“Əsas hədəf narkotik şəbəkələri, tədarükçülər və satış kanalları olmalıdır” – TANINMIŞ VƏKİL
Elçin Əhmədov: “İnsan narkotiklə ittiham olunanda bəzən onun müdafiə hüququna ikinci dərəcəli məsələ kimi baxılır”
“Cəza yalnız təcrid etməməlidir, həm də şəxsin cəmiyyətə qayıtmasına xidmət etməlidir”
“Narkotik istifadəçisi ilə narkotik satıcısını eyni yanaşma ilə qiymətləndirmək doğru deyil”
“Əgər sistem daha çox istifadəçiləri cinayət təqibinə cəlb edirsə, bu, narkotik bazarını dağıtmaqdan çox, asılılığı olan şəxsləri cəza sistemi ilə üz-üzə qoyur”
Narkotiklə bağlı cinayətlərdə “qanunsuz saxlama”nın sayı “qanunsuz satış”ın sayını üstələyir. Bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatına əsasən demək olur. Belə ki, qurumun yanvar-may ayı üzrə hesabatında qanusuz narkotik satışıyla bağlı say 890, qanunsuz saxlamanın sayı isə 2841 olub.
Eyni zamanda, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin əvvəllər məhkumluq yaşamış şəxslər tərəfindən törədilməsi də aktual məsələlərdən biridir. Bu statistik göstəricilərin artmasına rəğmən, bəzən narkotiklə bağlı cinayət törədən şəxslərin bəraət alaraq azadlığa çıxması faktları da baş verir ki, bu da məsələyə həssas və diqqətli yanaşmanın zəruri olduğunu ortaya qoyur. Bu və digər məsələlərlə bağlı tanınmış vəkil Elçin Əhmədovun mövqeyini öyrəndik.
“Əsas məsələ narkotik vasitənin aşkar olunması faktının özü deyil...”
- Elçin bəy, “İnstagram” səhifənizdə 7 aylıq mübarizədən sonra Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən vətəndaşı bəraətverici əsaslarla həbsdən azad etdiyinizi paylaşmışınız. Ümumiyyətlə, bu qəbildən cinayətlərdə hansı amillər bəraətverici əsaslar kimi çıxış edə bilir?
- Bu qəbildən işlərdə əsas məsələ narkotik vasitənin aşkar olunması faktının özü deyil, həmin faktın konkret şəxsə aidiyyətinin və ittihamda göstərilən məqsədin qanuni sübutlarla təsdiq olunmasıdır. Xüsusilə CM-nin 234-cü maddəsi üzrə “satış məqsədi” çox ciddi hüquqi əhəmiyyət daşıyır. Çünki şəxsin üzərində və ya hansısa yerdə narkotik vasitənin tapılması avtomatik olaraq satış məqsədinin mövcudluğu demək deyil.
Bəraətverici əsas kimi bir neçə mühüm hal çıxış edə bilər. Məsələn, narkotik vasitənin şəxsə məxsus olmasının sübut edilməməsi, əməliyyat-axtarış tədbirinin və ya şəxsi axtarışın qanuniliyi ilə bağlı ciddi pozuntular, hal şahidlərinin ifadələri ilə protokollar arasında ziddiyyətlər, videogörüntülərin olmaması və ya görüntülərin protokolla uyğun gəlməməsi, ekspertiza rəyində maddənin növü və miqdarı ilə bağlı şübhələr, narkotik vasitənin aşkarlandığı yerə şəxsin real nəzarət imkanının olmaması, telefon danışıqları, pul dövriyyəsi, alıcı-satıcı əlaqəsi, tərəzi, qablaşdırma vasitələri kimi satışa dəlalət edən əlavə sübutların olmaması.
Ali Məhkəmənin mövqeyinə görə də bu işlərdə satış məqsədinin müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır; digər şəxsin xahişi ilə və ya birgə istifadə üçün narkotik vasitənin alınması halında şəxsin satıcı ilə əvvəlcədən razılığının, mənfəət əldə edib-etmədiyinin araşdırılması zəruridir. Belə razılıq və mənfəət təsdiq edilmirsə, əməl satış kimi deyil, satış məqsədi olmadan əldə etmə kimi qiymətləndirilə bilər.
