AZƏRBAYCANDA HƏR ÜÇ NƏFƏRDƏN İKİSİ... – Nazirin açıqladığı problem nədən qaynaqlanır? + RƏYLƏR
Azərbaycanda şagirdlərin oxuyub-anlama bacarığı ilə bağlı ciddi problem yaşanır.
Elm və təhsil naziri Emin Əmrullayev bu problemin yalnız şagirdlərin mütaliə vərdişləri ilə əlaqələndirilməsinin düzgün olmadığını göstərən fikirlər səsləndirib və məsələnin pedaqoji yanaşmalarla da bağlı olduğunu vurğulayıb.
Emin Əmrullayev bildirib ki, Azərbaycanda oxuduğunu anlama ilə bağlı ciddi pedaqoji problem mövcuddur. Nazirin sözlərinə görə, bu məsələ yalnız Azərbaycana deyil, bütövlükdə regiona xas problemdir. O qeyd edib ki, Azərbaycan və Bakı üzrə regionda oxu savadlılığı ilə bağlı göstəricilər yaxşı olsa da, inkişaf üçün böyük imkanlar qalır.
“Azərbaycanda üç adamdan ikisi oxuduğunu anlamır. Bunu dedikdə, PISA tədqiqatlarının nəticələrinə istinad edirəm”, – deyə nazir bildirib.
Emin Əmrullayev qeyd edib ki, Azərbaycanda oxu bacarıqlarının inkişafına kifayət qədər diqqət yetirilmir. Onun sözlərinə görə, bu istiqamətdə iş müəllimlərin işə qəbulu və sertifikatlaşdırılması prosesindən başlamalıdır: "Buna müəllimlərin işə qəbulundan və sertifikatlaşdırılmasından başlamalıyıq. Amma yalnız qrammatik suallar və dil qaydalarını bilməyi yoxlayan suallar versək, heç bir dəyişiklik əldə etməyəcəyik. Bu, oxu bacarıqlarına təsir etmir”.
Nazir bəzi bölgələrdə şagirdlərin təxminən 80 faizinin oxuyub-anlama bacarıqları üzrə nəticələrinin aşağı olduğunu da açıqlayıb. O, xüsusilə Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı kimi bölgələrdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılmasının vacibliyini vurğulayıb.
Bəs insanların oxuduğunu anlamaması yalnız onların az kitab oxuması ilə bağlıdırmı?

Təhsil eksperti Əmrah Həsənli "AzPolitika"ya bildirib ki, məsələyə yalnız mütaliə səviyyəsi prizmasından yanaşmaq düzgün deyil.
Ekspert hesab edir ki, problem daha çox oxunan məlumat üzərində düşünmək, onu təhlil etmək və əldə olunan informasiyadan nəticə çıxarmaq bacarığının kifayət qədər formalaşmaması ilə əlaqədardır.
Əmrah Həsənli deyib ki, uzun müddət tədris və qiymətləndirmə prosesində qrammatika, qaydalar və hazır informasiyanın mənimsənilməsi daha çox ön planda olub. Halbuki PISA kimi beynəlxalq qiymətləndirmələr şagirdin yalnız mətni oxuyub-oxumadığını deyil, həmin mətnlə işləmək qabiliyyətini də ölçür: “Məsələ daha çox oxumağın özündən yox, oxuduğu məlumat üzərində düşünmək, onu təhlil etmək bacarığının kifayət qədər formalaşmamasından qaynaqlanır. Uzun müddət tədris və qiymətləndirmədə qrammatika, qayda və hazır informasiyanın mənimsənilməsi daha çox ön planda olub. Halbuki PISA kimi beynəlxalq qiymətləndirmələr məhz mətnin əsas fikrini müəyyənləşdirmək, məlumatlar arasında əlaqə qurmaq, nəticə çıxarmaq və müəllifin mövqeyini anlamaq kimi bacarıqları ölçür”.
Ekspertin sözlərinə görə, problemin həlli yalnız yuxarı siniflərdə əlavə dərslərin keçirilməsi ilə məhdudlaşmamalıdır. Bu bacarıqlar ibtidai təhsil pilləsindən başlayaraq sistemli şəkildə formalaşdırılmalıdır: “Hesab edirəm ki, əsas yol yalnız yuxarı siniflərdə əlavə dərslər keçmək deyil. Bu bacarığın ibtidai təhsildən sistemli şəkildə formalaşdırılmasıdır. Şagirdə sadəcə mətni oxutmaq kifayət etmir. Oxuduğu mətn haqqında sual vermək, fikrini əsaslandırmaq, müxtəlif mənbələrdəki məlumatları müqayisə etmək və oxuduğunu öz sözləri ilə ifadə etmək vərdişləri yaradılmalıdır”.
Əmrah Həsənli hesab edir ki, bunun üçün müəllimlərin metodik yanaşmaları da gücləndirilməlidir. Onun fikrincə, qiymətləndirmə mexanizmləri də şagirdlərin hansı bacarıqları inkişaf etdirməsinə birbaşa təsir göstərir: “Bunun üçün müəllimlərin də metodik yanaşmaları gücləndirilməlidir. Burada qiymətləndirmənin də rolu çox böyükdür. İmtahanlarda hansı bacarıqlar ölçülürsə, məktəb və hazırlıq prosesində təbii olaraq həmin istiqamətə yönəlmə baş verir”.
