📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Eyfel qülləsi bağlandı - İşçilər tətil elan etdilər

2026-09-08 13:44:25

Eyfel qülləsi bağlandı - İşçilər tətil elan etdilər

Parisdə yerləşən Eyfel qülləsinin əməkdaşları hindu qrupunun özəl səfəri zamanı qadın işçilərin kişilərlə əvəzlənməsi tələbinə etiraz olaraq tətil elan ediblər.

Modern.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.

Aksiya səbəbindən Eyfel qülləsi sentyabrın 7-də ziyarətçilər üçün bağlanıb.

Fransanın CGT həmkarlar ittifaqı bildirib ki, əməkdaşlar qadınların cinsinə görə işdən uzaqlaşdırılması, başqa vəzifələrə keçirilməsi və diskriminasiyaya məruz qalmasına səbəb olan tələbləri pisləyiblər.

“Bəzi qadın əməkdaşlardan iş yerlərini tərk edərək başqa şöbəyə keçmələri istənilib. Bəzi bölmələrdə isə onlar kişilərlə əvəzlənib. Bundan əlavə, bütün qadın əməkdaşlara nümayəndə heyətinin səfəri zamanı müəyyən şöbələrdən keçməmələri tapşırılıb”, – həmkarlar ittifaqının açıqlamasında qeyd olunub.

Eyfel qülləsini idarə edən SETE şirkəti bildirib ki, nümayəndə heyəti səfər zamanı “qonaqların qadınlarla qarşılıqlı əlaqəsini məhdudlaşdırmaq” istəyib. Şirkət bu şərtlərin qəbul edilməməli olduğunu da etiraf edib.

SETE-dən bildirilib ki, baş verənlər şirkətin dəyərlərinə və qadınlarla kişilər arasında bərabərlik prinsiplərinə uyğun deyil. Şirkət hadisənin bütün təfərrüatlarının araşdırılacağını və nəticələrinin müəyyənləşdiriləcəyini açıqlayıb.

Paris meri Emmanuel Qrequar da X sosial şəbəkəsində tətilə dəstəyini ifadə edib. O, qadın əməkdaşların kənarlaşdırılmasını “qəbuledilməz” adlandırıb.

Fransanın gender bərabərliyi məsələləri üzrə naziri Avrora Berje isə hadisəyə sərt reaksiya verib. O bildirib ki, Fransada qadınlardan “özlərini silmələri, görünməz olmaları” tələb edilə bilməz və heç bir dini ehkama Fransa qanunlarından üstün mövqe verilə bilməz.

Qeyd edək ki, hər il təxminən 7 milyon insanın ziyarət etdiyi Eyfel qülləsi sentyabrın 7-də bütün gün ərzində bağlı qalıb. Qüllə administrasiyasının nümayəndəsi onun sentyabrın 8-də fəaliyyətini adi rejimdə bərpa edəcəyini bildirib.