📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Hədəfləri azərbaycanlıların azərbaycanlılara, türklərin türklərə atəş açmasıdır” – Tofiq Zülfüqarov

2026-09-07 18:26:25

“Hədəfləri azərbaycanlıların azərbaycanlılara, türklərin türklərə atəş açmasıdır” – Tofiq Zülfüqarov

Son 2-3 həftə ərzində Azərbaycanın təhlükəsizliyi üçün son dərəcə aktual olan İran ətrafındakı münaqişə və ölkəmizlə bağlı geosiyasi proseslərdə müəyyən dinamika müşahid olunur.

Hurriyyet.media  xəbər verir ki, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı maraqlı təhlillə çıxış edib. Sabiq nazir bildirib ki, Qərb və İran mətbuatında yer alan çoxsaylı təxribatçı yazılarla yanaşı, təhlil üçün ən simvolik məqam İran Prezidenti Məsud Pezeşkiyan və ABŞ Vitse-prezidenti Cey Di Vensin son bəyanatlarıdır.

Keçmiş nazir İran dövlət başçısının mövqeyinə toxunaraq vurğulayıb ki, Pezeşkiyanın çıxışında müəyyən dairələrin planlarını neytrallaşdırmaq xətti aydın görünür:

“İran liderinin bəyanatında ya öz yanlış təsəvvürlərinin təsiri altında olan, ya da xarici sifarişçilərin maraqlarına xidmət edərək həm Azərbaycan, həm də Türkiyə ilə isti hərbi qarşıdurmaya nail olmaq istəyən İran elitasının müəyyən dairələrinə birmənalı cavab vermək cəhdi aydın şəkildə sezilir. İlk növbədə İran dövləti üçün ölümcül olan bu cəhd, ABŞ və bir sıra ərəb ölkələri ilə yanaşı, regionun iki aparıcı türk dövlətinin də İİR ilə qarşıdurmaya cəlb olunması üçün şərait yaratmağa yönəlib. Onların məqsədi sadədir - azərbaycanlıların azərbaycanlılara, türklərin isə türklərə atəş açmasına nail olmaq...”

Sabiq baş diplomat ABŞ Vitse-prezidenti Cey Di Vensin çıxışındakı ziddiyyətlərə də diqqət çəkib:

“Vensin bəyanatı da az sual doğurmur. Əgər onun iddia etdiyi kimi ərəb ölkələri, Türkiyə və Azərbaycan sənin müttəfiqindirsə, bu cür bəyanatlarla onlara zərər vurmağın mənası nədir? Buna görə də nəticə aydındır: bu cür bəyanatların məqsədi “anti-İran koalisiyası”nı möhkəmləndirmək deyil, hərbi qarşıdurmanın “qaynar kartofunu” müsəlman ölkələrinin “əlinə” atmaqdır”, - deyə T.Zülfüqarov qeyd edib.

Keçmiş nazir bildirib ki, baş verənlərin növbəti addımları da göz qabağındadır. Onun sözlərinə görə, məqsəd vəziyyəti 1980-ci illərin İran-İraq müharibəsi modelinə gətirib çıxarmaqdır - yəni hər iki sivilizasiyalı rəqibin bir-birini məhv etməsinə şərait yaratmaqdır.

Tofiq Zülfüqarov əlavə edib ki, müharibədən əvvəlki İran rejimi bu gün ciddi kadr və mahiyyət transformasiyası yaşayır və bu proses qaçılmaz idi:

“Lakin İranda məskunlaşan xalqlar heç vaxt nə türk, nə də ərəb sivilizasiyasının düşməni olmayıblar. Hesab edirəm ki, regionu gözləyən gələcək turblensli proseslərdə məhz bu təməl əsas üstünlük təşkil edəcək”, - deyə keçmiş xarici işlər naziri vurğulayıb.