Lavrovun ağzından vuran rektor - özbək elinin qüdrətli xocası Kudratxoca
Daşkənddə olarkən Şerzadxan Kudratxoca ilə də görüşdüm. Eyni tədbirə qatılmışdıq. Mən onu hələ ötən ildən tanıyıram və barəsində yazı da yazmışam.
Şerzadxan müəllim adi, sadə adam deyil, soyadının haqqını verən qüdrətli xocalardandır. Hazırda o, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektorudur. Jurnalist, televiziya aparıcısı, politoloq, siyasi elmlər doktoru, professordur.
O, 26 may 1974-cü ildə Daşkənddə anadan olub. 52 yaşlı həmkarım bundan əvvəl ölkə prezidentinin mətbuat xidmətinin baş məsləhətçisi, daha sonra baş nazirin mətbuat katibi olub.
Onu ölkəsində çox adam tanıyır. Şerzadxan müəllimi Rusiyada da tanıyırlar və bunun ciddi bir səbəbi var.

Ötən ilin mayında Rusiyanın məşhur xarici işlər naziri Sergey Lavrov Daşkəndə səfəri zamanı qalmaqala səbəb olanda ona ən tutarlı cavabı rektor Ş.Kudratxoca verib.
Lavrov əbədi məşəlin hər iki tərəfində "Sən həmişə qəlbimizdəsən, əzizim" adlı xatirə yazısının yalnız iki dildə - özbək və ingilis dillərində təkrarlandığını, rusca qeydin olmamasını kinayəli təəccüblə qarşılayıb və bələdçidən soruşub: "İngilislər bura necə gəliblər? Görürəm ki, yazı ingilis dilindədir. Rusca qeyd görmürəm".
Onun bu sözləri mediada və sosial şəbəkədə qızğın müzakirələrə səbəb olunca, Şerzadxan Kudratxoca mətbuata açıqlamasında belə deyib: "Hər bir dövlət tarixi abidələri və yerləri ətrafındakı yazılar üçün hansı dildən istifadə edəcəyinə özü qərar verir. Başqa ölkədən gələn birinin, xüsusən də xarici işlər nazirinin bunu tənqid etməsi səhvdir. Axı biz onların müstəmləkəsi deyilik!"
Ardınca Ş.Kudratxoca əlavə edib: “Kiminlə və hansı səviyyədə münasibətlər qurmaq dövlətin öz qərarıdır! Heç kimin Özbəkistanın daxili işlərinə qarışmaq hüququ yoxdur. Avropa İttifaqı ilə qarşılıqlı əlaqə səviyyəsini yalnız Özbəkistan özü müəyyən edir. Bu, ölkəmizin xarici siyasətinin çoxvektorlu təbiətini nümayiş etdirir”.
Ş.Kudratxoca Özbəkistanda yaşaya-yaşaya özbək dilində danışmayanlar haqqında belə bir ifadə də işlətdib: Onlar işğalçı, yoxsa axmaq olduqlarına özləri qərar verməlidirlər”. (Yəni ya işğalçı təkəbbürü ilə özbəkcə danışmırlar, ya da kütbeyindirlər, dil öyrənə bilmirlər).
Bu açıqlama, eləcə də rusiyalı siyasətçilərinin hücumlarının qarşısında susmağın qəbuledilməz olduğunu bildirməsi Rusiyanın millətçi mətbuatında süngü ilə qarşılanıb, Ş.Kudratxoca millətçilikdə ittiham olunub. “Rossotrudniçestvo” onunla və onun təmsil etdiyi qurumlarla əlaqəni kəsdiyini açıqlayıb. Hətta Kreml rəsmi Daşkənddən onu cəzalandırmağı tələb edib.
Söhbətimiz zamanı Şerzadxan müəllimdən soruşdum ki, o gərginliyin axırı necə oldu, ondan sonra Rusiyaya yolu düşübmü, orada yenə də “arzuolunmaz şəxs” hesab edilirmi?
O bildirdi ki, ondan sonra gərginlik azalsa da, yolu Rusiyaya düşməyib, amma buna ehtiyacı da yoxdur, öz işində-gücündədir.
Əslində onun universitet rektoru vəzifəsində qalması Rusiyanın, xüsusilə də bu dövlətin özünü postsovet məkanında ötkəm aparmaq istəyən xarici işlər nazirinin sözünün, təzyiqinin keçərli olmadığının göstəricisidir.
Maraqlıdır ki, rus dilində mükəmməl danışan və heç də rusofob olmayan, sadəcə, xalqına və ana dilinə hörmət qoyulmasını istəyən Şerzadxan Kudratxocanın adı bundan əvvəl daha bir qalmaqalda hallanıb.
Ş.Kudratxoca Yunusabad rayonunun hakimi ilə danışarkən bir qadın onlara yaxınlaşıb, hakimin üstünə qışqırıb, ondan isə rusca danışmağı tələb edib. Buna cavab olaraq Şerzadxan müəlim onun özbək dilində danışmasını istəyib və bu da millətçilik ittihamlarına səbəb olub.
Rektor bu barədə verdiyi müsahibədə deyib: "O, Rusiya səfirliyinə şikayət edəcəyini dedi. Deyirəm ki, Rusiya səfirliyinin bununla nə əlaqəsi var. Qadın deyir ki, Putinə şikayət edəcək”.
Diqqət edin, Özbəkistan vətəndaşı olan rus qadın davranışından narazı qaldığı adamdan Özbəkistan prezidentinə yox, başqa ölkənin prezidentinə şikayət edəcəyini deyir.
Bu, onu göstərir ki, bu şəxslər hələ də özlərini qonşuluqdakı böyük imperiyanın təbəəsi, yaşadığı ölkə və şəhəri isə həmin imperiyanın subyekti sayır.
Belə adamlara reallığı başa salmaq istəyən Kudrotxoca kimi ziyalılar isə avtomatik olaraq millətçi adlandırılırlar. Öz millətini sevmək, onun hüquqlarını qorumaq millətçilikdir, amma başqa xalqların üzərində hakimiyyət qurmaq, ona öz dilini sırımaq isə normaldır – belə ədalət varmı?

Öz xalqının vətənpərvər oğlu, görkəmli ziyalısı olan Şerzadxan Kudratxoca hesab edir ki, rus siyasətçilərinin və tarixçilərinin Özbəkistana qarşı hücumlarını görməzdən gəlmək olmaz. Bu, bizim ölkə üçün də aktualdır. Bildiyiniz kimi, so həftələr yenə şimaldan gələn kəskin iddialar artıb.
Nə yaxşı ki, belə cəsarətli, açıqsözlü, dürüst və vətənpərvər insanlar var. Məhz onlar müstəqilliklə müstəmləkənin fərqini xalqa real şəkildə anladır, sinələrini xaricdən gələn aqressiv iddiaların qarşısına sipər edirlər.