin başlanması ilə yenidən ciddi sınaq qarşısındadır. Minlərlə valideynin uşaqlarını şəxsi avtomobillə məktəbə aparması, məktəblərin qarşısında avtomobillərin saxlanılması, ictimai nəqliyyata tələbatın artması paytaxtın əsas arteriyalarında hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirir.

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ili ilə əlaqədar sürücülərə müraciət etsə də, Bakının nəqliyyat problemini yalnız yol hərəkəti qaydalarının pozulmasıyla izah etmək mümkün deyil. Məktəb avtobuslarının yetərli olmaması, bəzi ərazilərdə piyada infrastrukturunun təhlükəsizliyi ilə bağlı problemlər, avtobuslarda sıxlıq və intervalların uzanması da vəziyyəti ağırlaşdıran amillər sırasındadır.

Bu gün paytaxtın bir sıra əsas küçə və prospektlərində güclü nəqliyyat sıxlığı yaşanıb. Bakı-Sumqayıt şosesinin “20 Yanvar” metro stansiyası istiqamətində, Tbilisi prospektinin “20 Yanvar”dan mərkəz istiqamətində olan hissəsində, Heydər Əliyev prospektinin həm əsas, həm də köməkçi yolunda mərkəz istiqamətində, Yusif Səfərov küçəsində, Üzeyir Hacıbəyli küçəsində, eləcə də 28 May və Dilarə Əliyeva küçələrində nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.

Adi günlərdə təxminən bir saata qət edilən bəzi marşrutlarda yol müddəti tıxac səbəbindən 1 saat 20 dəqiqəyə qədər uzanıb. Dayanacaqlarda da vəziyyət fərqli olmayıb. Sərnişinlər avtobuslara minmək üçün uzun növbələr və sıxlıqla üzləşiblər. Xüsusilə Bakı-Sumqayıt istiqamətində tədris ilinin başlaması ilə nəqliyyat yükünün kəskin artdığı müşahidə olunur.

Vəziyyəti daha da çətinləşdirən əsas məqamlardan biri məktəblərin qarşısında avtomobillərin saxlanılmasıdır. Xüsusilə yol kənarında yerləşən məktəblərin qarşısında valideynlərin avtomobilləri ilə uzun müddət gözləməsi hərəkət zolaqlarının daralmasına və nəticədə həmin ərazidə tıxacın yaranmasına səbəb olur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, tədris mövsümünün başlaması ilə əlaqədar Bakı şəhərində sərnişindaşıma imkanlarının artırılması istiqamətində tədbirlər genişləndirilir.

tıx.jpg (308 KB)


Qurumun məlumatına görə, sentyabrın 15-dən paytaxtda marşrut xətlərinə cəlb edilən avtobusların sayı rekord həddə – 2530-a çatdırılıb.

2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma üçün 1780 avtobus istismar olunub. Bu rəqəm 2023-cü ildə 2011-ə, 2024-cü ildə 2180-ə, 2025-ci ildə isə 2340-a yüksəlib. Beləliklə, son 5 il ərzində paytaxtda xətlərə cəlb olunan avtobusların sayı 750 ədəd və ya 42 faiz artırılıb. Bu il isə ilk dəfə Bakı marşrutlarında eyni vaxtda 2530 avtobusun istismarı təmin edilir. Ötən illə müqayisədə bu, 200-ə yaxın avtobus artımı deməkdir.

AYNA-dan bildirilib ki, avtobus sayındakı artım xüsusilə sərnişin tələbatının yüksəldiyi tədris mövsümü ərəfəsində əhəmiyyətlidir. Bununla yanaşı, metro xətlərinin ayrılması layihəsi çərçivəsində son bir ay ərzində 8 ekspres xətt təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib. Qeyd olunub ki, avtobus parkının həm say, həm də keyfiyyət baxımından yenilənməsi istiqamətində işlər ilin sonuna qədər davam etdiriləcək.

“Bu il 29 sayda xətdə avtobuslar daha yeni və müasir avtobuslarla əvəz edilib. Əlavə avtobusların gətirilməsi ilə sərnişinlərin daha rahat, təhlükəsiz və keyfiyyətli ictimai nəqliyyat xidmətləri ilə təmin olunması imkanları genişləndiriləcək. Bu il özəl və dövlət müəssisələri tərəfindən 308 avtobus gətirilib. Avtobusların artırılması davam etdirilir”, – deyə qurumdan bildirilib.

metro_basabas.jpg (60 KB)


“Bakı Metropoliteni” QSC də yeni tədris ilinin başlanması ilə əlaqədar sərnişin sıxlığının qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Bildirilib ki, aparılan texniki optimallaşdırma tədbirləri nəticəsində Qırmızı xətdə qatarlararası interval azaldılır. Davamlı texniki yenilənmə, monitorinq və sınaqlar nəticəsində xüsusi rejimdə 2 dəqiqə 30 saniyə olan intervalın daha da azaldılması mümkün olub. Belə ki, sentyabrın 15-dən etibarən “İçərişəhər-Əhmədli” mənzilində qatarların hərəkəti pik saatlarda 2 dəqiqəlik intervalla tənzimlənir.

