Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı cəzalar sərtləşdirilir
Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmləri gücləndirilir.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar sözügedən qanunun 214-1-ci maddəsi üzrə cinayəti törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər bu cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.
Qeyd olunur ki, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin daha dəqiq müəyyən edilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və Maliyyə Tədbirləri üzrə İş Qrupunun (Financial Action Task Force - FATF) müvafiq standartlarının milli qanunvericilikdə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə hazırlanıb.
Terrorizmin maliyyələşdirilməsinin digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəətin əldə edilməsi deyil, vəsaitlərin terror aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldildilir.
Bu baxımdan ona qarşı mübarizədə əsas məqsəd yalnız qanunsuz gəlirlərin aşkar edilməsi və müsadirəsi deyil, həmçinin terror fəaliyyətində istifadə edilə biləcək maliyyə resurslarının vaxtında müəyyən edilməsi, qarşısının alınması, dondurulması və müsadirə edilməsindən ibarətdir.
Layihə ilə hüquqi şəxslərin terrorizmin maliyyələşdirilməsi ilə əlaqəli əməllərə görə məsuliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi, maliyyə resurslarının terror fəaliyyətinə yönəldilməsinin qarşısının alınması və belə vəsaitlərə münasibətdə effektiv cinayət hüquqi tədbirlərin tətbiqi üçün zəruri hüquqi imkanların yaradılması nəzərdə tutulur.
Təklif olunan tənzimləmə Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri və FATF standartlarının məqsəd və tələbləri ilə uzlaşır, eyni zamanda terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması sahəsində milli hüquqi mexanizmlərin səmərəliliyinin artırılmasına xidmət edir.
Layihədə təqdim olunan digər dəyişikliklər hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi icraatın xüsusiyyətlərini nəzərə alaraq mahiyyət etibarılə uyğunlaşdırma xarakteri daşıyır.