📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputatın 300 milyonluq sərvəti üzə çıxdı

2026-09-12 12:09:18

Deputatın 300 milyonluq sərvəti üzə çıxdı

Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının deputatı Yevgeni Fyodorov və ailəsinin Moskva və Sankt-Peterburqda ümumi dəyəri təxminən 300 milyon rubl olan daşınmaz əmlaka sahib olduğu iddia edilir.

Hurriyyet.media  xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun (FBK) araşdırmasında bildirilir.

Araşdırmaçılar Fyodorov və yaxınlarının ən azı altı mənzilə sahib olduğunu müəyyənləşdirdiklərini bildirirlər. Onlardan ikisi Moskvadakı bahalı “Serdtse stolitsı” yaşayış kompleksində yerləşir.

Təxminən 120 kvadratmetrlik mənzillərdən biri deputatın özü və qızının adına, digəri isə onun hazırkı partnyoru İrina Polosinanın adına rəsmiləşdirilib.

Fyodorov ailəsinə aid olduğu bildirilən daha bir 138 kvadratmetrlik mənzil Moskvanın elit “Kutuzovskaya Riviera” yaşayış kompleksindədir. Digər mənzil Matros Jeleznyak bulvarında yerləşir. Deputatın Sankt-Peterburqda da iki mənzilinin olduğu bildirilir.

FBK bütün bu daşınmaz əmlakın bazar dəyərini təxminən 300 milyon rubl qiymətləndirib.

Araşdırmada Fyodorovun şəxsi həyatı ilə Dövlət Dumasındakı fəaliyyəti arasında da maraqlı əlaqəyə diqqət çəkilir. Deputatın keçmiş həyat yoldaşı Dövlət Dumasının aparatında çalışıb. Onun hazırkı partnyoru və ortaq övladının anası İrina Polosina da Dumada işləyir – o, Fyodorovun köməkçisidir.

Fyodorov və Polosinanın nikahı rəsmi qeydiyyatdan keçməyib. Bununla belə, “Serdtse stolitsı” kompleksindəki mənzillərdən biri məhz Polosinanın adına rəsmiləşdirilib.

FBK deputatın siyasi çıxışları ilə ailəsinin həyat tərzi arasında ziddiyyət olduğunu da vurğulayır.

Fyodorov Türkiyəni NATO üzvü olması və Rusiyaya qarşı siyasət yürütməsi səbəbindən mütəmadi tənqid edir. Araşdırmaya görə, onun partnyoru İrina Polosina isə Türkiyə və Maldiv adalarında istirahət edib, həmçinin İtaliya, Almaniya və Bolqarıstana səfərlər edib.

Yevgeni Fyodorov “Vahid Rusiya”nın yaradıldığı dövrdən partiyanın üzvüdür və 20 ildən artıqdır Dövlət Dumasına hakim partiyadan seçilir. O, həmçinin millətçi mövqeyi ilə tanınan “Milli Azadlıq Hərəkatı”nın rəhbəridir.
Fyodorov 2026-cı il seçkilərində də “Vahid Rusiya”dan deputatlığa namizəddir. Bu dəfə o, Murmansk vilayətindən namizəd göstərilib. FBK isə deputatın əvvəllər bu regionda nə yaşadığını, nə də işlədiyini xüsusi vurğulayır.