Kremldən Vilnüsə NÜVƏ TƏHDİDİ: Peskov Baltikyanı ölkəni hədəf göstərdi
Litva öz ərazisində alyansın nüvə silahını yerləşdirəcəyi təqdirdə, bu ölkənin bütün ərazisi birbaşa Rusiyanın nüvə raketlərinin hədəfinə çevriləcək.
Hurriyyet.media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov kəskin xəbərdarlıqla çıxış edib.Kreml rəsmisi bildirib ki, Vilnüsün belə bir addım atması regionda gərginliyin kəskin artmasına və təhlükəsizlik böhranının yeni, çox ciddi mərhələyə keçməsinə səbəb olacaq.
Peskov vurğulayıb ki, Litvada yerləşdiriləcək strateji hərbi imkanlar qərbə deyil, məhz şərqə — yəni Rusiyaya tərəf yönəldiləcək. Bu səbəbdən Moskva adekvat addımlar ataraq həmin hərbi obyektləri və ölkə ərazisini özünün nüvə arsenalının hədəf siyahısına daxil edəcək. Xatırladaq ki, Litva rəhbərliyi 2026-cı ilin iyun ayında müttəfiqlərlə ölkə ərazisində nüvə silahının yerləşdirilməsi ilə bağlı danışıqlar apardıqlarını rəsmən təsdiqləmişdi.
"Financial Times" nəşrinin məlumatına görə, sözügedən danışıqlarda əsasən ABŞ-yə məxsus nüvə başlığı daşımaq qabiliyyətinə malik bombardmançı təyyarələrin Litva aerodromlarında yerləşdirilməsi imkanları nəzərdən keçirilir.