📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Əli Həsənova şanlı bir məktub yazıb ürəyimi boşaltdım...”

2021-10-26 11:22:00

“Əli Həsənova şanlı bir məktub yazıb ürəyimi boşaltdım...”

   

Seymur Elsevər: “Mənzili zəngsiz, tapşırıqsız alan çox az jurnalistdən biriyəm”

“Uzun-uzadı çək-çevirdən sonra Əli Həsənov məni qəbul etdi. Mənimlə çox mülayim, hörmətlə danışdı, üzrxahlıq etdi. O zaman jurnalistlər üçün inşa edilən ikinci bina artıq hazır idi. Əli Həsənov mənə həmin binada mənzil alacağıma dair söz verdi. Dedi ki, bu da dövlətin jurnalistə, onun fəaliyyətinə verdiyi qiymətdir. Fəxri addan kənarda qaldınız, amma bu şəkildə konpensasiya edərik...”

“Hürriyyət”in “Səmimi söhbət” rubrikasının qonağı bir zamanlar parodiyaçı kimi tanınan, peşəkar teatrşünas və jurnalist Seymur Elsevərdir.

(Əvvəli ötən sayımızda)

- Neçə ildir işsizsən?

- 2016-cı ildən azad sənətkar kimi fəaliyyət göstərirəm. Rəhbərlik etdiyim təşkilat əvvəllər nazirliyin tərkibində fəaliyyət göstərən, amma tam təsərrüfat hesablı, yəni özü-özünü maliyyələşdirən  dövlət qurumu idi. Sovetlər dönəmində Mədəniyyət Nazirliyi, dövlət teatrları çap, reklam istiqamətində olan işləri sifariş verirdi, sözügedən qurum da həmin sifarişlərin hesabına maliyyələşirdi. Amma mən sözügedən müəssisədə işə başlayanda artıq bu düzən pozulmuşdu. Çox çalışdıq, nəticədə təşkilatın fəaliyyətini az da olsa dirçəltdik. Bir müddət kiçik kollektivlə birtəhər işlədik. Amma bir müddət sonra vəziyyət dəyişdi. Azad bazar şəraitini bəhanə gətirən nazirlik və aidiyyəti qurumlar kənara çəkildi və bizim fəaliyyətimiz demək olar ki, iflic vəziyyətinə düşdü. O zaman mədəniyyət naziri Polad Bülbüloğlu idi. Yaranmış vəziyyətə etiraz etməyim nazirlik rəsmlərinin ürəyincə deyildi. Hiss edirdim ki, əlində imkan olsa, məni işdən kənarlaşdırar, amma bunu edə bilmədiyi üçün başqa çarə tapdılar. O zaman İncəsənət Baş İdarəsi vardı. Onun o zamankı rəisi hazırda teatrlardan birinin direktorudur, kifayət qədər tanınmış simadır, adını çəkmirəm, bilənlər bilir, necə deyərlər, eldən ayıbdır. Həmin şəxs rəhbərlik etdiyim təşkilatın respublika statusunu şəhər statusu ilə əvəzlədi. Söz verdi ki, bütün şəhər təşkilatları bizə çap və reklam sifarişləri verəcək, biz də özümüzü daha yaxşı dolandıra biləcəyik. Adını belə qoydular, əslində isə bizi özlərindən bir köynək uzaqlaşdırmaq istədilər. Qələm sahibi olduğumu bildiklərindən müəssisəni birdəfəlik bağlamaqdan çəkindikləri üçün belə etdilər.

2016-ci ilədək Şəhər Baş İdarəsi ilə işləməli olduq,  birtəhər özümüzü dolandırdıq. Vəziyyət o həddə çatdı ki, illərlə evdən işləməli olduq, çünki yerimizi əlimizdən alıb bizə şəraitsiz, kiçik, qaranlıq bir otaq ayırmışdılar, orada işləmək isə mümkün deyildi. Sifarişlər də yox idi deyə, vəziyyətimiz lap ağır idi. Əslində bunu bilərəkdən edirdilər, çünki müəssisəni bağlamağa qərarlı idilər.  Bütün şikayətlərim, müraciətlərim cavabsız qalırdı, bizimlə maraqlanan, itirib axtaran yox idi. Həmin vaxt müəyyən işlərlə bağlı Ukraynaya səfər etməli oldum. Bir neçə gün orada qalıb vətənə  qayıtdım. O vaxtkı Bakı Şəhər Mədəniyyət və Turizm  İdarəsinə yenicə  rəis təyin edilmiş  Səbail Rayonunun hazırkı  İcra  Hakimiyyəti Başçısı Vüqar Zeynalov, guya əmək intizamını pozduğuma görə məni qanunsuz olaraq vəzifəmdən azad etdi. Onu da deyim ki, Vüqar Zeynalov ixtisasca hüquqşünasdır. Əbülfəz Qarayevə şikayət etdim, məsələni araşdırmağını xahiş etdim, amma müraciətim cavabsız qaldı. Nahaq yerə deməyiblər ki, arxalı köpək qurd basar.

- Bildiyimə görə, jurnalistlər üçün tikilən binalardan birində sənə də mənzil verilib.

- Doğrudur, bu mənzil uzun illər boyu ən gözəgörünən qazancım oldu. Ailə qurduğum gündən şəraitsiz evdə yaşamalı olmuşam, orada iki övlad böyütmüşük. Çox əziyyət çəkmişik. Qızım üçün elçi gələcəyini eşidəndə çox məyus olmuşdum, çox şükür məhz o ərəfədə mənə mənzil verildi, elçilik də elə öz mənzilimizdə baş tutdu. Onu da deyim ki, mənzili zəngsiz, tapşırıqsız alan çox az jurnalistdən biriyəm.

