📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Kaş ki, atan sağ olaydı...” – Aybəniz Haşımova şəhid həyat yoldaşından yazdı

2026-09-13 20:59:47

“Kaş ki, atan sağ olaydı...” – Aybəniz Haşımova şəhid həyat yoldaşından yazdı

Əməkdar artist Aybəniz Haşımova həyat yoldaşı Xalid Quliyevlə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, müğənni qızının, bloqer Aynişan Quliyevanın atasının şəhid olduğu torpaqlara getdiyini bildirib.

"O gün gəlib çatdı... Bu gün Aynişanım atasının şəhid olduğu torpağa 34 ildən sonra ilk dəfə qədəm qoydu. Bu yolu da çox gözlədik, bu günü də... Bütün Azərbaycan bu günü gözlədi. Nəhayət, küsmüş ruhlar şad oldu...

1992-ci ildə Ağdərənin yeddi kəndinin azad olunmasında müstəsna xidmətləri olan, üç döyüş yoldaşını xilas edərkən mühasirədən qayıtdığı yolda Ağdərənin Manikli kəndində minaya düşərək qəhrəmancasına şəhid olan millətin qəhrəman oğlu. Ruhu şad olsun...
Bu gün balası, ruhunun dolaşdığı torpaqlarda, ayağının basdığı, uğrunda döyüşdüyü yerlərdə idi. Yəqin ki, ruhu onu izləyirdi... Yəqin ki, bütün şəhidlərimizin ruhu bu gün orada idi. Bu günü bizə yaşadan bütün şəhidlərimizin qarşısında dönə-dönə baş əyirik.
Sizin yarımçıq qalan arzularınızı, sizin uğrunda can verdiyiniz torpaqları geri alan qəhrəman oğullarımızın qarşısında da baş əyirik. 

Şəhidlərimiz... Qazilərimiz... Haqqınız ödənməzdir. Siz, Vətənimizin haqqını aldınız. Bu gün onların ruhları sevinir. Sevinir ki, nəhayət, haqq öz yerini tapdı. Sevinir ki, torpaqlarımız azaddır. Sevinir ki, bayrağımız o müqəddəs torpaqlarda dalğalanır.

Kaş ki, atan sağ olaydı... Kaş ki, onun əlindən tutub bu torpaqlarda addımlayaydın, Aynişan... Kaş ki, sənə "Bala, bax, mən bu yerlərdə döyüşmüşəm" deyib, döyüşdüyü, qanını və canını verdiyi o cənnət torpaqları özü sənə göstərəydi. 

Amma eybi yox, təki Vətən sağ olsun!  Ruhun şad olsun, igid.
Bu gün balanın ayağı sənin uğrunda can verdiyin torpağa dəydi. Bəlkə də 34 il sonra bu görüşə göydən baxdın. Və bəlkə də ürəyindən yalnız bir söz keçdi, "Nəhayət, gəldin, balam". Axır ki, 34 ildən sonra görüşdük", - Aybəniz Haşımova söyləyib.

Qeyd edək ki, şəhid Xalid Quliyev 1992-ci il,10 iyulda Ağdərə uğrunda gedən döyüşlərdə minaya düşərək həlak olub.