“Elə bir kişi tapılmadı ki, İsa peyğəmbər kimi xilas etsin” – Zemfira Sadıqova
“Azərbaycanda hazırda kino yoxdur. Kinostudiyamız rəhmətə gedib. Elə bir kişi tapılmadı ki, İsa peyğəmbər kimi onu xilas etsin. Adamı yandırıb tökür. Vaxt var idi ki, kinostudiyada kinolar çəkilirdi, adam əlindən tərpənmək olmurdu. İndi isə incəsənət yoxdur”.
Bunu Musavat.com-a açıqlamasında Əməkdar artist Zemfira Sadıqova deyib.
Aktrisa bildirib ki, kinonun səviyyəsindən narazıdır:
“Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçildiyini eşitdim. Onun orada sədr olmağı bir çoxuna sərf edir. Amma bir şey dəyişməyəcək, “çevir tatı, vur tatı” olacaq. Kinoya can yandıran çox adam var, onlar da ola bilərdi. Söhbət qol çəkib pul alanlardan yox, can yandıranlardan gedir. Ürəyimi açan heç nə yoxdur”.
Qeyd edək ki, sentyabrın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrliyinə seçki konfransı keçirilib. Nizami Kino Mərkəzində baş tutan konfransda Xalq artisti Şəfiqə Məmmədova yekdilliklə sədr seçilib.