Bakı Tehrana “qonşunun çətin günündə yanında ol” mesajı verdi - Münasibətlərdə yeni dövr başlayır?
“Prezident İlham Əliyevlə İran prezidenti Məsud Pezeşkianın Bişkekdə keçirilən görüşü Azərbaycan-İran münasibətlərində son dövrdə müşahidə olunan müsbət dinamikanın davamı olmaqla yanaşı, iki qonşu dövlət arasında siyasi etimadın möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə İranın üzləşdiyi mürəkkəb vəziyyət fonunda Azərbaycanın nümayiş etdirdiyi mövqe göstərir ki, Bakı qonşuluq münasibətlərinə situativ deyil, uzunmüddətli və strateji yanaşır”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O diqqətə çatdırıb ki, Azərbaycan əvvəldən İranla bağlı məsələlərin qarşıdurma və güc yolu ilə deyil, siyasi dialoq və danışıqlar vasitəsilə həllinin tərəfdarı olub:
“Prezident İlham Əliyevin Bişkekdə səsləndirdiyi fikirlər də bu prinsipial mövqenin növbəti ifadəsidir. Azərbaycanın İrana göstərdiyi siyasi və humanitar dəstək isə yalnız dövlətlərarası münasibətlərin deyil, xalqlarımız arasında tarixi qonşuluq və yaxınlığın real təzahürüdür. Burada mühüm bir məqam var. Azərbaycan çətin məqamda qonşusunun yanında olduğunu sözdə deyil, əməli addımları ilə nümayiş etdirir. İran prezidenti Məsud Pezeşkianın bu dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etməsi də Tehranın Azərbaycanın mövqeyini yüksək qiymətləndirdiyini göstərir. Siyasətdə etimad məhz belə məqamlarda formalaşır və sonrakı münasibətlər üçün ciddi kapitala çevrilir. Hesab edirəm ki, Bişkek görüşünü Bakı-Tehran münasibətlərində yeni imkanlar mərhələsinə keçid kimi qiymətləndirmək mümkündür. Son illərin təcrübəsi göstərdi ki, Azərbaycanla İran arasında fikir ayrılıqlarının böyüdülməsi heç bir tərəfin maraqlarına xidmət etmir. Əksinə, açıq siyasi dialoq, qarşılıqlı maraqların nəzərə alınması və bir-birinin təhlükəsizlik məsələlərinə həssas yanaşılması daha sağlam və davamlı münasibət modelidir. Bu baxımdan iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də kifayət qədər böyük potensial mövcuddur. Nəqliyyat və tranzit əlaqələri, enerji, ticarət, sərhədyanı əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi və digər regional layihələr Bakı ilə Tehran arasında münasibətlərin praktik dayaqlarını daha da gücləndirə bilər. Siyasi münasibətlərdə yaranan müsbət atmosfer iqtisadi layihələrin həyata keçirilməsinə də əlavə impuls verə bilər”.

Parlamant təmsilçisi burada daha bir mühüm məsələnin regional təhlükəsizlik olduğunu da söyləyib:
“Azərbaycan Cənubi Qafqazda qarşıdurma xətlərinin deyil, əməkdaşlıq platformalarının formalaşmasında maraqlıdır. İran da regionun böyük və mühüm dövlətlərindən biridir. Buna görə Bakı ilə Tehran arasında qarşılıqlı anlaşmanın güclənməsi yalnız ikitərəfli münasibətlərə aid məsələ deyil, bütövlükdə regionda sabitliyə xidmət edən amildir. Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Biz qonşularımızla qarşılıqlı hörmətə, suverenliyə, daxili işlərə qarışmamağa və qarşılıqlı faydaya əsaslanan münasibətlər istəyirik. İranla münasibətlərdə də məhz bu yanaşma əsas götürülür. Bişkek görüşünün əsas siyasi mesajı da bundan ibarətdir, problemləri dialoqla həll etmək, ortaq maraqları önə çıxarmaq və qonşuluğu real əməkdaşlığa çevirmək. Düşünürəm ki, qarşıdakı dövrdə Bakı-Tehran xəttində siyasi təmasların intensivləşməsi iqtisadi və humanitar əlaqələrə də müsbət təsir göstərəcək. Azərbaycan və İran arasında etimadın möhkəmlənməsi isə dəyişən regional şəraitdə hər iki dövlətin maraqlarına cavab verməklə yanaşı, Cənubi Qafqaz ətrafında daha sabit və proqnozlaşdırılan siyasi mühitin formalaşmasına xidmət edəcək”.