Ona görə də müdafiə baxımından əsas sual budur: ittiham yalnız ehtimala əsaslanır, yoxsa hər bir element konkret, mötəbər və qanuni sübutlarla təsdiq olunur? Əgər bu zəncirdə ciddi qırılma varsa, həmin hallar bəraət və ya ən azı ittihamın daha yüngül maddəyə tövsifi üçün əsas ola bilər.
“İnsan “narkotik” sözü ilə ittiham olunanda buna ikinci dərəcəli məsələ kimi baxılır”
- Təcrübənizdə insanın günahsız yerə, yaxud yetərli sübutlar olmadığı halda narkotik ittihamı ilə həbs olunması halları ilə rastlaşmısınızmı? Ümumiyyətlə, belə cinayətlərdə ittiham olunanın, yaxud həbs olunanın günahsız yerə həbsxanaya düşdüyü halları olurmu?
- Bəli, belə hallarla rastlaşmışam. Burada iki vəziyyəti fərqləndirmək lazımdır. Birincisi, insan tamamilə hadisəyə aidiyyəti olmadığı halda ittiham oluna bilər. İkincisi isə şəxs hansısa formada narkotik vasitə ilə bağlı ola bilər, lakin ona verilən ittiham faktiki vəziyyətdən qat-qat ağır ola bilər. Məsələn, şəxs istifadəçidir, amma ona satış məqsədi ilə külli miqdarda narkotik dövriyyəsi ittihamı verilir.
Narkotik işlərində ən təhlükəli məqam ondan ibarətdir ki, cəmiyyətdə bu ittihama qarşı əvvəlcədən mənfi münasibət var. İnsan “narkotik” sözü ilə ittiham olunanda bəzən onun müdafiə hüququna da sanki ikinci dərəcəli məsələ kimi baxılır. Halbuki hüququn əsas prinsipi dəyişmir: ittiham sübut olunmalıdır. Şəxs öz günahsızlığını sübut etməyə məcbur deyil, ittiham tərəfi şəxsin təqsirini qanuni, mötəbər və kifayət qədər sübutlarla təsdiq etməlidir.
Praktikada bəzən ittiham narkotik vasitənin real mənsubiyyətinə yox, formal protokola söykənir. Halbuki protokolun özü də yoxlanılmalıdır: kim tərtib edib, nə vaxt tərtib edib, hal şahidləri real iştirak edibmi, videoçəkiliş varmı, aşkar edilən maddə haradan götürülüb, qablaşdırma necə aparılıb, ekspertizaya təqdim edilən maddə ilə hadisə yerində götürülən maddə eynidirmi və sair. Bu suallar cavabsız qalırsa, “yetərli sübut”dan danışmaq çətinləşir.
“Ən birinci addım susmaq hüququndan və vəkil hüququndan düzgün istifadə etməkdir”
- Belə hallara qarşı cinayətlə ittiham olunan şəxs panikaya düşmədən hüquqi olaraq özünü necə qorumalıdır? Onun ilk addımı nə olmalıdır, bir vəkil kimi məsləhətiniz nə olardı?
- Ən birinci addım susmaq hüququndan və vəkil hüququndan düzgün istifadə etməkdir. İnsan panika vəziyyətində izahat verəndə sonradan özünə qarşı istifadə edilə biləcək cümlələr işlədə bilər. Ona görə də mənim əsas tövsiyəm budur: vəkil gəlmədən heç bir sənədə imza atmasın, heç bir izahat verməsin, heç bir “formal prosedurdur, imzala” yanaşmasına inanmasın.
İkinci mühüm məsələ budur ki, şəxs saxlanıldığı andan etibarən hüquqlarının pozulmasını mümkün qədər dəqiq yadda saxlamalıdır: harada saxlanılıb, saat neçədə saxlanılıb, üzərində axtarış nə vaxt aparılıb, videoçəkiliş olubmu, hal şahidləri orada real iştirak edibmi, ona zorakılıq və ya təzyiq göstərilibmi, ailəsinə və vəkilinə məlumat verilibmi.
Üçüncü məsələ tibbi müayinədir. Əgər şəxsə fiziki təzyiq göstərilibsə, bu dərhal sənədləşdirilməlidir. Çünki sonradan “mənə təzyiq olub” demək kifayət etmir; bunun tibbi, prosessual və şahidlik əsasları yaradılmalıdır.