“Sərnişin axınında zərurət yarandığı təqdirdə Yaşıl xətdə hərəkət qrafikinin 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə endirilməsi də təmin ediləcək.

Yeni tədris mövsümünün başlanması ilə əlaqədar Bənövşəyi xətdə də qatarların hərəkəti payız-qış qrafikinə uyğunlaşdırılıb. Artıq “Avtovağzal-8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən-Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur. Bütün xətlərdə sərnişin axınının intensivliyi nəzarətdə saxlanılacaq və monitorinqlər əsasında ehtiyac yarandıqda əlavə tənzimləmə tədbirləri görüləcək. Hazırda AYNA-nın Sərnişin Daşımalarının Monitorinq Mərkəzi tərəfindən avtobusların intervalı izlənilir və vəziyyətə nəzarət edilir. Eyni zamanda avtobusların hərəkət sxemi üzrə rahat hərəkət edə bilməsi üçün polis orqanları ilə birgə fəaliyyət göstərilir”, – deyə qurumdan bildirilib.

yasin_mustafayev-3.jpg (49 KB)

Nəqliyyat eksperti Yasin Mustafayev hesab edir ki, sentyabrın 15-də Bakıda nəqliyyat sıxlığının yaşanması gözlənilən idi.

Ekspertin sözlərinə görə, metroda xətlərin ayrılması ilə əlaqədar yaranan müvəqqəti məhdudiyyət də vəziyyətə təsir göstərir.

““28 May” ilə “Nizami” stansiyaları arasındakı hissədə hərəkət yoxdur. Gün ərzində bu xətt üzrə daşınan təxminən 120-210 min sərnişin artıq avtobuslara, taksilərə və fərdi nəqliyyat vasitələrinə yönəlməli olacaq. Ümumiyyətlə, hər il sentyabrın 15-də – Bilik Günündə belə çətinliklər yaşanır. Məktəbə ilk dəfə gedən birincilər, onların valideynləri, təbrikə gələnlər, eləcə də digər sinif şagirdləri, tələbələr və bağça uşaqları eyni vaxtda yola çıxdığı üçün sıxlıq gözlənilən idi”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, sərnişinlər alternativ marşrutlardan istifadə etməli və səfərlərini əvvəlcədən planlaşdırmalıdırlar.

“Hər bir vətəndaş özü üçün alternativ çıxış yolu tapmalıdır. Metronun xətlərinin ayrılması da vacib məsələdir. Çünki bu addım atılmasa, metronu inkişaf etdirə bilmərik. Metro isə ictimai nəqliyyatın şah damarıdır.

Xətlərin ayrılması prosesindəki 10-11 aylıq müddət müvəqqəti çətinlik yaradır. Bir az səbirli olmaq, alternativ yolları seçmək, mümkün qədər tez və ya fərqli vaxtlarda yola çıxmaq lazımdır. İnsanlar günlərini elə planlamalıdırlar ki, tıxaca düşməsinlər. Unutmayaq ki, bu, müvəqqəti bir çətinlikdir”, – Yasin Mustafayev qeyd edib.

Digər nəqliyyat eksperti Eldəniz Cəfərov isə hesab edir ki, Bakıda tıxac probleminin üzərinə yeni dərs ilinin yaratdığı əlavə nəqliyyat yükü də gəlib.

“Hazırda tıxac Bakının əsas problemlərindən biridir. İndi bunun üzərinə məktəb və universitetlərə gedən on minlərlə insan da əlavə olunur. Üstəlik, şəhərin müxtəlif yerlərində yol təmir işləri aparılır.

50-dən çox yolda işlərin görülməsi, bəzi küçə və prospektlərin təmirə bağlanması nəqliyyat axınının istiqamətini dəyişir. Bu da müəyyən ərazilərdə sıxlığın daha da artmasına səbəb olacaq”, – ekspert deyib.

Eldəniz Cəfərovun sözlərinə görə, problemin həllində yalnız aidiyyəti qurumları günahlandırmaq düzgün deyil. Şəhər sakinlərinin davranışı da nəqliyyat axınına ciddi təsir göstərir.

