“Biz ermənilərdən artıq erməni ola bilmərik” - Kremldən İrəvana mesaj
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla İrəvanın Avropa İttifaqına inteqrasiya planlarını müzakirə edəcək.
Hurriyyet.media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Bişkekdə keçiriləcək görüşdə Ermənistanın Aİ-yə üzvlük perspektivi, mümkün referendum və Rusiya-Ermənistan münasibətlərinin gələcəyi əsas mövzular sırasında olacaq.
Peskovun sözlərinə görə, görüş Moskvaya Ermənistanın xarici siyasət kursu ilə bağlı mövqeyini və arqumentlərini bir daha İrəvana çatdırmaq imkanı verəcək. O, iki ölkə arasında münasibətlərin uzaqlaşması fonunda yüksək səviyyəli birbaşa dialoqun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Kreml sözçüsü Ermənistanın gələcək istiqamətini seçmək hüququnun erməni xalqına məxsus olduğunu da bildirib.
“Biz ermənilərin özlərindən daha çox erməni ola bilmərik. Son qərarı Ermənistan vətəndaşları verməlidirlər”, – Peskov deyib.
Onun sözlərinə görə, Moskva bu baxımdan referendum keçirilməsini məntiqli hesab edir.
Putin-Paşinyan görüşü İrəvanın Aİ-yə inteqrasiya niyyətini açıq şəkildə bəyan etdiyi, eyni zamanda Rusiya ilə tərəfdaşlıq əlaqələrini qorumağa çalışdığı bir vaxtda keçiriləcək.