📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyevin Putin və Modi ilə görüşündə İKİ mühüm MESAJ

2026-09-01 20:23:21

İlham Əliyevin Putin və Modi ilə görüşündə İKİ mühüm MESAJ

"Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə sammiti ilə yanaşı təşkilat üzvlərinin və tərəfdaş dövlətlərin liderlərinin ikitərəfli görüşləri də diqqət çəkir. Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın Bişkəkdə ilk görüşü aralarında keçirməsi iki liderin sülh quruculuğuna verdiyi əhəmiyyətdən irəli gəlir".

Bu sözləri Musavat.com-a"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, görüşdən sonra yayımlanan bəyanatın da əhəmiyyəti böyükdür: "Həmin bəyanatda iki ölkə arasında münasibətlərin ancaq pozitiv tərəfləri vurğulanıb. Bəyanatda dialoqun davam etdirilməsi və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi vacibliyi göstərilib".

Elxan Şahinoğlu: Azərbaycan heç vaxt işğalla barışmayacaq -

Elxan Şahinoğlu vurğulayıb ki, İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla görüşü də mühüm əhəmiyyətə malikdir: "Çünki bölgədə müharibə atmosferi davam edir, elə Məsud Pezeşkian Bişkekə səfərə hazırlaraşkən, ABŞ İran ərazisinə zərbə endirib, İran isə buna cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinə zərbə endirməyə çalışıb. İki liderin Azərbaycan dilində müzakirə apardığı mövzular əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan prezidenti ölkəmizin bölgədə müharibənin əleyhinə olduğunu bir daha xatırladıb. Öz növbəsində İran Prezidenti Azərbaycanın dəstəyindən məmnun qaldığını söyləyib. Prezidentlər arasında sıx və səmimi dialoqla yanaşı İrandakı mühafizəkar qüvvələrin də Azərbaycan siyasətlərini korrektə etmələri vacibdir. Təəssüf ki, bu istiqamətdə dəyişən heç nə yoxdur".

Politoloq bildirib ki, İlham Əliyevin Bişkəkdə ilk gün ayaqüstü Rusiya Prezidenti Vladimir Putinlə görüşü də medianın diqqətini çəkib: "İranda olduğu kimi Rusiyada da şovinist qüvvələr anti-Azərbaycan siyasətlərini davam etdirirlər və Kremlin bunun qarşısını almaq üçün heç bir addım atmır. Əksinə, Azərbaycan siyasi dairələrində və cəmiyyətində belə bir rəy formalaşıb ki, Rusiyadakı anti-Azərbaycan qüvvələr Kremlin təlimatıyla hərəkət edirlər".

Elxan Şahinoğlu Bişkekdə Paşinyanın keçirdiyi müxtəlif görüşlərə də diqqət çəkib: "Paşinyan İlham Əliyevin ardınca İran Prezidenti və Hindistanın baş naziri Narendra Modi ilə görüşüb. Maraqlıdır ki, Paşinyan Modi ilə görüşdə müxtəlif mövzularla yanaşı TRIPP (“Tramp marşrutu”) layihəsinin icrasına da toxunub. Bu layihə Orta dəhlizin tərkib hissəsi olmaqla Çin və Mərkəzi Asiya məhsullarının Avropa bazarlarına nəqlini nəzərdə tutur. Eyni zamanda, Hindistan da Cənubi Qafqaz ölkələrinin nəqliyyat imkanlarından istifadə etməyi planlaşdırır".

Politoloq qeyd edib ki, sammitin ikinci günü İlham Əliyevin Narendra Modi ilə görüşüb fikir mübadiləsi aparması da diqqətdən yayınmayıb: "Hindistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı davam etdirməkdə, o cümlədən Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə etməkdə maraqlıdır. Turizmdə geriləmə olsa da, bu sahənin inkişafı əhəməiyyətli hesab edilir. Azərbaycan Prezidentinin avqustun 20-də turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləməsi də buna xidmət etməlidir”.