Əmrah Həsənlinin fikrincə, burada əsas məqsəd uşaqları sadəcə daha çox kitab oxumağa məcbur etmək deyil. Vacib olan oxuduğu məlumatı anlayan, təhlil edən və ondan düzgün istifadə edə bilən şagirdlərin yetişdirilməsidir: “Əsas məqsəd uşaqları sadəcə daha çox kitab oxumağa məcbur etmək deyil, oxuduğunu anlayan, təhlil edən və həmin məlumatdan istifadə edə bilən şagirdlər yetişdirməkdir. Əgər biz bu istiqamətdə irəliləmək istəyiriksə, qeyd olunan addımları mütləq şəkildə atmalıyıq”.

Təhsil eksperti, dosent İlham Əhmədov isə nazirin açıqlsadığı PİSA qiymətləndirməsini yanlış hesab edir: "PISA nəticələrinin Azərbaycan cəmiyyətində və təhsil siyasətində müzakirəsi zamanımenecerlər tez-tezciddi metodoloji səhvə yol verirlər. PISA qiymətləndirməsində ölkəmizin 15 yaşlı şagirdlərinin 60% -nin oxuduğu mətni anlamaması faktı bəzən bütün ölkə əhalisinin intellektual xüsusiyyəti kimi təqdim edilir.
Menecerlər 6 ildir ki, “əhalinin 60 % oxuduğu mətni anlamır” kimi səhv fikirlər səsləndirirlər. Bu yanaşma elmi-metodoloji və pedaqoji baxımdan çox ciddi səhvdir. Niyə?
PISA 15 yaşlı şagirdlərin müəyyən dövrdə əldə etdikləri funksional savadlılıq səviyyəsini ölçür. O, insanın ömürlük intellektual potensialına və ya bütöv xalqın düşüncə qabiliyyətinə dair diaqnoz qoymur".
"PISA ənənəvi məktəb imtahanı deyil. Onun məqsədi şagirdin sadəcə hansı faktları yadda saxladığını müəyyən etmək deyil. PISA oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərin real situasiyalarda tətbiqi, informasiyanın təhlili, müqayisəsi və nəticə çıxarma qabiliyyətini qiymətləndirir. Deməli, PISA nəticəsi konkret bir yaş qrupunun konkret dövründə müəyyən səriştələrə sahiblik səviyyəsini göstərir. Bu iki məsələdə prinsipial fərq var.
“15 yaşlı şagirdlərin müəyyən hissəsi oxu üzrə minimal funksional səviyyəyə çatmayıb” faktı ilə, “ölkə əhalisinin 60 faizi mətni anlamır” faktı tam fərqlidir.
Birinci fikir elmi qiymətləndirmə nəticəsi, ikinci fikir isə həmin nəticənin metodoloji baxımdan həddindən artıq genişləndirilməsi və səhv şərhidir", - deyə ekspert bilsirir.
İlham Əhmədov qeyd edir ki, insan intellekti 15 yaşda formalaşmasını başa vurmur: "15 yaş insanın intellektual inkişafının son mərhələsi deyil. Əksinə, bu yaşdan sonra insan daha bir neçə il orta təhsil alır, daha sonra ali və ya peşə təhsili alır, əmək fəaliyyətinə başlayır, müxtəlif sosial və intellektual təcrübələr qazanır, daim öz üzərində işləyir, kurslarda və digər əlavə təhsil mərkəzlərində biliyini offlayn və ya onlayn artırır.
Bir insan 15 yaşında zəif oxu bacarığı göstərə bilər, lakin 20 yaşında universitet tələbəsi kimi mürəkkəb elmi mətnlərlə işləyə bilər. 25 yaşında peşəkar fəaliyyət nəticəsində analitik düşünmə bacarığını inkişaf etdirə bilər. 40 yaşında isə həyat və peşə təcrübəsi nəticəsində 15 yaşındakı intellektual səviyyəsindən tamamilə fərqli bir səriştələr sisteminə sahib ola bilər.
İnsan intellektini statik göstərici kimi qəbul etmək düzgün deyil. Müasir pedaqogika və inkişaf psixologiyası bildirir ki, kognitiv və funksional bacarıqlar təhsil, sosial mühit, peşə fəaliyyəti, mütaliə və davamlı təcrübə nəticəsində dəyişir. Bu səbəbdən 15 yaşında aparılmış qiymətləndirməni insanın bütün həyatına şamil etmək elmi baxımdan ciddi səhvdir".
Ekapertinfikrincə, ən böyük metodoloji səhv epizodu bütün həyat dövrünə aid etməkdir: "PISA müəyyən yaş qrupu üzrə mövcud durumu qeydə alır. Bu qeydiyyat təhsil sisteminin həmin anda nə vəziyyətdə olduğunu göstərir. Lakin bu insanın bütün həyat tarixçəsi ola bilməz. Elə dahilər olub ki, 16-18 yaşında əlifba öyrəniblər, sonralar da tarixdə parlaq iz qoyublar.
