Kiyevdə qış qorxusu və Hava Hücumundan Müdafiə böhranı: Müttəfiqlər raket verməkdən imtina edir
Ukrayna ordusunun sərəncamındakı "Patriot" zenit-raket kompleksləri üçün raket ehtiyatları praktiki olaraq tükənib, Qərb müttəfiqləri isə öz anbarlarındakı ehtiyatları Kiyevlə bölüşməyə tələsmirlər.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Kiyevin əlavə Hava Hücumundan Müdafiə (HHM) vasitələri əldə etmək cəhdləri faktiki olaraq çıxılmaz vəziyyətə düşüb, bu həftə Aİ müdafiə nazirləri və NATO səfirlərinin keçirdiyi görüşlər heç bir konkret nəticə verməyib.
Aktiv ehtiyatında "PAC-2" və "PAC-3" raketləri olan Yunanıstan, İspaniya, Yaponiya və Cənubi Koreya kimi ölkələr öz raketlərindən imtina etməyə hazır deyillər. Ukraynalı rəsminin bildirdiyinə görə, raketlərin yeganə etibarlı mənbəyi NATO-nun PURL proqramıdır, lakin bu kanal vasitəsilə Kiyev ayda cəmi 10-20 ədəd raket ala bilir.
Müqayisə üçün qeyd olunur ki, yalnız iyul ayı ərzində Rusiya Ukrayna ərazisinə 195 raket buraxıb. Vəziyyətin kritikliyini vurğulayan Ukrayna Ali Radasının deputatı Solomiya Bobrovska etiraf edib: "Mən son beş ildə ilk dəfədir ki, Rusiyanın bu iki ay ərzində nəyə nail ola biləcəyindən həqiqətən qorxuram".