- Adının mənzil siyahısına düşməyi də maraqlı olub...

- Bu da Allahın işidir. 2015-ci ilin Mətbuat Günündə mənə fəxri ad verilməli idi, amma son anda adım siyahıdan çıxarıldı. Əslində fəxri ada iddialı da deyildim. Çünki “doğma”lardan olmadığımı, lazımi adamların şəninə təriflər yağdırmadığımı bilirdim, amma fəzri ad alanlararın siyahısını nəzərdən keçirəndə mənə qarşı edilən ədalətsizliyə dözə bilmədim. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, prezidentin sabiq köməkçisi Əli Həsənova şanlı bir məktub yazıb ürəyimi boşaltdım. Bir gün sonra Əli Həsənovun o vaxtkı müavini, bu gün də prezident administrasiyasında çalışan adını çəkmək istəmədiyim şəxs  mənə zəng vurdu. Söhbətə də belə başladı: “Siz hörmətli Əli müəllimə məktub yazmısınız. Məktubunuzda iddia edirsiniz ki, sizə qarşı haqsızlıq olub”. Yalan olmasın, haradasa yarım saat mənimlə danışdı və hər vəchlə məni inandırmağa çalışdı ki, yazılanlar sadəcə mənim iddiam və xəyalımdır, əslində isə hər şey şəffaf və ədalətli olub. Onu dinləyib, bir kəlmə onu dedim ki, yazılı müraciətimə rəsmi yazılı cavab istəyirəm. Bir də məktubumda Əli müəllimdən məni  qəbul etməyini xahiş etmişəm. Köməkçisi Əli müəllimin məzuniyyətdə olduğunu bildirdi. Dedim, eybi yoxdur, nə qədər lazımsa, gözləyərəm. Uzun-uzadı çək-çevirdən sonra Əli Həsənov məni qəbul etdi. Mənimlə çox mülayim, hörmətlə danışdı, üzrxahlıq etdi. O zaman jurnalistlər üçün inşa edilən ikinci bina artıq hazır idi. Əli Həsənov mənə həmin binada mənzil alacağıma dair söz verdi. Dedi ki, bu da dövlətin jurnalistə, onun fəaliyyətinə verdiyi qiymətdir. Fəxri addan kənarda qaldınız, amma bu şəkildə konpensasiya edərik. Doğrusu, çox sevindim, Dedim, çox gözəl, fəxri addansa, elə mənzil yaxşıdır. Adım bax bu cür siyahıya düşdü. Vaxt gəlib çatdı, mənzilimi aldım. Amma burada da “doğma” olmamağım öz işini gördü, ailə tərkibimə görə mənə 3 otaqlı mənzil düşsə də, 2 otaqlı mənzilə köçməli oldum. Çox şükür, 2018-ci ilin əvvəlindən öz mənzilimizdə yaşayırıq.

- Hazırda internet televiziyalarından biri ilə əməkdaşlıq edirsən...

- Doğrudu, hazırda “Turan” ailəsinin (“Turan” İnformasiya Agentliyi-red.) bir üzvüyəm. “Bizimkilər” layihəsini hazırlayıram. Qəhrəmanlarımın evlərində çəkiliş aparırıq. Qocaman sənət və elm  adamları ilə görüşürəm, onların xatirələrini lentə alıram. Müəllifi olduğum layihənin həm yazılı, həm də video formatda təqdim edirəm. Layihəyə münasibət müsbətdir. Hətta mənə təşəkkür edən, arzu və təkliflərini bildirən izləyicilər də var. Sevdiyim işlə məşğulam, tam sərbəstəm. “Turan”ın imkanları geniş olmasa da, bacardığımızı edirik. Mənimçün yaratdığı şəraitə görə agentliyin rəhbəri  Mehman bəyə təşəkkür edirəm.

- Bəs nə vaxtsa parodiyaçı kimi ekranlara qayıtmaq fikrin var?

- Xeyr, o səhifəni bağlamışam. O sadəcə  bir hobbidir. Mən daha çox öz sənətim üzrə çalışmaq istəyirəm. Doğrusu, ötən il Anar Kərimov mədəniyyət naziri təyin olunanda Mədəniyyət Nazirliyi sistemində yenidən yaşıma, təcrübəmə uyğun bir işlə təmin olunacağıma ümid edirdim.  Nazirliyə bununla bağlı müraciət də etmişəm, amma hələlik heç bir nəticə yoxdur. Təəssüflə qeyd edirəm ki, bu gün Mədəniyyət Nazirliyində qeyri-ixtisas sahibləri daha çoxdur, mənim kimi ixtisaslı, stajlı adamlar isə nədənsə kənarda qalıb.

Planlarıma gəlincə, elmi işimi müdafiə etməyi və yaxın gələcəkdə pedoqoji fəaliyyətə qayıtmağı planlaşdırıram. Ümumiyyətlə, bundan sonrakı həyatımı sırf yaradıcılığa həsr etməyi düşünürəm, bu günkü layihəm  əslində həmin böyük layihənin kiçik qoludur. Filmlər çəkmək, tamaşalar hazırlamaq, festivallar təşkil etmək istəyim var. Fikrimcə, çox gərəkli və möhtəşəm bir layihə ərsəyə gələcək. Amma irəlicədən bu haqda danışmaq istəmirəm.

 -  Sənə uğurlar diləyirəm və maraqlı söhbətə görə təşəkkür edirəm.

- Minnətdaram.

Söhbətləşdi: RUNA