Bir qalanın sirri... – Əməkdaşımızın Belqradda GÖRDÜKLƏRİ bu reportajda – FOTO/VİDEO
Belqrada səfərim zamanı əsas turistik destinasiyaları gəzməyə, məlumat toplamağa və oxuculara çatdırmağa çalışdım. İlk reportajda şəhər gəzintisinə haradan başlamaq barədə tövsiyəmi bölüşmüşəm.
https://musavat.com/news/40-defe-feth-edilen-seher-tarixle-muasirliyin-reqabetde-oldugu-belqraddan-ozel-reportaj-fotolar_1284303.html
Budəfəki reportajım isə Belqradın ən çox ziyarət edilən turistik məkanlarından biri Kalemeqdan və Belqrad qalası barədədir.
Kalemeqdan sözü yəqin ki, oxucularda müəyyən qədər tanış assosiasiya yaratdı. Bəli, bu söz türk dilindəki “kale” (qala) və “meydan” (sahə) sözlərinin birləşməsindən yaranıb, yəni qala meydanı. İlk növbədə qala barədə məlumat vermək doğru olar. Bu qala Serbiya paytaxtının hansı tarixi mərhələlərdən keçdiyinə şahidlik edib. Belqrad qalası şəhərin ən qədim hissəsində, bu gün Kalemeqdan parkı kimi tanınan ərazidə yerləşir.

Yeri gəlmişkən, əsrlər boyu şəhər yalnız qala divarlarının daxilindəki ərazi idi. Yarandığı dövrdən etibarən Belqrad strateji mövqeyinə görə müxtəlif dövlətlərin və imperiyaların uğrunda mübarizə apardığı şəhərlərdən biri olub. Roma və Bizans imperiyalarından macar və Osmanlı hakimiyyətlərinə qədər şəhər dəfələrlə əldən-ələ keçib.
Başqa sözlə, strateji cəhətdən mühüm ərazidə yerləşməsi şəhərin həm üstünlüyü idi, həm də dezavantajı. Tarixə marağı olanlar üçün kiçik ekskursiya maraqlı olar.
Beloqrad, slavyan dillərinin əksəriyyətində “ağ şəhər” və ya “ağ qala” mənasını verir. Lakin qeyd etdiyim kimi, “ağ şəhərin” taleyi heç də bəyaz olmayıb.
Qədim dövrlərdə Roma imperiyasının Singidunum adı ilə mühüm hərbi məntəqələrindən biri olan Belqrad tarixi boyu dəfələrlə əl dəyişib. XIII əsrin sonlarında serb hakimiyyətinə keçən Belqrad, xüsusilə XV əsrin əvvəllərində Despot Stefan Lazareviçin hakimiyyəti dövründə yeni yüksəliş mərhələsinə qədəm qoydu.

1403–1404-cü illərdə Belqrad Serb despotluğunun paytaxtına çevrilib, qala və şəhər divarları möhkəmləndirilib, şəhər mühüm siyasi, iqtisadi və mədəni mərkəzə dönüb. Lakin Stefan Lazareviçin 1427-ci ildə ölümündən sonra Belqrad yenidən Macarıstanın nəzarətinə keçib. Şəhərin strateji mövqeyi onu Osmanlılara qarşı mühüm müdafiə qalasına çevirib.
Osmanlı İmperiyası üçün də Belqradı ələ keçirmək vacib idi, çünki qala Macarıstana gedən yolun üzərində yerləşirdi və türklərin bu istiqamətdə hücum yürüşləri aparmasına mane olurdu. Osmanlıların şəhəri ələ keçirmək cəhdləri uzun müddət nəticəsiz qaldı.
Nəhayət, 1521-ci ildə Sultan Süleyman Belqradı fəth etdi. 1683-cü ildə Vyana yaxınlığında məğlubiyyətdən sonra türklər Avropadakı torpaqlarını itirməyə başladılar və 1688-ci ildə şəhəri avstriyalılar ələ keçirdilər. Avstriyanın hakimiyyəti altında Belqrad yenidən qısa müddətli çiçəklənmə dövrü yaşadı. Yeni binalar tikildi, ticarət canlandı. Şəhərin sakinləri arasında macarlar, almanlar, fransızlar, çexlər və digər xalqların nümayəndələri çoxaldı. Lakin 1739-cu ildə Belqradda bağlanan sülh müqaviləsindən sonra Avstriya şəhəri osmanlılara güzəştə getməyə məcbur oldu.

