📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hindistan Mərkəzi Asiyaya girir: Özbəkistan Modi üçün “lokomotiv”ə çevrilir

2026-08-31 15:39:04

Hindistan Mərkəzi Asiyaya girir: Özbəkistan Modi üçün “lokomotiv”ə çevrilir

Mərkəzi Asiyada geosiyasi və iqtisadi rəqabət getdikcə daha da kəskinləşir. Çin regionda mövqelərini genişləndirərkən Hindistan da bu prosesdən kənarda qalmaq niyyətində deyil. Yeni Dehli regionda təsir imkanlarını artırmaq üçün Özbəkistanı əsas strateji tərəfdaşlardan biri kimi önə çıxarır.

Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, Narendra Modinin Daşkəndə son səfəri də Hindistanın Mərkəzi Asiyaya yönəlmiş siyasətində Özbəkistan amilinin əhəmiyyətini bir daha ortaya qoyub:

"Azərbaycan Prezidenti İlham Əliyevdən sonra Özbəkistana Hindistanın baş naziri Narendra Modi səfər edib. Özbəkistan prezidenti Şavkat Mirziyoyev Narendra Modi ilə görüşdə Hindistanı ölkəsi üçün vacib və perspektivli strateji tərəfdaş kimi qiymətlənirib. Mirziyoyev Narendra Modiyə Özbəkistanın ali mükafatını təqdim edib. Şavkat Mirziyoyev Narendra Modi ilə əməkdaşlığın bütün istiqamətlərilə bağlı geniş fikir mübadiləsi aparıb. Liderlər hərtərəfli strateji tərəfdaşlığı gücləndirmək barədə, o cümlədən qarşılıqlı ticarəti 2030-cu ilə qədər 5 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Hazırda iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1 milyard dollar civarındadır. Deməli, iki ölkə yaxın 3-4 ildə müxtəlif ortaq layihələr reallaşdırmalıdır ki, ticarət mübadiləsini 5 dəfə artıra bilsinlər. Təsadüfi deyil ki, son bir neçə ildə müştərək müəssisələrin sayı yeddi dəfə artıb. Özbəkistanla Hindistan arasında təyyarə uçuşlarının sayının artması isə turizmin inkişafına təkan vermək məqsədi daşıyır. Ümumilikdə liderlər Daşkənddə əməkdaşlığın müxtəlif sahələrini əhatə edən xeyli sənəd imzalayıblar".

Elxan Şahinoğlu vurğulayıb ki, Özbəkistan Hindistanla siyasi əlaqələri inkişaf etdirməklə yanaşı, hökumətlərarası komissiyanın fəaliyyətini gücləndirməyə də qərar verib:

"Liderlər əməkdaşlığın perspektivli sahələri kimi enerji, elektrotexnika, metallurgiya, vacib minerallar, səhiyyə, əczaçılıq, kənd təsərrüfatı və zərgərlik sənayesinin inkişafını göstəriblər. Liderlər ümumi sözlərlər kifayətlənməyərək vurğuladıqları hər bir prioritet sahə üçün konkret icra mexanizmləri, məsul şəxslər və son tarixlər göstərilməklə hökumətlərinə ayrıca "yol xəritələri" hazırlamağı göstəriş veriblər. İki ölkənin lideri beynəlxalq və regional, o cümlədən BMT, Şanşay Əməkdaşlıq Təşkilatı, BRİCS təşkilatlar çərçivəsində koordinasiyanın vacibliyini də vurğulayıblar. Hindistanın baş nazirinin Özbəkistana səfəri xeyli müddətdir hazırlanırdı. Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov bu məqsədlə avqustun əvvəlində Hindistana 4 günlük səfər etmişdi. Hindistan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı dərinləşdirməyə qərar verib. Yeni Dehli bu mənada Mərkəzi Asiyada marağı olan rəqibi Çindən geri qalmaq istəmir. Öz nəvbəsində Özbəkistan Hindistanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırdır".

Politoloqun sözlərinə görə, hazırda Hindistan Özbəkistanın ən yaxşı 10 ticarət tərəfdaşı arasında yer alır:

"Hindistan əczaçılıq məhsulları, mühəndislik malları, nəqliyyat vasitələrinin komponentləri, optik avadanlıqlar, mobil telefonlar və dondurulmuş camış əti ixrac edir, eyni zamanda Özbəkistandan meyvə, tərəvəz, gübrə, şirə və sürtkü yağları idxal edir. Özbəkistan Hindistana Mərkəzi Asiyada möhkəmlənmək üçün lokomotiv rolunu oynamaq funksiyasını öz üzərinə götürüb".