📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kötüyün içində casus cihazı - MKİ-nin SSRİ-dəki ən bahalı əməliyyatlarından biri

2026-09-07 22:53:15

Kötüyün içində casus cihazı - MKİ-nin SSRİ-dəki ən bahalı əməliyyatlarından biri

1973-cü ilin yayında Moskvaətrafı meşədə çalışan meşəbəyi qəribə bir kötüklə rastlaşıb. İlk baxışdan adi ağac kötüyünə bənzəsə də, bir detal onun diqqətini çəkib: kötük həddindən artıq hamar və səliqəli olub, üstəlik, çürüməyib. Kötüyü sındıranda isə içərisindən milyonlarla dollar dəyərində elektron avadanlıq çıxıb. Sonradan məlum olub ki, bu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) soyuq müharibə dövründə SSRİ ərazisində həyata keçirdiyi ən mürəkkəb və bahalı əməliyyatlardan biri olub. 1973-cü ilin qiymətləri ilə qurğunun dəyəri 2 milyon dollara qədər qiymətləndirilib. Bu məbləğ həmin dövrdə müasir bir qırıcı təyyarənin qiymətinə yaxın olub.

“Piknik” adı altında həyata keçirilən əməliyyat

1973-cü ilin avqustunda MKİ-nin iki əməkdaşı diplomatik örtük altında Moskvadan Mojaysk istiqamətində yola düşüb. Səfər adi turist gəzintisi təsiri bağışlayıb. Agentlərdən biri həyat yoldaşı və valideynləri ilə birlikdə hərəkət edib. Rəsmi marşrut isə əcnəbi diplomatların tez-tez ziyarət etdiyi Borodino çölü olub. Moskva-Mojaysk yolunda iki avtomobildən ibarət qrup meşədə “piknik” üçün dayanıb.

f68518b0-b508-475b-b9da-8e79e330b27f.jpeg (405 KB)

Agentlərdən biri avtomobilin yük yerini açıb. Termos və yorğanların arasında təxminən 25 kiloqram ağırlığında, zahirən adi ağcaqayın kötüyündən fərqlənməyən xüsusi qurğu olub. Kötük əvvəlcədən müəyyən edilmiş nöqtəyə qoyulub, daha dayanıqlı olması üçün təxminən 30 santimetr torpağa basdırılıb və üzəri torpaqla örtülüb. Əməliyyat cəmi bir neçə dəqiqə çəkib. Ümumilikdə belə iki “casus kötüyü” quraşdırılıb. Qurğuların yerləşdirildiyi ərazi təsadüfən seçilməyib. Mojaysk su anbarı ətrafındakı meşəlik ərazi Moskvadan təxminən 100 kilometr qərbdə yerləşib və sovet hərbi obyektlərindən birinə yaxın olub. Müxtəlif mənbələrdə həmin obyektin hava bazası və ya hava hücumundan müdafiə sistemi ilə bağlı qurğu olduğu bildirilir.

MKİ-nin məqsədi həmin obyektdən yayılan radar siqnallarını ələ keçirmək olub. Meşə isə əməliyyat üçün ideal şərait yaradıb: bir tərəfdən qurğunu gizlətmək asan olub, digər tərəfdən isə peyklə əlaqə üçün səmanın açıq olması üstünlük verib. Kənardan adi ağac parçasını xatırladan qurğunun daxilində olduqca mürəkkəb elektronika yerləşdirilib. Sistem özü radio siqnalı yaymayıb, yalnız qəbul edib. Bu xüsusiyyət onu sovet radioelektron kəşfiyyatı üçün aşkarlanması çətin hədəfə çevirib.

0a0153c0-98e9-4d5e-83d5-e0873008f57e.jpeg (61 KB)

Enerjini kötüyün üzərinə yerləşdirilmiş və ağac kəsiyinə bənzər yarımşəffaf qatın altında gizlədilmiş günəş panelləri təmin edib. Buludlu hava üçün isə qurğuda nikel-kadmium akkumulyatorları yerləşdirilib. Toplanan məlumatlar daha sonra casus peykinə ötürülməli imiş. MKİ-nin hesablamalarına görə, sistem uzun müddət, hətta illərlə avtonom işləyə biləcəkmiş.

