Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-nin etibarlı tərəfdaşıdır.
Hurriyyet.media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "NewsMax"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-nin Prezidenti Donald Trampın Bakı və İrəvan arasında sülhə nail olmaq səyləri Cənubi Qafqazın strateji landşaftını dəyişib və Azərbaycan ilə ABŞ arasında münasibətlərdə yeni dövr açıb:
"Prezident Tramp və onun hakimiyyətə gəlişi ABŞ ilə Azərbaycan arasındakı əməkdaşlıq və tərəfdaşlığı tamamilə dəyişdi. Və ən əsası - sülhdür. O, Cənubi Qafqaz regionuna sülh gətirdi. Prezident Trampın liderliyi ona bu prosesdə öz siyasi çəkisindən istifadə etməyə və Ermənistanla Azərbaycanı sülhə gətirməyə imkan verdi".
Bununla yanaşı, H.Hacıyev Cənubi Qafqaz üçün mühüm bir tarixi - 2025-ci il avqustun 8-ni xatırladıb, o zaman Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan 30 ildən çox davam edən münaqişəyə son qoyulmasına yönəlmiş tarixi birgə bəyannamə imzaladılar.
O vurğulayıb ki, Donald Trampın şəxsi iştirakı onilliklər ərzində beynəlxalq diplomatiyanın nail ola bilmədiyi nəticəni əldə etməyə imkan verib.
H.Hacıyev Azərbaycan-ABŞ münasibətlərindən danışarkən, ABŞ-nin hazırkı administrasiyasının Azərbaycanla strateji tərəfdaşlıqda "yeni dövr"ün əsasını qoyduğuna diqqət çəkib:
"Prezident Donald Tramp və Prezident İlham Əliyev Birləşmiş Ştatlar ilə Azərbaycan arasında strateji tərəfdaşlıqda yeni dövr təklif ediblər və ölkələr arasında strateji tərəfdaşlığa dair yeni memorandumun hazırlanması barədə razılığa gəliblər".
O əlavə edib ki, vitse-prezident Cey Di Vens Azərbaycana səfər edərək strateji tərəfdaşlığa dair sənədi imzalayanda ABŞ "vədinə əməl edib":
"ABŞ və Azərbaycan arasında strateji dostluq, əməkdaşlıq və tərəfdaşlıq möhkəm əsasa malikdir və bunlar geosiyasi əhəmiyyətə malik olan regionda inkişaf etməyə davam edəcək. Azərbaycan Birləşmiş Ştatların etibarlı və etimada layiq tərəfdaşı olaraq qalır".