📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Etirazları dəstəklədi, 12 il həbsə məhkum edildi - Bütün var-dövləti əlindən alındı

2026-09-04 11:29:01

Etirazları dəstəklədi, 12 il həbsə məhkum edildi - Bütün var-dövləti əlindən alındı

İranda “Seyidina” kafe şəbəkəsinin rəhbəri Sadıq Seyidina yanvar ayında keçirilən etirazları dəstəklədiyinə görə 12 ildən çox müddətə azadlıqdan məhrum edilib. Məhkəmə onun bütün aktivlərinin dövlət tərəfindən müsadirə olunmasına qərar verib.

Hurriyyet.Media  “Euronews”a istinadən xəbər verir ki, Seyidina “milli təhlükəsizliyə qarşı media və təbliğat fəaliyyəti aparmaq”, “sistemə qarşı təbliğat aparmaq” və “düşmən qruplar adından fəaliyyət göstərmək” ittihamları ilə məhkum edilib.

İttihamlar onun etirazlarla bağlı instaqram paylaşımları, tətil çağırışlarını dəstəkləməsi, şirkətə məxsus kafe və mağazaların bağlanması və işçiləri nümayişlərdə iştirak etməyə təşviq etməsi ilə əlaqələndirilir.

Seyidinaya həbsdən azad edildikdən sonra iki il ərzində kafe sektorunda işləmək də qadağan edilib.

İran məhkəmə orqanları Seyidinanın “Seyidina” qida qrupunun qurucusu, iş adamı Məhəmməd Seyidinanın oğlu olduğunu açıqlayıb. Onun Qum şəhərindəki etirazların “təhrikçilərindən” biri olduğu və dövlət, eləcə də, özəl mülklərə ziyan vurulması ilə əlaqəsinin olduğu bildirilir.

Lakin Seyidinanın fəaliyyətini konkret fiziki ziyanla birbaşa əlaqələndirən müstəqil və ictimaiyyətə açıq dəlilin olmadığı qeyd edilir.

İş bəzi şəxslər tərəfindən ailəni hədəf alan daha geniş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilir. Seyidinanın məhkum edilməsindən əvvəl atası Məhəmməd Seyidinanın özü də məhkəmə prosesi ilə üzləşib. Onun kafe və restoranları bağlanıb, bəzi filialları isə möhürlənib.

“Fars” Məhəmməd Seyidinanın aktivlərinin dəyərinin etirazlar zamanı Tehranda dəymiş maliyyə zərərinə təxminən bərabər olduğunu iddia edib.

Məhəmməd Seyidina daha sonra yazdığı məktubda bizneslərinin bağlanmasını “səhv” adlandırıb, ictimaiyyətdən üzr istəyib və Ayətullaha sədaqətini ifadə edib. Lakin sosial media istifadəçilərinin bir qismi məktubun təzyiq altında yazıldığını iddia edib.