Qurğunun ən mürəkkəb hissələrindən biri isə kamuflyaj sistemi olub. Xüsusi laboratoriyada ağac qabığının rəngi, teksturası və zədələnmə izləri mümkün qədər dəqiq təqlid edilib. Məqsəd sadəcə “kötüyə oxşayan” bir obyekt yaratmaq yox, meşədə heç kimin diqqətini çəkməyəcək qədər real görünən saxta ağac hazırlamaq olub.

Kötük nəyi izləyib?

Qurğunun əsas vəzifəsi sovet raket əleyhinə müdafiə sistemlərinin radarlarını izləmək olub. Radar sistemi sovet radarlarının yüksək tezlikli siqnallarını, onların gücünü və impuls xüsusiyyətlərini qeydə alıb. Toplanan məlumatların MKİ analitiklərinə sovet hava hücumundan müdafiə sistemlərinin zəif və “kor” sahələrini müəyyənləşdirməyə imkan verəcəyi gözlənilib. Bu məlumatların gələcəkdə ABŞ-nin ballistik raketlərinin uçuş trayektoriyalarının hesablanmasında istifadə olunması nəzərdə tutulub. Bütün bu texnologiyaya baxmayaraq, “casus kötüyü” uzun müddət gizli qalmayıb. Kötük yarıldıqdan sonra içərisindəki elektronika üzə çıxıb və məsələ dərhal sovet xüsusi xidmət orqanlarının diqqətinə çatdırılıb.
Araşdırmaya MKİ-nin SSRİ-dəki fəaliyyətinə qarşı əks-kəşfiyyat əməliyyatlarına cavabdeh olan Dövlət Təhlükəsizlik Komitəsinin 2-ci baş idarəsinin əməkdaşı Valentin Klimenko rəhbərlik edib. DTK əməkdaşları əraziyə gedərək qurğunun qalıqlarını toplayıb və onların texniki analizinə başlayıblar. İki həftə sonra ikinci “casus kötüyü” də tapılıb. İkinci qurğunun bütöv vəziyyətdə ələ keçirilməsi sovet tərəfinə gözlənilməz imkan yaradıb. DTK onu məhv etmək əvəzinə bərpa edib və yenidən işə salıb. Lakin bu dəfə qurğu real sovet radar siqnallarını qəbul etməyib.

8ed70c42-8db2-42a2-a746-cbe73e84f6f0.jpeg (141 KB)

DTK sistem vasitəsilə MKİ-yə saxta məlumat ötürməyə başlayıb. Guya sovet radarlarının köhnəlmiş tezliklərdə işlədiyi, onların aşkarlama məsafəsinin zəif olduğu və hava hücumundan müdafiə sistemində müəyyən “kor zonaların” mövcudluğu barədə məlumatlar formalaşdırılıb. Beləliklə, MKİ aylar ərzində öz agentura texnikasından əldə etdiyini düşündüyü kəşfiyyat məlumatlarını qəbul edib. ABŞ analitikləri həmin məlumatları hesablamalara daxil edib, raketlərin mümkün uçuş trayektoriyalarını isə sovet müdafiəsinin guya mövcud olan zəif nöqtələrinə uyğunlaşdırıblar.

Başqa sözlə, MKİ-nin milyonlarla dollar xərclədiyi texnoloji əməliyyat sonda sovet xüsusi xidmətlərinin əks-kəşfiyyat oyununa çevrilib. Bu hadisə “soyuq müharibə”nin ən qeyri-adi casusluq əməliyyatlarından biri kimi tarixə düşüb. Məlumata görə, hər iki orijinal qurğu hazırda Rusiya Federal Təhlükəsizlik Xidmətinin arxivlərində saxlanılır. “Casus kötüyü”nün surətlərindən biri isə Vaşinqtonda ziyarətçilər üçün açıq olan Beynəlxalq Casusluq Muzeyində nümayiş etdirilir.//Musavat.com