📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğandan şok mesaj: Məkkə Müdafiə İttifaqına gizli etiraz edən ölkələr kimlərdir?

2026-09-02 19:37:05

Ərdoğandan şok mesaj: Məkkə Müdafiə İttifaqına gizli etiraz edən ölkələr kimlərdir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Məkkə Müdafiə İttifaqı ilə bağlı son açıqlamaları diqqət çəkib. Ankara bu ittifaqı regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə xidmət edən yeni mexanizm kimi təqdim edir. Lakin Ərdoğanın sözlərindən məlum olur ki, bu təşəbbüsə münasibətdə pərdəarxası narazılıqlar da mövcuddur.

Hurriyyet.Media xəbər verir ki, Cümhurbaşqanı Məkkə Müdafiə İttifaqına bəzi ölkələrin gizli şəkildə etiraz etdiyini bildirib.

Ərdoğan qeyd edib ki, ittifaqa açıq şəkildə qarşı çıxan ölkələrin sayı azdır, lakin müəyyən dövlətlər bu təşəbbüsə gizli formada etiraz edir.Türkiyə liderinin sözlərinə görə, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasındakı balans bir sıra aktorların ittifaqı açıq şəkildə tənqid etməsini çətinləşdirir.

“Biz qardaşlarımızla birlikdə güclənərək öz yolumuza davam edəcəyik”, - Ərdoğan vurğulayıb.

Ərdoğanın açıqlaması Yaxın Şərqdə yeni təhlükəsizlik modelinin formalaşdırılması istiqamətində atılan addımların regional və beynəlxalq aktorlar tərəfindən diqqətlə izlənildiyini göstərir. Xüsusilə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kimi mühüm regional dövlətlərin bir təhlükəsizlik platformasında daha sıx əməkdaşlığa başlaması Yaxın Şərqdə qüvvələr nisbətinə təsir edə bilər. Bu baxımdan ittifaqa açıq və ya gizli müqavimətin səbəbləri də maraq doğurur.

Hansı ölkələr Məkkə Müdafiə İttifaqına gizli şəkildə etiraz edir? Onların əsas narahatlığı nədən ibarətdir?


Rəcəb Tayyib Ərdoğan, Məhəmməd bin Salman, Şahbaz Şərif

Politoloq Rəhman Bayramov hesab edir ki, Məkkə Müdafiə İttifaqının Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kimi üç mühüm dövlətin təhlükəsizlik əməkdaşlığı üzərində qurulmasını Yaxın Şərqdə yeni güc mərkəzinin formalaşması cəhdi kimi qəbul etmək lazımdır: “Burada xüsusilə Türkiyənin hərbi imkanları, Səudiyyə Ərəbistanının maliyyə və siyasi çəkisi, Pakistanın isə nüvə dövləti olması ittifaqa sıradan regional təşəbbüsdən daha böyük əhəmiyyət verir. Ərdoğanın bəzi dövlətlərin ittifaqa gizli etiraz etməsi barədə dedikləri də təsadüfi deyil. Konkret ölkələrin adları açıqlanmadığı üçün bu barədə qəti fikir söyləmək doğru olmaz. Ancaq aydındır ki, Yaxın Şərqdə Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan xəttinin güclənməsi mövcud qüvvələr balansından faydalanan bəzi regional və qlobal aktorların maraqlarına uyğun gəlməyə bilər. Məncə, məsələnin əsas tərəfi ittifaqın kimə qarşı yaradılmasından daha çox, gələcəkdə hansı funksiyanı yerinə yetirəcəyidir. Əgər bu üçlük ortaq müdafiə mexanizmləri, hərbi sənaye əməkdaşlığı, kəşfiyyat mübadiləsi və vahid təhlükəsizlik siyasəti formalaşdıra bilsə, söhbət artıq adi əməkdaşlıq platformasından deyil, regionun güc balansını dəyişə biləcək ciddi hərbi-siyasi blokdan gedəcək”.

REHMAN.jpg (114 KB)

Politoloqun fikrincə, Türkiyə üçün bunun ayrıca strateji əhəmiyyəti var: “Ankara uzun müddətdir təhlükəsizlik məsələlərində yalnız Qərbdən asılı olmayan, özünün də əsas söz sahiblərindən biri olduğu regional sistem qurmağa çalışır. Səudiyyə Ərəbistanı və Pakistanla belə bir mexanizm Türkiyənin Yaxın Şərqdən Cənubi Asiyaya qədər siyasi və hərbi təsir imkanlarını genişləndirə bilər. Hesab edirəm ki, Məkkə Müdafiə İttifaqının gələcəyini müəyyənləşdirəcək əsas məsələ verilən siyasi bəyanatlar deyil, üç ölkənin təhlükəsizlik maraqlarını nə qədər uzlaşdıra bilməsidir. Əgər bu baş verərsə, qarşımızda gələcəkdə digər dövlətlərin də qoşula biləcəyi və Yaxın Şərqin təhlükəsizlik arxitekturasında ciddi rol oynaya biləcək yeni güc mərkəzi yarana bilər”.