“Əl-Hilal” federasiyaya müraciət etdi - Neveşlə bağlı qalmaqal böyüyür
Səudiyyə Ərəbistanı Pro Liqasının 7-ci turunun “Əl-Taavun” – “Əl-Hilal” (0:6) oyununda yaşanan təxribat ölkənin futbol ictimaiyyətini və rəhbər qurumlarını ayağa qaldırıb.
“Qafqazinfo” xəbər verir ki, meydan sahiblərinin azarkeşlərinin Ruben Neveşi təhrik etmək üçün 2025-ci il iyulun 3-də qardaşı Andre Silva ilə birlikdə dəhşətli avtomobil qəzasında 28 yaşında həlak olan yaxın dostu Dioqo Jotanın adını tempə salması böyük etiraza səbəb olub.
Hadisədən dərhal sonra “Əl-Hilal” klubu Səudiyyə Ərəbistanı Futbol Federasiyasına rəsmi şikayət ərizəsi təqdim edib. Klubun yaydığı bəyanatda futbolçuların və onların ailələrinin yaşadığı faciələrdən təxribat vasitəsi kimi istifadə olunması kəskin pislənilib və intizam qaydalarına uyğun olaraq günahkarların ən ağır şəkildə cəzalandırılması tələb olunub.
Səudiyyə Ərəbistanı Futbol Federasiyası da məsələyə sərt reaksiya verərək xüsusi bəyanat yayıb:
“Federasiya və Pro Liqa bəzi azarkeşlərin bu yolverilməz davranışını qətiyyətlə pisləyir. Baş verənlər Səudiyyə futbolunun dəyərlərinə ziddir. Faciələrdən təxribat məqsədilə istifadə olunmasının futbolumuzda yeri yoxdur. Aidiyyəti komitələr artıq işə başlayıb və tətbiq ediləcək sanksiyalar araşdırma başa çatdıqdan sonra elan olunacaq”.
Xatırladaq ki, Ruben Neveş və Dioqo Jota “Portu”, “Vulverhempton” və Portuqaliya milli komandasında birgə çıxış edərək uzun illər yaxın dostluq ediblər.