📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub - Fotolar

2026-09-11 20:52:52

FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub - Fotolar

9-11 sentyabr 2026-cı il tarixlərində Qəbələ rayonunun meşə zolağında FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionat keçirilib.

Hurriyyet.media  xəbər verir ki, çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 10 komandadan 30 əməkdaş öz qüvvəsini sınayaraq əzmkar mübarizə aparıblar.

Yarışın son günündə komanda və şəxsi (kişilər və qadınlar) hesab üzrə qaliblər müəyyən olunub.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib.

Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Nazirliyin müxtəlif idman növləri üzrə əməkdaşlarının respublika və beynəlxalq turnirlərdə qazandığı nailiyyətlərdən bəhs edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Yarışda komanda hesabında 1-ci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin, 2-ci yeri Mülki müdafiə qoşunlarının, 3-cü yeri isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası tutub.

Bundan əlavə, qadınlar arasında şəxsi yarışlarda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva qızıl medalın sahibi olub.

Kişilər arasında şəxsi yarışlarda isə 1-ci yeri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Vüqar Babayev tutub.

Yarışın keçirilməsində göstərdiyi əməli köməkliyə görə FHN-in Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsinin komandiri polkovnik Bəhruz Abışov, Nazirliyin Tibb xidmətinin əməkdaşları və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komitəsi fəxri fərmanlarla təltif olunublar.

Qaliblərə kubok, diplom və medallar təqdim olunub.