📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət satınalmalarında qanunsuz müqavilələrə görə pul ödənilməyəcək

2026-08-31 12:57:31

Dövlət satınalmalarında qanunsuz müqavilələrə görə pul ödənilməyəcək

Ali Məhkəmənin dövlət satınalmaları (dövlət qurumlarının tender və ya birbaşa sifarişlə gördüyü işlər) sahəsində qəbul etdiyi son Plenum qərarı bu sahədə formalaşmış məhkəmə təcrübəsinə mühüm dəyişiklik edib.

Hurriyyet.media  xəbər verir ki, artıq qanuna zidd bağlanmış müqavilələr üzrə podratçıların məhkəmə qaydasında ödəniş tələb etməsi əvvəlki kimi qiymətləndirilmir.

Əvvəllər vəziyyət necə idi? (“Köhnə yanaşma”)

Müqavilə etibarsız sayılsa da, ödəniş mümkün idi: Dövlət orqanı ilə podratçı satınalma qanunvericiliyinin tələblərinə əməl etmədən müqavilə bağlayırdısa, məhkəmə həmin müqaviləni etibarsız hesab edirdi.

Əsassız varlanma qaydaları tətbiq olunurdu: Lakin podratçı işi faktiki yerinə yetirmiş və dövlət orqanı həmin işdən faydalanmışdısa, məhkəmələr dövlət orqanının əsassız varlandığını qəbul edir, görülmüş işin orta bazar qiymətini dövlət orqanından tuturdular.

Nəticə: Müqavilə etibarsız olsa da, podratçı əksər hallarda gördüyü işə görə ödəniş ala bilirdi.

Bu yanaşma hansı problemləri yaradırdı?

Satınalma prosedurlarının əhəmiyyəti azalırdı: Dövlət orqanı qanunla nəzərdə tutulan prosedurlara əməl etmədən iş gördürə, sonradan isə həmin işin dəyərinin məhkəmə qaydasında ödənilməsinə nail ola bilirdi.

Rəqabət pozulurdu: Digər sahibkarlar həmin işlərdə iştirak etmək imkanından məhrum olur, qanunu pozan tərəflərin iqtisadi maraqları isə faktiki olaraq qorunurdu.

Yeni Plenum qərarı nəyi dəyişdi? (“Yeni yanaşma”)

Əsas qayda bundan ibarətdir ki, həm dövlət orqanı, həm də podratçı qanunun tələblərini bildikləri halda könüllü şəkildə qanunsuz müqavilələr bağlayıblarsa, həmin müqavilələr üzrə hüquqi maraqlar məhkəmə tərəfindən qorunmur. Yəni görülmüş işin dəyərinin əsassız varlanma qaydaları ilə tələb edilməsi də, bir qayda olaraq, mümkün olmayacaq.

Podratçı vicdanlı olubsa: Əgər podratçı müqavilənin qanunazidd olduğunu bilməyibsə və bunu bilməyə imkanları olmayıbsa, məhkəmə onun vicdanlı hərəkət etdiyini müəyyən edə bilər. Belə hallarda əsassız varlanmaya dair normaların tətbiqi mümkündür və görülmüş işin orta bazar qiyməti dövlət orqanından tutula bilər.

Əsas nəticə

Yeni Plenum qərarının məqsədi dövlət satınalmalarında şəffaflığı, rəqabəti və qanunun aliliyini gücləndirməkdir. Artıq satınalma qanunvericiliyini bilərək pozan tərəflər məhkəmə vasitəsilə öz iqtisadi maraqlarını əvvəlki qaydada qoruya bilməyəcəklər.

Bu yanaşma qanuni prosedura əməl olunmasını təşviq etməklə yanaşı, bütün sahibkarlar üçün bərabər şəraitin yaradılmasına xidmət edir.