Ermənilərin anti-Azərbaycan fəaliyyəti artıb
2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” imzalandıqdan sonra Rəsmi İravanın bəyanat, çıxış və rəsmi sənədlərində anti-Azərbaycan xaraktrli müddəalar olmasa da (burda da istisnalar mövcuddu) Ermənistanın bütün qalan strukturları, o cümlədən siyasi partiyalar (hakim partiya istisna olmaqla), qeyri-hökumət təşkilatları, media orqanları, Ermənistandan kənarda erməni lobbi təşkilatları, lobbinin təsiri altıda olan çoxsaylı qurumlar, o cümlədən beynəlxalq QHT-lərin anti-Azərbaycan fəaliyyəti ən azı iki dəfə artıb.

Musavat.com xəbər verir ki, bu barədə siyasi şərhçi, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.
O, qeyd edib ki, hazırda Ermənistan hökumətinin yardım ayırdığı QHT-lər, hüquq şirkətləri Avropa İnsan Hüquqları Məhkəməsinə kütləvi şəkildə şikayətlər hazırlayıb göndərir, QHT-lər BMT-nin müqavilə orqanlarına Azərbaycanla bağlı saxta və böhtan dolu alternativ hesabatlar təqdim edir: “Ölkədə və xarici ölkələrdə olan QHT-lər BMT-nin İnsan Hüquqları Şurasının Xüsusi prosedurlarına-xüsusi məruzəçilərə və işçi qruplara hesabatlar, məlumatlar təqdim edir”.
Hüquq müdafiəçisinin gündəmə gətirdiyi məsələ ortaya suallar çıxarır. Ermənistan hakimiyyəti, Nikol Paşinyan nə üçün sülhə qarşı olduğu şübhə doğurmayan prosesin, fəaliyyətin qarşısını almır? Gücü çatmır, yoxsa belə bir prosesin getməsi əslində hakimiyyətin özünün gizli marağındadır?

Siyasi şərhçi Samir Əsədli Musavat.com-a bildirib ki, ermənilərin anti-Azərbaycan fəaliyyətinin son bir ildə artması təsadüfi proses deyil. 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişi layihəsinin paraflanmasından sonra Paşinyan hökuməti dövlət səviyyəsində Azərbaycanla münasibətlərin normallaşdırılması xəttini götürüb. Bununla belə, Ermənistan cəmiyyətində, diasporunda və QHT sektorunda Azərbaycanla bağlı əvvəlki narrativlərin tamamilə aradan qalxması baş verməyib:
“Əksinə, müəyyən dairələr fəaliyyət istiqamətini dəyişərək məsələni hərbi-siyasi müstəvidən hüquqi və insan hüquqları müstəvisinə keçirməyə çalışırlar. Bu, Paşinyan hakimiyyətinin maraqlarına müəyyən mənada zidd deyil. Çünki Ermənistan hökuməti bir tərəfdən Azərbaycanla sülh prosesini davam etdirir, digər tərəfdən isə Qarabağdan könüllü köçmüş ermənilərin məsələsini beynəlxalq gündəmdə saxlanmasında gizli maraqlı görünür. Üzdə bu məsələnin gündəmdə qalmasında maraqlı olmadıqlarını göstərsələr də müxtəlif QHT-lərin və hüquq təşkilatlarının əli ilə məsələnin beynəlxalq gündəmdə qalmasını təmin etməklə Azərbaycana təsir göstərmək istəyir”.
Ekspert hesab edir ki, Paşinyanın “QHT-lər müstəqildir, onların fəaliyyətinə müdaxilə edə bilmirik” kimi ara-sıra verdiyi izahlar səmimi deyil: “Ermənistan dövləti siyasi iradə nümayiş etdirdiyi halda, xüsusilə dövlət və ya dövlətə yaxın strukturlarla əlaqəli təşkilatların fəaliyyətini istiqamətləndirə bilər. Amma belə görünür ki, Paşinyan üçün daha sərfəli variant bu prosesin müəyyən həddə qədər davam etməsinə imkan verməkdir. Hazırda belə bir görünütü yaradılıb ki, rəsmi İrəvan Azərbaycanla sülh prosesini və normallaşmanı dəstəkləyir, qeyri-dövlət aktorları isə Ermənistanın Azərbaycana qarşı əvvəlki iddialarını beynəlxalq hüquq və insan hüquqları müstəvisində davam etdirirlər. Beləliklə, Paşinyan hökuməti özünü birbaşa anti-Azərbaycan kampaniyasının təşkilatçısı kimi göstərmədən müəyyən təzyiq mexanizmlərini əlində saxlayır. Ermənistan müxalifəti, diaspor təşkilatları və müəyyən QHT-lər Paşinyanı Qarabağ məsələsindən imtina etməkdə ittiham edir. Buna görə hakimiyyət həmin qüvvələrlə tam qarşıdurmaya getməkdənsə, onların müəyyən fəaliyyətinə göz yummağa üstünlük verir”.
S.Əsədlinin fikrincə, anti-Azərbaycan fəaliyyəti güclənməkdə davam edərsə, Azərbaycan tərəfi Paşinyanın qarşısında tələb qoya bilər: “Ermənistan həqiqətən Azərbaycanla yeni səhifə açmaq istəyirsə, təkcə hökumətin bəyanatları deyil, ölkənin siyasi, media, QHT və diaspor mühitindəki yanaşmalar da tədricən dəyişməlidir”.