Fəlakəti fəlakətlə önlədilər - 2 ildə hər şey tamamilə dəyişdi
Çilidə ekoloji böhrana səbəb olan işğalçı siçanlarla mübarizə üçün qeyri-adi əməliyyat keçirilib. Adanın müxtəlif ərazilərinə helikopterlərlə tonlarla zəhərli yem səpilib. İki il davam edən müşahidələrdən sonra siçanların tamamilə məhv edildiyi və ekosistemin bərpa olunmağa başladığı açıqlanıb.
Hurriyyet.media xəbər verir ki, Çili sahillərində yerləşən Isla Pájaro Uno adasında gəmi vasitəsilə əraziyə yayılan işğalçı siçanlar uzun müddət yerli canlılar üçün ciddi təhlükə yaradıb. Təbii düşməni olmayan gəmiricilər xüsusilə dəniz quşlarının yumurtalarına və balalarına zərər vuraraq adanın ekoloji tarazlığını pozub.
Çili Ətraf Mühit Nazirliyi və Island Conservation təşkilatının birgə həyata keçirdiyi əməliyyat zamanı təxminən 70 hektarlıq ada ərazisi nəzarətə götürülüb.
Helikopterlər GPS vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş marşrutlar üzrə hərəkət edərək adanın əlçatmaz və qayalı hissələrinə tonlarla zəhərli yem səpib. Bununla yanaşı, yerüstü qruplar da qayalıqları və çatları yoxlayaraq siçanların gizlənə biləcəyi yerləri xüsusi vasitələrlə işləyib.
Əsas əməliyyatdan sonra mütəxəssislər iki il ərzində adada mütəmadi monitorinq aparıblar. Müşahidələrin nəticəsində işğalçı siçan populyasiyasının tamamilə aradan qaldırıldığı müəyyən edilib.
Gəmiricilərin yoxa çıxması ilə adanın ekosistemində də nəzərəçarpacaq dəyişiklik baş verib. Siçanların təzyiqindən xilas olan bəzi dəniz quşları adaya geri qayıdıb və burada yenidən uğurla çoxalmağa başlayıb.
Mütəxəssislər bu nəticəni adanın təbii həyatının bərpası istiqamətində mühüm addım kimi qiymətləndirirlər.