📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Macarıstan Ermənistanın Avropa İttifaqına yolunu bağlayacaq

2026-09-03 18:02:37

Macarıstan Ermənistanın Avropa İttifaqına yolunu bağlayacaq

Macarıstan heç bir ölkənin Avropa İttifaqına (Aİ) sürətləndirilmiş qaydada üzv qəbul edilməsini dəstəkləməyəcək.

Bunu Macarıstanın Baş naziri Peter Macar Avropa Şurasının sədri Antonio Koşta ilə görüşündə bildirib.

Macarın açıqlaması Macarıstanın sentyabrın 2-də Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar prosesini növbəti dəfə bloklamasından sonra səslənib. Macarıstanın mövqeyinə görə, Aİ-yə üzvlük prosesi sürətləndirilmiş qaydada deyil, namizəd ölkələrin müəyyən edilmiş meyarlara uyğunluğunun qiymətləndirilməsi əsasında və mərhələli şəkildə aparılmalıdır.

Siyasi ekspertlər hesab edir ki, Peter Macarın bu siyasəti sələfi Viktor Orbanın siyasətinin müəyyən mənada davamı hesab edilə bilər. Belə bir mövqenin gələcəkdə Ermənistanın Avropa İttifaqına üzvlük məsələsinə münasibətdə də ortaya qoyulacağı şübhəsizdir. Bu isə dolayısı ilə Rusiyanın istəyi ilə üst-üstə düşür.

Oqtay Qasımov: Bütün hallarda ilin sonuna qədər savaş davam edəcək- ÖZƏL

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, yeni baş nazirin mövqeyi Aİ-nin genişlənməsinə qarşı olmaq deyil, genişlənmənin hansı prinsiplərlə həyata keçirilməsinin önə çəkilməsidir: “Orban hakimiyyəti dövründə Macarıstan Aİ daxilində xüsusilə Ukraynanın üzvlüyü məsələsində ən sərt mövqelərdən birini tuturdu və veto imkanından dəfələrlə istifadə edirdi. Macar hakimiyyətə gəldikdən sonra bu yanaşmanın müəyyən elementlərini saxlayıb. Məsələn, o, Ukraynanın Aİ-yə sürətlə qəbul edilməsinin əleyhinə çıxıb və namizəd ölkələrin müəyyən edilmiş meyarlara uyğunluğunun əsas götürülməsini tələb edir.

Amma onun siyasətində Orbanın siyasətindən fərqli xətt də müşahidə olunur. Macarın hakimiyyətə gəlməsi Orbanın 16 illik siyasi xəttində ciddi dəyişiklik yaradıb. O, Aİ ilə münasibətlərin normallaşdırılmasını, hüququn aliliyinin bərpasını və Orban dövründə formalaşmış bəzi siyasi-iqtisadi strukturların yenidən nəzərdən keçirilməsini vəd edib.

Macar yanaşmasını belə xarakterizə etmək daha doğru olar ki, o, Orban kimi Aİ-yə qarşı çıxmaq yox, Macarıstanın maraqlarını Aİ daxilində daha praqmatik şəkildə müdafiə etmək xəttinə üstünlük verir”.

Politoloq qeyd edib ki, gələcəkdə Ermənistanın Aİ üzvlüyü məsələsi gündəmə gələrsə bu məsələdə də baş nazir Macarın veto qoyması tamamilə mümkündür: “Hətta Ermənistanın Aİ-yə üzvlük perspektivi gündəmə gəldikcə Macarıstanın məhz bu prinsipdən çıxış etməsi real görünür. Macarıstanın hazırkı xəttindən çıxış etsək, Budapeştin Ermənistan üçün də belə mövqe ortaya qoyması mümkündür.

Ermənistan son dövrdə Aİ-yə yaxınlaşmasını sürətləndirir və artıq üzvlük üçün formal müraciət niyyətini də açıqlayıb. Lakin Aİ-yə üzvlük avtomatik siyasi qərar deyil. Namizəd ölkə hüququn aliliyi, demokratiya, insan hüquqları, iqtisadi meyarlar və Aİ qanunvericiliyinə uyğunlaşma daxil olmaqla çoxsaylı şərtləri yerinə yetirməlidir.

Ermənistan eyni zamanda Rusiya ilə iqtisadi və institusional əlaqələrini tam kəsməyib. Belə vəziyyətdə Aİ üzvlüyü daha mürəkkəb prosesdir. Macarıstan isə məhz “əvvəlcə bütün şərtlər yerinə yetirilməlidir, sonra üzvlük” prinsipini müdafiə edərsə, Ermənistanın sürətli inteqrasiya planını müəyyən qədər ləngidə biləcək ölkələrdən birinə çevrilə bilər”.