📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabad sakini işdən qanunsuz olaraq çıxarıldığını deyir – RƏHBƏRLİYİ İTTİHAM EDİR

2026-05-13 14:39:09

Cəlilabad sakini işdən qanunsuz olaraq çıxarıldığını deyir – RƏHBƏRLİYİ İTTİHAM EDİR

Cəlilabad rayonu, Hacıcavadlı kənd sakini Dövlətov Fizuli Əsəd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, haqqını tələb etdiyi və rəhbərlikdən narazılığını bildirdiyi üçün işdən çıxarılıb.

Fizuli Dövlətovun sözlərinə görə, 2025-ci ilin dekabr ayında 2007-ci ildən Qarazəncir Mədəniyyət Mərkəzində kitabxanaçı kimi çalışdığı vəzifədən azad edilib. O bildirir ki, işdən çıxarılması rəsmi səbəbdən deyil, etdiyi şikayətlərlə bağlı olub:

“Mən, Dövlətov Fizuli Əsəd oğlu, yazaraq səlahiyyətli qurumlardan kömək istəyirəm.

Bir ildən artıqdır ki, şikayətimə baxılmır. 2025-ci ilin dekabr ayında məni qanunsuz olaraq işdən çıxardılar. İşdən çıxarılmağım sırf etdiyim şikayətlərlə bağlı olub. Şikayətim rəhbərliyin xoşuna gəlmədi”.

Dövlətov bildirir ki, rəhbərlik onun işə gəlmədiyini əsas gətirərək, əmək müqaviləsinə xitam verib. O isə həmin günlərdə xəstə olduğunu və bununla bağlı müvafiq tibbi sənədlərinin mövcud olduğunu deyir.

“Dekabrın 10-da xəstələndim. Cəlilabad Diaqnostika Mərkəzinə müraciət etdim. Soyuq dəymişdi, gözlərimdə sulanma var idi. Ambulator müalicə aldım. Ayın 11-də isə rəhbərlik Mədəniyyət Evinə gəlib. Qarazəncir kəndindən kimsə deyib ki, mən işə çıxmamışam”, - deyə Fizuli Dövlətov bildirib. Onun sözlərinə görə, daha sonra ona öz ərizəsi ilə işdən çıxması təklif olunub: “Mənə dedilər ki, öz ərizəmlə işdən çıxım. Mən bunu qəbul etmədim. Bundan sonra onlar öz bildikləri qayda ilə əmək müqaviləmə xitam verdilər. Əmək Müfəttişliyi isə bildirir ki, guya üç gün ardıcıl işdə olmadığım üçün bu qərar verilib”.

Fizuli Dövlətov iddia edir ki, rəhbərliklə münasibətlərinin gərginləşməsinə səbəb kitabxanadakı problemlərlə bağlı etdiyi müraciətlər olub:

“Kitabxanada istilik sisteminin olmaması ilə bağlı rəhbərliyə şikayət etmişdim. Mənim müraciətimdən sonra kitabxananı yanacaqla təmin etdilər, amma məni işdən çıxardılar. Onların qayda-qanununa susmadığım və narazılığımı bildirdiyim üçün işimdən oldum”.

Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı dəfələrlə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət etsə də, indiyədək problemi həll olunmayıb. “İşlədiyim müddətdə bir dəfə belə olsun töhmət almamışam”, – deyə o əlavə edib.

Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi dərc edirik:

Jalə FAMİLQIZI

Hurriyyet.az