Kozinoğlunun ölümü ilə bağlı “Kurtlar Vadisi Pusu”nun ssenaristləri də dindiriləcək
Türkiyədə 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı yenidən araşdırma başladılıb.
Hurriyyet.media Türkiyə mətbuatına istinadən məlumatına görə, araşdırma çərçivəsində “Kurtlar Vadisi Pusu” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan ifadəyə çağırılıb.
Bildirilir ki, bu gün ssenaristlərin ifadələri alınacaq.
Araşdırma dosyesində serialın 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı bölümünə də diqqət çəkilib. Həmin bölümdə “Kazım Kaşifoğlu” adlı obrazın həbsxana kamerasında saxlanıldığı və döyüldüyü, onunla bağlı ölüm təhdidlərinin səsləndirildiyi müəyyən edilib.
Bölümün yayımlanmasından cəmi iki gün sonra – 12 noyabr 2011-ci ildə Kaşif Kozinoğlu Silivri həbsxanasında həyatını itirib.
Fotoda Necati Şaşmaz, Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan

Bundan başqa, Kozinoğlunun ölümündən sonra, 8 dekabr 2011-ci ildə yayımlanan 139-cu bölümdə “Kazım Kaşifoğlu” obrazının şpris vasitəsilə damarına hava yeridilərək öldürülməsi səhnəsi də araşdırmaya daxil edilib.
Müəyyən edilən bölümlərin hamısında Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysanın ssenarist kimi çalışdığı bildirilib.
Qeyd edək ki, “Ergenekon” təşkilatının üzvü olmaqda şübhəli bilinərək 10 mart 2011-ci il tarixində həbs edilmiş Kaşif Kozinoğlu ilk məhkəmə iclasına 10 gün qalmış, 12 noyabr 2011-ci ildə Silivri həbsxanasında vəfat edib. Rəsmi olaraq onun ürəktutmadan öldüyü açıqlanıb. Onun ölümü ilə bağlı bir neçə gün öncə yenidən başladılan istintaq çərçivəsində məzarı açılıb. Aparılan istintaq çərçivəsində 9 şübhəli saxlanılıb, onlardan üçü həbs edilib.
