📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildə Türkiyə həyəcanı - Ordu yeni müharibə ssenariləri hazırlayır

2026-08-31 13:46:47

İsraildə Türkiyə həyəcanı - Ordu yeni müharibə ssenariləri hazırlayır

Türkiyə Hərbi Dəniz Qüvvələrinin son aylarda Aralıq dənizində fəallığını artırması İsraildə diqqət çəkib.

İsrailin KAN ictimai yayım şirkəti və JDN-nin məlumatına görə, Türkiyə hərbi gəmilərinin İsrail qüvvələrinin fəaliyyət göstərdiyi ərazilərdə fəallıq nümayiş etdirməsi və bölgədəki dəniz marşrutlarında mövqelərini gücləndirməsi Tel-Əvivin hərbi planlamasına təsir edib. Məlumata görə, İsrail Hərbi Dəniz Qüvvələri Türkiyənin bölgədəki artan hərbi mövcudluğunu nəzərə alaraq mümkün qarşıdurma ssenariləri üzərində işləməyə başlayıb.

İsrail təhlükəsizlik mənbələri Türkiyənin böyük hərbi dəniz qüvvələrinə və artan hərbi imkanlarına xüsusi diqqət yetirildiyini bildiriblər.

İsrail mətbuatında yayılan məlumatlara əsasən, ölkənin təhlükəsizlik strukturları Türkiyənin Aralıq dənizindəki fəaliyyətini, mümkün hərbi imkanlarını və bölgədəki hərəkətlərini daha yaxından izləyir.

İddialara görə, İsrail hökumətində Türkiyə Hərbi Dəniz Qüvvələrinin bölgədə artan fəallığı “mümkün dönüş nöqtəsinin əlaməti” kimi qiymətləndirilir.

KAN-a danışan İsrailli təhlükəsizlik mənbəyi isə Türkiyə ilə birbaşa qarşıdurmadan yayınmaq istədiklərini bildirib.

“İsraildə Türkiyəni düşmənə çevirmək niyyəti yoxdur”, – deyə mənbə bildirib.

İsrail mətbuatındakı məlumatlara görə, Tel-Əviv artıq Türkiyənin Suriyada mümkün hərbi mövcudluğunu, radar imkanlarını və Şərqi Aralıq dənizindəki hərbi-dəniz gücünü ayrı-ayrı məsələlər kimi qiymətləndirmir. Bu amillərin Türkiyənin bölgədəki ümumi hərbi imkanlarının tərkib hissələri olduğu düşünülür.

Təhlükəsizlik mənbəsinin sözlərinə görə, Türkiyənin hərbi gücündəki dəyişiklikləri yaxından izləyən İsrail tərəfi mümkün ssenarilərə hazırlaşır. Bununla yanaşı, İsrail ordusundakı bəzi şəxslərin Ankara ilə birbaşa qarşıdurmadan ehtiyat etdiyi və Türkiyənin düşmənə çevrilməsini istəmədiyi qeyd olunur.