Ən əsası, şəxs özünü müdafiəsiz hiss etməməlidir. Narkotik ittihamı ağır ittihamdır, amma bu o demək deyil ki, sizə verilmiş ittiham həqiqətdir. Hər bir sübut yoxlanılmalıdır və müdafiə tərəfinin işi də məhz həmin yoxlamanı qanuni formada aparmaqdır.
“Vəkilin işi cinayəti müdafiə etmək deyil, insanın müdafiə hüququnu təmin etməkdir”
- Praktikanızda həqiqətən narkotik satışı, böyük partiyalarla məşğul olan şəxsi müdafiə etdiyiniz cinayət işi olubmu? Belə olan halda vəkil mənəvi narahatlıq hissi yaşayırmı, yoxsa əsas olan iş, yəni müvəkkilini müdafiə etməkdir?
- Vəkil kimi konkret müvəkkillər və işlər barədə detallı danışmağım düzgün olmaz, çünki vəkil sirri deyilən anlayış var. Amma ümumi prinsip kimi deyə bilərəm ki, vəkilin müdafiə etdiyi şəxsə qarşı ictimai münasibətin necə olmasından asılı olmayaraq, onun hüquqları qorunmalıdır.
Vəkilin işi cinayəti müdafiə etmək deyil, insanın müdafiə hüququnu təmin etməkdir. Bu çox vacib fərqdir. Vəkil narkotik satışını, zorakılığı və ya başqa bir cinayəti mənəvi baxımdan qəbul etməyə məcbur deyil. Amma vəkil tələb etməlidir ki, ittiham qanuni sübutlarla təsdiq olunsun, ona özünü müdafiə etmək imkanı yaradılsın, cəza fərdiləşdirilsin və qanundan ağır münasibət göstərilməsin.
Hüquqi dövlətin mahiyyəti də budur. Ən ağır ittihamla üzləşən insanın belə müdafiə hüququ varsa, deməli sistem işləyir. Əks halda bu gün “pis adam” hesab edilən şəxsin hüququ pozular, sabah isə günahsız bir şəxsin hüququ eyni qaydada pozula bilər.
- Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyasının yanvar-may ayı üzrə hesabatında qanunsuz narkotik satışı ilə bağlı say 890, qanunsuz saxlamanın sayı isə 2841 olub. Qanunsuz saxlamanın sayı satışın sayını çox üstələyir. Necə düşünürsünüz, bu iki say arasında belə böyük fərq nəyin göstəricisidir?
- Bu fərq bir neçə məsələnin göstəricisi ola bilər. Əvvəla, satış faktını sübut etmək saxlamanı sübut etməkdən daha çətindir. Saxlama üzrə əsas fakt narkotik vasitənin şəxsin üzərində, evində, avtomobilində və ya nəzarət etdiyi başqa yerdə aşkar olunmasıdır. Satış üzrə isə bundan əlavə məqsəd sübut olunmalıdır: alıcı kimdir, satış razılaşması varmı, pul hərəkəti varmı, telefon yazışmaları varmı, qablaşdırma, tərəzi, bölgü, daimi dövriyyə əlamətləri varmı?
Rəsmi hesabatda 2026-cı ilin yanvar-may ayları üzrə 3766 cinayət faktından 890-nın qanunsuz satış, 2841-nin isə satış məqsədi olmadan əldə edilib saxlanılması ilə bağlı olduğu göstərilir. 2025-ci il üzrə Dövlət Statistika Komitəsinin məlumatında da narkotik cinayətlərinin 63,5 faizinin satış məqsədi olmadan əldə etmə və saxlama, 33,3 faizinin isə satış məqsədilə edilən əməllərlə bağlı olduğu qeyd olunub.
Bu, həm də onu göstərir ki, narkotik siyasətində istifadəçi ilə satıcı arasında fərqləndirmə çox həssas məsələdir. Əgər sistem daha çox istifadəçiləri cinayət təqibinə cəlb edirsə, bu, narkotik bazarını dağıtmaqdan çox, asılılığı olan şəxsləri cəza sistemi ilə üz-üzə qoyur. Əsas hədəf narkotik şəbəkələri, tədarükçülər və satış kanalları olmalıdır. Sadə istifadəçi isə bir çox hallarda daha çox tibbi və sosial müdaxilə tələb edən şəxsdir.
“İstifadəçi ilə satıcı eyni hüquqi kateqoriyaya salınmamalıdır”
- Qanunvericilikdə “şəxsi istehlak” ilə “satış məqsədi” arasındakı hüquqi sərhəd kifayət qədər ədalətlidirmi? Burada daha çox dəqiqləşdirməyə ehtiyac varmı?
