İran müharibəsi başlayandan bəri İLK: Hörmüzdə bir gündə 17 milyon barreldən çox neft daşındı
Sentyabrın 1-də Hörmüz boğazından 17 milyon barreldən çox neft keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "CNBC News"a müsahibəsində bildirib.
O qeyd edib ki, bu, İranda müharibənin başlanmasından bəri rekord göstəricidir.
"Avqustun 31-də münaqişənin başlanmasından bəri rekord göstəricilər qeydə aldıq. Tankerlər Hörmüz boğazından 17 milyon barreldən çox neft daşıyıblar. Əgər alternativ boru kəmərlərini də əlavə etsək, regionu tərk edən neftin həcmi münaqişədən əvvəlki dövrlə müqayisədə daha çox olub", - deyə o bildirib.
ABŞ-nin Hörmüz boğazında hərbi mövcudluğunu "lazımınca" davam etdirmək niyyətində olub-olmadığı barədə suala Rayt "Bəli" cavabını verib.
O qeyd edib ki, İran Hörmüz boğazına nəzarəti əsas prioritetlərindən birinə çevirib və neft tədarükündə "kiçik fasilələr" yaratmağa nail olur. Bununla belə, ABŞ Prezidenti Donald Trampın, ABŞ Hərbi Dəniz Qüvvələrinin və Vaşinqtonun xarici müttəfiqlərinin səyləri sayəsində neft İranın istəyindən asılı olmayaraq Fars körfəzini tərk edir.
ABŞ və İsrailin İrana qarşı əməliyyatına qədər Hörmüz boğazından gündəlik təxminən 20 milyon barrel neft keçirdi ki, bu da dünya üzrə ümumi neft tədarükünün beşdəbirini təşkil edirdi.
Avqustun sonunda ABŞ rəsmiləri "Axios" nəşrinə bildiriblər ki, Hörmüz boğazı vasitəsilə neft tədarükünün həcmi müharibədən əvvəlki səviyyənin yarısına qədər yüksəlib. Mənbələrin sözlərinə görə, hər gecə boğazın cənub kanalından orta hesabla 9-10 milyon barrel neft daşıyan 20-30 tanker keçir.
Avqustun 25-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) su yolunun tamamilə minalardan təmizləndiyini açıqlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Vaşinqtonun beynəlxalq suların minalardan təmizlənməsi ilə bağlı bəyanatlarından sonra da Hörmüz boğazında tankerlərin minalara düşməsi barədə dəfələrlə məlumat yayıb. CENTCOM SEPAH-ın bu məlumatlarını təkzib edərək Tehranı "dezinformasiya vasitəsilə regionda kommersiya daşımalarını qorxutmağa cəhd etməkdə" ittiham edib.