📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bütün yayı qocalarla parkda nərd oynadım” – 87 yaşlı aktyor

2026-08-30 16:06:37

“Bütün yayı qocalarla parkda nərd oynadım” – 87 yaşlı aktyor

“Bütün yayı qocalarla nərd oynamaqla keçirdim. Ağstafada Səməd Vurğun adına park var. Yaşlı kişilər oraya yığışıb, nərd oynayır. Mən də hər səhər oraya gedib, onlarla nərd oynadım”.

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti, uzun illərdir ki, Bakıdan Ağstafaya köçən aktyor Tariyel Qasımov deyib. 87 yaşlı sənətkar bildirib ki, həmişə şəhər mühitində yaşasa da kənd həyatı ona maraqlı gəlir: “Hər gün səhər yeməyimi yeyəndən sonra gedirəm o parka və qocalara qoşulub günümü keçirirəm. Mən daima şəhərdə yaşamışam, amma indi kənd həyatı cəlb edir. Amma bir məsələ də var ki, bağda çox da işləmirəm.

Gözəl bağım, həyətim, evim var. Həyat yoldaşım çox zəhmətkeşdir, bağı cənnətə çevirib. Bağa yoldaşım qulluq edir. Bu məsələdə mən ona kömək etməmişəm. Bu işləri onun ixtiyarına vermişəm. Onun evidir, bağıdır, necə istəyirsə, elə də qulluq edə bilər, formaya sala bilər”.

Sənətkar Azərbaycan Kinomatoqrafçılar İttifaqının sentyabrda baş tutacaq konfransından da danışıb: “Dəvət etsələr, gəlib iştirak edəcəyəm”, -deyə o bildirib.