Hitleri qınamayanların qələbəsi - AfD Almaniyadakı ən kasıb əyalətdə seçkiləri necə qazandı?
İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ölkənin ən kasıb əyaləti olan və keçmiş ADR ərazisndə yerləşən Saksoniya-Anhaltda keçirilən seçkilərdə qalib gəlib.
Hurriyyet.media xəbər verir ki, dünən keçirilən seçkilərdə bu partiya səslərin təxminən 44%-ni toplayaraq əvvəlki nəticəsini ikiqat artırıb. Bu barədə Almaniya mediası seçki qurumunun nəticələrinə istinadla məlumat yayıb.
Lakin AfD, Saksoniya-Anhalt əyalət parlamentində mütləq çoxluğu əldə edə bilməyib. Bunun üçün ona üç yer çatmır. Buna baxmayaraq, ölkədə ilk dəfə olaraq Hitlerin nasist rejimini birmənalı şəkildə pisləməkdən imtina edən və Rusiya tərəfindən dəstəkləndiyi iddia edilən bir partiya seçkilərdə qalib gəldi.
AfD-nin yerli lideri Ulrix Ziqmund iddia edib ki, bu, hələ başlanğıcdır və partiya bütün Almaniyada qalib gələcək. Partiyanın həmsədri Alis Vaydel hökumət qurmaq məqsədi ilə potensial tərəfdaşlarla, o cümlədən hakim Xristian Demokrat İttifaqından (CDU) narazı parlament üzvləri ilə əlaqə saxlayacağını açıqlayıb. Əgər AfD kifayət qədər sayda parlament üzvünün dəstəyini qazanarsa, əyalət parlamentində mütləq çoxluqda olmasa belə, hakimiyyətə gələ bilər.
“ZDF”-ə verdiyi son müsahibədə Vaydel partiyanın hakimiyyətə gəldikdən sonra ölkəni avrozonadan çıxaracağını, sərhədləri bağlayacağını və 1,3 milyon suriyalının qovulması da daxil olmaqla, deportasiyaları artıracağını vəd etmişdi. Vaydel "Made in Germany"-nin uğurunun sirrinin Rusiyadan ucuz enerji alınması olduğunu" iddia etmişdi və buna görə də bu enerjini geri qaytarmağı planlaşdırır.
Bundan öncə əyalət hökumətinə rəhbərlik edən CDU seçkilərdə səslərin 17,5%-ni qazanıb, baxmayaraq ki, sorğular onun təxminən 21% səs alacağını proqnozlaşdırmışdı. Saksoniya-Anhaltın hazırkı baş naziri Sven Şulze partiyanın AfD ilə əməkdaşlıq etməyəcəyini bildirib.
Lakin ifrat sağçıların hakimiyyətə gəlməsinin qarşısını almaq üçün koalisiya yaratmaq da olduqca çətin olacaq. Sosial Demokratlar həmçinin yerli parlamentdə 9,2%, Yaşıllar 8,9% və antikapitalist Sol Partiyası 8,6% səs qazanıblar. Keçmiş Sol Partiya lideri Sahra Vagenknext tərəfindən qurulan ifrat solçu BSW də 5% həddini keçib.
Almaniyanın şərqində yerləşən Saksoniya-Anhalt, ölkədə adambaşına düşən ən aşağı ÜDM-ə və təxminən 2,1 milyon əhaliyə malik əyalətdir. “Politico” qeyd edir ki, AfD-nin oradakı uğuru partiyanın seçki kampaniyası vədlərindən - miqrantları qovmaq, məktəblərdən göy qurşağı bayraqlarını çıxarmaq, Rusiya ilə məktəb mübadilə proqramlarını bərpa etmək, məktəb tədris planında Almaniyanın nasist keçmişi haqqında tədrisi azaltmaqdan və s. daha çox yerli əhalinin mövcud siyasi hakimiyyətə qarşı etirazından qaynaqlanır. Sorğulara görə, Saksoniya-Anhaltda seçicilərin yalnız 9%-i Almaniya kansleri Fridrix Mertsin fəaliyyətini bəyənir.