Həmin gəminin fəlakətdən bir gün əvvəlki görüntüləri ortaya çıxdı - Video
Şimali Kipr Türk Respublikasının Girnə limanından Mersinin Taşucu limanına hərəkət edərkən batan “FiloJet” adlı katamaran tipli sərnişin gəmisinin qəzadan bir gün əvvəl çəkilmiş görüntüləri ortaya çıxıb.
Hurriyyet.media xəbər verir ki, Aralıq dənizində yağışlı və fırtınalı havada çəkilən görüntülərdə gəminin nəhəng dalğaların arasında son dərəcə yüksək sürətlə hərəkət etdiyi, sərnişinlərin isə qorxu içində qışqırdığı anlar əks olunub.
Görüntülərin sərnişinlərdən birinin mobil telefonu ilə çəkildiyi bildirilir.
Videoda qapalı və sərt hava şəraitində hərəkət edən gəminin yüksək sürətlə dalğaları yararaq irəlilədiyi görünür. Sərnişinlərin qışqırıqları isə səfərin nə qədər təhlükəli olduğunu ortaya qoyur.
Qeyd edək ki, Gəmi Girnə Limanından çıxdıqdan qısa müddət sonra burnundan su almağa başlayıb. Ekipaj gəmini yenidən limana qaytarmağa çalışsa da, gəmi Girnə sahilləri yaxınlığında aşıb.
Qəza nəticəsində 8 nəfər həyatını itirib, 241 sərnişin xilas edilib. İtkin düşən 20 nəfərin axtarışı isə davam etdirilir.
Gəminin qalıqları dənizin təxminən 550 metr dərinliyində aşkarlanıb.
Hazırda itkin sərnişinlərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.