Ərinin başqa qadınlara aldığı əşyaların qəbzindən özünə don tikdirdi - FOTO
İngilis müğənni Lili Allen keçmiş həyat yoldaşı, aktyor Devid Harbordan ayrılığını xatırladan "qəbz geyimi" ilə səhnəyə çıxaraq gündəmə gəlib.
Hurriyyet.media xəbər verir ki, Allen Şotlandiyanın Qlazqo şəhərindəki "Royal Concert Hall"da təşkil olunan "West End Girl" turu çərçivəsində "4Chan Stan" mahnısını oxuyarkən bədəninə uzun yaşıl parça dolamış vəziyyətdə səhnəyə daxil olub.
Bu parçanın üzərində mahnının əl yazısı ilə yazılmış sözlərilə yanaşı, "Chanel", ABŞ-nin lüks mağazalar şəbəkəsi "Bergdorf Goodman", "Nobu" yapon restoranı və spirtli içki mağazalarına aid qəbz təsvirləri böyük formada çap olunub.
Geyim adi bir libasdan ziyadə, bir çox xərc qeydlərinin ard-arda birləşdirildiyi uzun parçadan ibarət olub. Allen mahnını oxuyarkən parçanı yavaş-yavaş açaraq performans nümayiş etdirib.
Səhnə geyiminin stilist Mel Ottenberq və şounun prodüser komandası tərəfindən albomun hekayəsini vizual olaraq çatdırmaq məqsədilə hazırlandığı bildirilib.
"4Chan Stan" adlı mahnıda hekayəçi yoldaşının siyirməsində lüks mağazaya aid qəbzlər tapır və özü evdə yoxkən həyat yoldaşının başqa bir qadına baha qiymətə çanta aldığından şübhələnir.
Xarici media qurumları geyimdəki qəbzlərin Devid Harborun başqa qadınlar üçün etdiyi xərcləri simvolizə etdiyini bildiriblər. Lakin geyimdəki sənədlərin real qəbzlər olub-olmadığı və həmin alış-verişlərin həqiqətən Harbor tərəfindən edildiyi rəsmi olaraq təsdiqlənməyib.
Allen və Harbor 2020-ci ildə ailə həyatı qurub, 2025-ci ildə isə ayrıldıqlarını açıqlayıblar. Lili Allenin "West End Girl" albomu cütlüyün münasibətinin sona çatması prosesini əks etdirən hekayə kimi qiymətləndirilir. Lakin albomdakı bütün sözlərin həqiqi yaşantılara əsaslandığı dəqiq şəkildə açıqlanmayıb.