Osmanlı İmperiyası ilə növbəti müharibə zamanı avstriyalılar 1789-cu ildə şəhəri ələ keçirdilər, lakin Sistova sülh müqaviləsi imzalandıqdan sonra şəhəri tərk etdilər. (red: Sistova sülh müqaviləsi 1791-ci il 4 avqustda Osmanlı imperiyası ilə Habsburq monarxiyası arasında bağlanıb və 1787–1791-ci illər Osmanlı-Avstriya müharibəsinə son qoyub).
1815-ci ildə başlayan İkinci Serb üsyanı zamanı üsyanın lideri Miloş Obrenoviç Rusiya imperiyasının dəstəyi ilə Serbiyanın Osmanlı İmperiyasının tərkibində muxtariyyət əldə etməsinə nail oldu. 1867-ci ildə uzunmüddətli danışıqlardan sonra Osmanlı qarnizonu Belqradı tərk etdi və şəhər tamamilə Serbiyanın nəzarətinə keçdi.
Belqradın mədəni irsinin ən mühüm nümunələrindən biri olan bu qala İkinci Dünya müharibəsindən dərhal sonra, Serbiyada rəsmi şəkildə mədəni abidə elan edilib və mühafizə olunur. Hərçənd, təmizlik barədə kifayət qədər problem var. Park ərazisində həm gündüz, həm də axşam saatlarında apardığım müşahidələrə görə, təmizliyə o qədər də riayət edilmir. Ən çox da siqaret kötükləri gözə dəyir. Yerli sakinlərin və yüzlərlə turistin hər gün ziyarət etdiyi gözəl məkanda belə bir mənzərə əlbəttə ki, xoş deyil. Bəs ərazidə başqa nələr var?

Kalemeqdanda çoxsaylı eksponatların nümayiş etdirildiyi açıq havada Hərbi Muzey, eləcə də keçmiş qarovul binasında yerləşən Təbiət Tarixi Muzeyi də var. Meydana giriş pulsuzdur. Hərbi eksponatlar da açıq havada pulsuz nümayiş olunur.
Kalemeqdan ərazisində olan muzeylərdən biri də Kazamat muzeyidir. Muzeyə giriş qiyməti 400 RSD-dir (təxminən 6,72 AZN). Orta əsrlərdə daxili istehkam divarlarının bir hissəsi olan kazamatlar Belqrad qalasının müdafiə sisteminin mühüm bir hissəsini təşkil edirdi. Keçmişdə onlar həbsxana kameraları kimi istifadə olunub. Bu gün kazamatlar Hərbi Muzeyə məxsusdur, yalnız bir hissəsi ziyarətçilər üçün açıqdır. Muzeydə fotolar və işgəncə alətləri nümayiş olunur. Səsgücləndiricilərdən yayılan səslər isə ekspozisiyanın atmosferini daha da gərginləşdirir.

Hərbi muzeyi gəzdikdən sonra Sava çayının Dunay çayına qovuşduğu yeri izləmək üçün meydançaya çıxa bilərsiniz.
Kalemeqdan ərazisində gəzərkən qarşınıza çılpaq kişi heykəli çıxacaq. Bu heykəl “Qalib” adlanır və Belqradın ən məşhur simvollarından biri hesab olunur. Təxminən 14 metr hündürlüyündə olan heykəlin bir əlində qılınc, digər əlində isə şahin var. Heykəl güc, qələbə, sülh ideyalarını özündə birləşdirir.
“Qalib”in yaradılması ideyası 1912-ci ilə təsadüf edir. Lakin Birinci Dünya müharibəsi bu planın həyata keçirilməsinə mane oldu. Müharibədən sonra heykəlin şəhərin mərkəzində yerləşdirilməsi ətrafında mübahisələr yarandı. Xorvatiyalı heykəltəraş İvan Meştroviç abidəni 1912-ci ildə güc və azadlıqla dolu qalib döyüşçünün alleqorik obrazı kimi layihələndirib. Çılpaq bədən qələbənin müəyyən bir dövrün geyim formasına bağlı olmayan, zamansız və ideallaşdırılmış xarakterini vurğulayırdı.

Əvvəlcə abidənin şəhərin mərkəzi meydanı olan Teraziyedə böyük şəhər fəvvarəsinin bir hissəsi kimi quraşdırılması planlaşdırılırdı. Lakin 1920-ci illərdə Belqradın mühafizəkar düşüncəli sakinləri heykəlin çılpaqlığını ədəbsiz hesab etdi və nəticədə onun Kalemeqdan parkının ərazisində ucaldılmasına qərar verildi. Ümumilikdə, park ərazisində bir neçə saat rahat gəzə bilərsiniz. Çox geniş park ərazisində kimi idman edir, kimi sadəcə gəzir, kimi ev heyvanları ilə zaman keçirir, kimi də piknik edir.
Mən axşam saatlarına yaxın getməyə üstünlük verdim, çünki burada çox gözəl mənzərənin şahidi olmaq olar. Kalemeqdan Belqradda günbatımını izləmək üçün ən çox üz tutulan məkanlardandır.
Fotolardan gördüyünüz kimi, yüzlərlə yerli sakin və turist Sava və Dunay çaylarının birləşdiyi nöqtədən o tərəfdə batan günəşi izləmək üçün bura gəlir. Hətta evlənməyə hazırlaşan cütlüklər də bu mənzərə fonunda fotosessiya etdiririrlər. Mən də bu fürsəti dəyərləndirdim və şəxsən öz adımdan deyirəm ki, həyatımda izlədiyim ən gözəl günbatımlarından biri idi.
Davamı növbəti reportajda...
Nigar Həsənli
Belqrad, Serbiya
Fotolar müəllifindir
Musavat.com