- Qanunvericilikdə müəyyən sərhədlər var: maddənin növü, miqdarı, şəxsi istehlak həddi, xeyli, külli və xüsusilə külli miqdar anlayışları nəzərə alınır. Məsələn, qanunvericilikdə narkotik vasitələr və psixotrop maddələr üzrə ayrı-ayrı miqdar hədləri göstərilir; marixuana və metamfetamin üçün hədlər fərqlidir.
Amma praktikada problem ondan ibarətdir ki, bəzən “miqdar çoxdur” yanaşması avtomatik olaraq “satış məqsədi var” nəticəsinə gətirilir. Məncə, bu düzgün deyil. Satış məqsədi ayrıca sübut olunmalıdır. Maddənin miqdarı mühüm göstərici ola bilər, amma yeganə sübut ola bilməz.
Burada daha çox dəqiqləşdirməyə ehtiyac var. Məsələn, satış məqsədinin müəyyən edilməsində hansı hallar əsas götürülməlidir: qablaşdırma forması, elektron yazışmalar, alıcı ilə əlaqə, pul köçürmələri, tərəzi, daimi satış davranışı, əməliyyat məlumatlarının mənbəyi və sair. Bunlar daha dəqiq tətbiq edilməlidir ki, istifadəçi ilə satıcı eyni hüquqi kateqoriyaya salınmasın.
- Son illər dünyada və Azərbaycanda da “patı”, ”şüşə”adlandırılan metamfetamin istifadəsində kəskin artım var. Məsələn, 2025-ci ilin statistikasında müsadirə olunan narkotikdən 162,7 kiloqramı psixotrop maddələr olub ki, onun da 162,6 kiloqramı metamfetamin olub. Bu maddə ilə bağlı işlərin hüquqi tərəfi digər narkotiklərdən nə ilə fərqlənir? Ümumiyyətlə, cinayət işlərində marixuana ilə sintetik maddə arasında fərqlər qoyulurmu?
- Hüquqi baxımdan fərq ilk növbədə maddənin növündə və qanunvericilikdə həmin maddə üçün müəyyən edilmiş miqdar hədlərindədir. Marixuana narkotik vasitə, metamfetamin isə psixotrop maddə kimi qiymətləndirilir. Onların xeyli, külli və xüsusilə külli miqdar hədləri eyni deyil. Məsələn, qanunvericilikdə qurudulmuş marixuana üçün xeyli miqdar 5 qramdan, külli miqdar 500 qramdan, xüsusilə külli miqdar 50 000 qramdan başlayır; metamfetamin üçün isə xeyli miqdar 0,15 qram, külli miqdar 2 qram, xüsusilə külli miqdar 400 qram kimi göstərilir.
Bu o deməkdir ki, metamfetamin işlərində çox kiçik görünən miqdar belə hüquqi baxımdan ağır nəticələrə səbəb ola bilər. Ona görə, bu işlərdə ekspertiza rəyinin keyfiyyəti, maddənin təmiz çəkisi, qablaşdırma ilə maddənin öz çəkisinin ayrılması, götürülmə və saxlanma zənciri xüsusilə diqqətlə yoxlanılmalıdır.
Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə məlumatında psixotrop maddələrin 162,7 kiloqram, onun da 162,6 kiloqramının metamfetamin olduğu göstərilib. Bu rəqəm metamfetaminin artıq ayrıca ciddi sosial və hüquqi problemə çevrildiyini göstərir.
Amma hüquqi prinsip yenə eynidir: maddənin adı nə olursa-olsun, ittiham sübut olunmalıdır. Marixuana, heroin, metamfetamin və ya başqa maddə olması müdafiə hüququnu aradan qaldırmır.
“Əgər şəxs asılıdırsa, onun həbsdə olması avtomatik olaraq sağalması demək deyil”
- Hesabatda bu ilin yanvar ayında əvvəl məhkum olunmuş şəxslər tərəfindən narkotiklə bağlı törədilən cinayət faktının sayı 100 olmaqla, yanvar-may ayında 1132 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 887 kq 290,9 qr müxtəlif növ narkotik vasitə müsadirə edilmişdir. Sizcə, həbsə düşəndən sonra təkrar məhkumlar yenə narkotiklə bağlı cinayətə niyə qayıdırlar?