PISA nəticəsindən belə qənaətə gəlmək olar ki, məktəbdə oxuyan 15 yaşlıların müəyyən hissəsi həmin dövrdə funksional oxu bacarıqlarına malik deyil. Bu, çox ciddi problemdir və təhsil siyasəti üçün ciddi xəbərdarlıqdır. Amma bu faktdan həmən uşaqların ömür boyu mətni anlamayacağı” nəticəsi çıxmır. Daha da irəli gedərək “xalqın 60 faizi mətni anlamır” demək isə statistik göstəricinin sosial stereotipə çevrilməsidir.
Burada yaş qrupu ilə əhali, məktəb nəticəsi ilə insanın ömürlük intellectual potensialı, konkret səriştə ilə ümumi düşünmə qabiliyyəti qarışdırılır. Bunun bilgi azlığından yoxsa, məqsədli şəkildə edilməsi bəlli deyil. Hər iki hal pisdir.
Bu tənqidi yanaşma PISA nəticələrinin əhəmiyyətini azaltmır. Əgər 15 yaşlı şagirdlərin böyük hissəsi oxuduğu mətndən nəticə çıxarmaqda, informasiyanı müqayisə etməkdə və mənanı təhlil etməkdə çətinlik çəkirsə, bu, həmin şagirdlərin şəxsi və əbədi xüsusiyyəti deyil. Bu, ilk növbədə təhsil sisteminin həmin yaşa qədər yaratdığı mənfi nəticənin göstəricisidir. Deməli, PISA nəticəsi şagirdlərə və ya xalqa qoyulmuş intellektual “hökm” deyil, məktəb sisteminə qoyulmuş təşkilati diaqnozdur.
Bəs niyə təhsil sistemimiz 15 yaşına qədər bütün şagirdlərə oxuduğunu anlama, təhlil etmə və tətbiq etmə bacarığını lazımi səviyyədə formalaşdıra bilmir? 6 il ərzində tez-tez “xalqın 60 faizi mətni anlamır” deməkdənsə, bəlkə konkret problemin həllinə fokuslanmaq daha yaxşı olardı. Bu məqsədlə diqqəti dərsliklərin keyfiyyətinə, kurikulumun məzmununa, müəllim hazırlığına, qiymətləndirmə sisteminə və təhsil idarəçiliyinə yönəltmək lazım idi."
İlham Əhmədov qeyd edir ki, PISA xalqa yönəli hökmü deyil, məktəbin və menecerlərin fəaliyyətinin güzgüsüdür: "Göründüyü kimi, PISA nəticələrindən xalqın intellektual səviyyəsi haqqında ümumiləşdirilmiş, heç də xoş olmayan, uzunmüddətli mənfi nəticələr çıxarmaq elmi baxımdan ciddi səhvdir. 15 yaşlı şagirdin həmin anda göstərdiyi nəticə onun gələcək intellektual inkişafını tam müəyyən etmir. İnsan sonrakı təhsil, peşə fəaliyyəti, mütaliə və həyat təcrübəsi nəticəsində öz səriştələrini inkişaf etdirir. Bu səbəbdən “PISA göstərir ki, əhalinin və ya insanların 60 faizi mətni anlamır” fikri statistik, pedaqoji, metodoloji baxımdan ciddi korreksiya edilməlidir. Bir daha xalqın ünvanına belə məsuliyyətsiz fikirlər söylənməməlidir.
ETN özünün səriştəsizliyi səbəbi ilə təhsildə yaranan bu problemləri həll etmək əvəzinə, cəmiyyəti günahlandırır. Bu həm də səbəb-nəticə əlaqələrini düzgün qurulmamasıdır.
PISA-nın mesajı budur ki, məktəb sisteminin 15 yaşa qədər yetişdirdiyi şagirdlərin xeyli hissəsi funksional oxu bacarıqlarına sahib deyil. Amma bu, xalqın intellektual diaqnozu deyil. Bu, ilk növbədə məktəbin, kurikulumun, dərsliyin, müəllim hazırlığının və təhsilin səriştəsiz idarəedilməsinin diaqnozudur.
PISA bir qiymətləndirmə alətidir. PİSA-nı insanları və ya xalqı qiymətləndirmək üçün siyasi ritorikaya çevirmək, faktları manipulyasiya etməklə PR kompaniyası qurmaq əvəzinə, onu təhsil sisteminin zəif nöqtələrini aşkar edən elmi alət kimi qəbul etmək lazımdır.
PISA 15 yaşlı uşağın gələcəyini proqnozlaşdırmır. O, həmin uşağın 15 yaşına qədər keçdiyi təhsil yolunun nəticəsini və təhsil menecerlərinin səriştəsini göstərir.
Əsas hədəf uşağa və ya xalqa “diaqnoz” qoymaq deyil, hədəf təhsil sisteminin həmin nəticəni niyə yaratdığını elmi şəkildə araşdırmaq və dəyişdirməkdir".
E. Bəyməmmədli