Koçaryana təbrik, Paşinyana mesaj - Putin hərbi caniyə “dözüm” arzulayıb
Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı ad günü münasibətilə təbrik edib.
Hurriyyet.Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Putin təbrik teleqramında bu hərbi caniyə "çətinliklər qarşısında dözümlülük" arzulayıb.
"Rusiya ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafına şəxsi töhfənizi unutmayıb. Sizə sizin və ailənizin hazırda üzləşdiyiniz çətinliklər qarşısında səmimi qəlbdən cansağlığı, mənəvi güc və dözümlülük arzulayıram", - Putinin ismarıcında deyilir.
Bu, Nikol Paşinyanın baş nazir olduğu vaxtdan bəri Putinin Koçaryana ilk təbriki deyil. Hər il Putin xüsusi olaraq onu təbrik edir və bu “ənənə” heç də keçmiş SSRİ respublikalarının bütün sabiq başçılarına aid deyil. Bu təbriklərin məzmunu da hər zaman Kremlin Koçaryan və onun klanına stavka etməkdə davam etdiyinin göstəricisi və Paşinyan hakimiyyətinə ismarıcı olub.
İndi də bir daha görünür ki, Kreml Paşinyanın məlum korrupsiya ittihamları ilə həbsə atdırdığı və bölgəmizdəki separatizmin, terrorçuluğun simvollarından biri olan bu cinayətkara “sahib çıxmaqdan” vaz keçmir.