“Biz burada yalnız yolları və nəqliyyat qurumlarını günahlandırmamalıyıq. Onsuz da məlumdur ki, Bakı iri sənaye, turistik, tələbə və tarixi şəhərdir. Əhali sayı çoxdur, getdikcə də artır. Biz ictimai nəqliyyatımızı vaxtında şaxələndirməmişik. İndi bir avtobusumuz var, bir metromuz. Çalışmalıyıq ki, əlimizdə olan resurslarla bunu balanslaşdıraq.

Bizim özümüzün də şəhər sakini olaraq yolda davranışımızın böyük rolu var. Məsələn, məktəbə bir uşağı aparmaq üçün ailədən iki, bəzən hətta üç avtomobilin yola çıxması, sonradan həmin avtomobillərin məktəbin qarşısında saxlanılması problem yaradır.

msh.jpg (52 KB)

Bir avtomobilin təxminən 3 dəqiqə dayanması ilk baxışdan heç nə kimi görünməyə bilər. Amma bunu eyni anda 20-30 avtomobil etdikdə məktəb qarşısında və məktəbə gedən yolda küçənin hərəkəti iflic olur. Bu sıxlıq da artıq tıxaca çevrilir. Digər yol hərəkəti iştirakçıları da əziyyət çəkir – kimisi işə, kimisi dərsə gecikir”, – deyə ekspert bildirib.

Eldəniz Cəfərov hesab edir ki, məktəblərin qarşısında xüsusi “mini düşmə məntəqələri”nin təşkili problemin müəyyən qədər həllinə kömək edə bilər.

“Ona görə də məktəblərin qarşısında məktəbə məxsus xüsusi parklanma yerləri təşkil olunmalıdır. Bunu məktəbə bağlı idarə və qurumlar təşkil etməlidirlər. Əslində, bu, əvvəldən olmalı idi, xüsusən də şəhər mərkəzində yerləşən məktəblərin qarşısında. Amma biz keçən həftə müşahidə etdik ki, AYNA Dövlət Yol Polisi ilə birlikdə müəyyən minib-düşmə məntəqələri yaradır. Orada dayanmağa icazə verən müəyyən nişanlar təşkil olunur. Məqsəd valideynlərin uşağı təhlükəsiz şəkildə düşürməsi və sonra yola davam etməsidir.

Burada dayanmanın müddəti çox vacibdir. Valideyn çalışmalıdır ki,  avtomobili iki dəqiqədən çox saxlamasın. Avtomobili saxladı, məktəblini endirdi və yola davam etməlidir. Məktəb ərazilərinin yaxınlığında da minib-düşmə məntəqələri yaratmaq olar. Amma bəzi sürücülər bundan sui-istifadə edə bilərlər. Bu, olmamalıdır. Biz sözəbaxan vətəndaş olmalıyıq. Əgər orada yazılıbsa ki, minib- düşmə məntəqəsi yalnız avtomobili saxlayıb sərnişini düşürmək və mindirmək üçündür, bundan sui-istifadə etməməliyik. Düşünürəm ki, hamımız cəmiyyət olaraq öz töhfəmizi versək, tıxacların azalmasına kömək etmiş olarıq”, – deyə ekspert vurğulayıb.

maaa.jpg (287 KB)

Ekspert hesab edir ki, universitetlərin dərs qrafiki də nəqliyyat sıxlığının yaranmasında rol oynayır:

“Universitetlərin də burada müəyyən təsiri var. Dərs saatlarının hamısının eyni vaxta düşməsi düzgün deyil, dəyişdirilməlidir. Ümumiyyətlə, dövlət proqramında universitetlərin dərs saatlarının qrafikinin dəyişdirilməsi, universitetlərin köçürülməsi ilə bağlı da müddəalar var. O istiqamətdə işlər aparılmalıdır. Ya biz bütün universitetləri başqa bir şəhərə köçürməliyik, tələbələr üçün şəhərcik salmalıyıq. Səfalı bölgələrimizdən birinə, beynəlxalq hava limanı olan digər şəhərlərdən birinə universitetləri köçürmək olar.

Düşünürəm ki, bu, çox yaxşı nəticə verə bilər. Tələbələr təmiz havada təhsil alar, inkişaf edərlər, Bakıda da bir qədər sıxlıq azalar. Ya biz bunu etməliyik, ya da deməliyik ki, Bakı şəhəri sırf tələbə şəhəridir və ona uyğun davranmalıyıq. Amma bunu etmək də mümkün olmayacaq. Bakı şəhərini sırf tələbə şəhərinə çevirmək çətindir. Çünki Bakı öz-özlüyündə iri sənaye şəhəridir. Sənayenin böyük bir qismi burada, Bakı-Abşeron ərazisində cəmləşib. Deməli, biz birinci variantla hərəkət etsək, daha yaxşı olar”.