Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir... - VİDEO
Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb.
Hurriyyet.media Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağa çağırıb.
Uzun bildirib ki, hazırda aktyorun ölüm səbəbi məlum deyil və fərziyyələrin gerçək kimi təqdim edilməsi etik baxımdan yolverilməzdir:
“İnformasiya çirkliliyi yaratmamaq və mərhumun xatirəsinə hörmətsizlik etməmək lazımdır”.
Şoray Uzun Serhat Kılıçın vəfatından dərin kədər hissi keçirdiyini bildirib. O, mərhum aktyoru belə xarakterizə edib:
“Çox istedadlı, çoxşaxəli və çox yaxşı bir aktyoru, çox yaxşı bir insanı, dostumuzu itirdik. Sözün bitdiyi yerdəyik”.
Uzun Serhat Kılıçla təxminən iki ildir görüşmədiyini də qeyd edib. O, bu hadisənin həyatın nə qədər qısa və ölümün nə qədər qəfil olduğunu bir daha xatırlatdığını vurğulayaraq insanlara duyğusal çağırış edib:
“Həmişə belə olur: “Sabah görüşərik, zəng edərəm” deyirsiniz. Halbuki həyat həqiqətən qısadır, ölüm çox qəfildir. Sevdiyiniz kim varsa, təxirə salmadan zəng edin, görüşün”.
Xatırladaq ki, aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonunda yerləşən evində ölü tapılıb. Cümə axşamından etibarən Kılıçdan xəbər ala bilməyən sevgilisi Özlem Esmergül onun evinə gedib. Qapını döysə də, cavab ala bilməyən Esmergül yanında olan açarla mənzilə daxil olub və Kılıçı qonaq otağındakı kresloda hərəkətsiz vəziyyətdə görüb. Onun nəfəs almadığını və bədəninin soyuq olduğunu müəyyən edən Özlem Esmergül təcili yardım xidmətinə zəng edib. Hadisə yerinə polis və tibbi yardım briqadaları göndərilib. Tibbi heyətin apardığı ilkin müayinə zamanı Serhat Kılıçın vəfat etdiyi müəyyənləşdirilib.
Aktyorun ölümünün dəqiq səbəbi ekspertizanın nəticəsindən sonra məlum olacaq.
Qeyd edək ki, Serhat Kılıçın Ankarada dəfn ediləcəyi gözlənilir.