“Bantik”lə bağlı qalmaqal: “Pul vermədi, pəncərələri də sildirirdi“
2024-cü ildə “Bantik” mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib.
Hurriyyet.media APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətində gündə 12 saat işləməli olduğunu bildirib. O, həmçinin satıcı vəzifəsinə aid olmadığını düşündüyü təmizlik işlərinin də ona və digər əməkdaşlara tapşırıldığını deyib.
Gənc qadın işdən ayrılmaq istədikdə isə işlədiyi günlərin əməkhaqqının ödənilmədiyini iddia edib. Şirkət isə yayılan məlumatların mövcud vəziyyəti və fəaliyyətini düzgün əks etdirmədiyini bildirərək, əmək qanunvericiliyinə ciddi riayət etdiyini vurğulayıb.
Şirkətin rəhbəri Leyla Əliyeva məsələ ilə bağlı sosial şəbəkədə yayılan iddiaya münasibət bildirib:
“Bir xanım iddia edir ki, iki il əvvəl mağazamda çalışıb və əməkhaqqı ödənilməyib. Xanımı axtardım, nə adı var, nə də başqa bir məlumat. Üzü də göstərilmir. Əgər problemi həll etmək istəyirsənsə və başına belə bir hadisə gəlibsə, gəl, haqqını al. Haqqa girən adam deyiləm”.