- Bu məsələni yalnız “insan islah olunmalıdır” kimi izah etmək çox sadə yanaşma olar. Təkrar narkotik cinayətlərinin arxasında bir neçə səbəb olur: asılılığın müalicə olunmaması, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra işsizlik, sosial mühitə yenidən uyğunlaşa bilməmək, borc və maddi asılılıq, əvvəlki çevrənin təsiri, kriminal əlaqələrin qırılmaması.
Əgər şəxs asılıdırsa, onun həbsdə olması avtomatik olaraq sağalması demək deyil. Asılılıq tibbi və psixoloji müdaxilə tələb edən problemdir. İnsan cəza çəkir, azadlığa çıxır, amma nə işi var, nə müalicəsi davam edir, nə ailə və sosial dəstək sistemi qurulub. Belə vəziyyətdə o, əvvəlki mühitə qayıdır və cinayət riski də artır.
Burada əsas məsələ cəzanın məqsədidir. Cəza yalnız təcrid etməməlidir, həm də şəxsin cəmiyyətə qayıtmasına xidmət etməlidir. Əgər cəza sistemi bu funksiyanı yerinə yetirmirsə, təkrar cinayət riski qaçılmaz olaraq qalır.
“Həbsxana asılılıqdan qurtulmaq üçün ideal mühit deyil”
- Narkotik istifadəçisini həbsxanaya göndərmək onu cəmiyyətə qaytarır, yoxsa daha da cinayətkarlaşıb geri dönür? Həbsxanalardakı mühit asılılıqdan qurtulmağa kömək edirmi?
- Məncə, sadə istifadəçini həbsxanaya göndərmək əksər hallarda problemi həll etmir. Əksinə, bəzən onu daha ağır sosial vəziyyətə salır. İnsan məhkumluq alır, iş tapmaq imkanı azalır, ailə münasibətləri pozulur, sosial damğa yaranır. Əgər o şəxs asılıdırsa və real müalicə almırsa, həbsdən sonra yenidən eyni problemə qayıtması mümkündür.
Narkotik istifadəçisi ilə narkotik satıcısını eyni yanaşma ilə qiymətləndirmək doğru deyil. Satıcı cəmiyyət üçün bir təhlükə mənbəyidir, çünki o, başqalarının asılılığı üzərindən qazanc əldə edir. İstifadəçi isə bir çox hallarda özü artıq problemin qurbanıdır. Onunla bağlı yanaşmada müalicə, reabilitasiya, psixoloji dəstək və sosial adaptasiya daha ön planda olmalıdır.
Həbsxana asılılıqdan qurtulmaq üçün ideal mühit deyil. Əgər sistemli müalicə, psixoloq, narkoloq, reabilitasiya və azadlığa çıxdıqdan sonra müşayiət mexanizmi yoxdursa, təkcə həbs şəxsi cəmiyyətə qaytarmır. Sadəcə, onu müəyyən müddətə cəmiyyətdən uzaqlaşdırır.
- Qanun qarşısında narkotik satıcıları — mübarizənin əsas hədəfi — ilə sadə xəstələr, yəni asılı şəxslər tam fərqləndirilirmi, yoxsa statistikaya görə daha çox istifadəçilər həbs olunur?
- Qanun nəzəri olaraq bu fərqi tanıyır: satış məqsədi ilə edilən əməllər ayrıca, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq əldə etmə və saxlama ayrıca qiymətləndirilir. Amma praktikanın əsas problemi bu fərqin hər zaman kifayət qədər dəqiq tətbiq olunmamasıdır.
Rəqəmlər göstərir ki, satış məqsədi olmadan əldə etmə və saxlama faktları satışla bağlı faktlardan daha çoxdur. 2026-cı ilin yanvar-may aylarında 890 satış faktı, 2841 satış məqsədi olmadan əldə etmə və saxlama faktı qeydə alınıb. 2025-ci ildə də narkotik cinayətlərinin 63,5 faizi satış məqsədi olmadan əldə etmə və saxlama ilə bağlı olub.
Bu, o demək deyil ki, həmin şəxslərin hamısı avtomatik “xəstədir” və ya hamısı günahsızdır. Amma bu rəqəmlər onu göstərir ki, narkotiklə mübarizədə istifadəçi kateqoriyası çox böyük yer tutur.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az