"BU, RUSİYA İLƏ MÜHARİBƏ DEMƏK OLACAQ..." - Putindən Avropaya xəbərdarlıq
Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin Ukraynaya hərbi kontingent göndərməsi ehtimalının Moskva tərəfindən necə qiymətləndiriləcəyinə aydınlıq gətirib. O bildirib ki, Avropa dövlətlərinin hərbçilərinin Ukrayna ərazisində yerləşdirilməsi Rusiya ilə birbaşa hərbi qarşıdurma anlamına gələcək.
Hurriyyet.media xəbər verir ki, “Kommersant”ın məlumatına görə, Putin bu fikirləri Nyu-Dehlidə keçirilən BRICS sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Rusiya liderinin sözlərinə görə, hazırda bir sıra Avropa ölkələrində Ukraynaya hərbi qüvvələrin göndərilməsi məsələsi müzakirə olunur. Putin hesab edir ki, belə bir addım atılacağı təqdirdə vəziyyət tamamilə başqa mərhələyə keçə və Avropa dövlətləri ilə Rusiya arasında birbaşa müharibə riski yarana bilər.
“Hazırda onlar Ukrayna ərazisinə qoşun yeritmək barədə düşündüklərini deyirlər. Bu, Rusiya ilə müharibə deməkdir”, – deyə Putin bildirib.
O, eyni zamanda vurğulayıb ki, Moskvanın Avropa ölkələri ilə hərbi qarşıdurmaya başlamaq üçün heç bir əsası yoxdur. Putinin sözlərinə görə, Rusiya Avropa dövlətlərini təhdid etmir və belə bir niyyəti də yoxdur.
“Rusiya Avropa ölkələrini təhdid etmir. Bizim Avropa ilə hansısa münaqişəyə başlamaq üçün əsasımız yoxdur”, – Rusiya Prezidenti qeyd edib.
Putinin açıqlaması Avropada Ukraynadakı vəziyyətlə bağlı hərbi iştirak məsələsinin yenidən gündəmə gəldiyi bir vaxtda səslənib. Moskva daha əvvəl də xarici hərbi kontingentin Ukrayna ərazisində yerləşdirilməsini qəbuledilməz hesab etdiyini bəyan edib. Beləliklə, Rusiya tərəfi Avropa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı mümkün qərarın qarşıdurmanın miqyasını əhəmiyyətli dərəcədə genişləndirə biləcəyi barədə xəbərdarlıq edir