Azərbaycan məhsulları niyə dünya bazarına çıxa bilmir? – Əsas problemlər AÇIQLANDI
Ölkəmizdə xarici brendlərin bazardakı payı artdığı halda, yerli şirkətlərin bir çoxu uzunmüddətli perspektivdə böyük brendə çevrilməkdə çətinlik çəkir. Yerli istehsalçıların qarşılaşdığı əsas problemlər arasında xammal, maliyyələşmə, marketinq, satış şəbəkəsi və rəqabət imkanları göstərilir. Azərbaycan şirkətlərinin xarici brendlərlə rəqabət aparmasına nə mane olur? Yerli brendlərin böyüməsi üçün dövlət dəstəyi, vergi güzəştləri, yoxsa bazara çıxış imkanları daha vacibdir
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında İctimai Şuranın sədr müavini Emin Əliyev deyib ki, Azərbaycanda yeni sahibkarlıq modeli formalaşma mərhələsindədir.
Onun sözlərinə görə, ölkədə uzun illər mövcud olmuş sahibkarlıq modeli əsasən sovet dövründən miras qalan təsərrüfatçılıq ənənələri üzərində formalaşıb: “1990-cı illərin sonlarından etibarən isə təsərrüfatların tədricən kommersiya və kooperativ əsaslara keçməsi ilə yeni biznes subyektləri yaranmağa başlayıb. Yeni sahibkarlıq modeli isə təxminən son 8-10 ildə formalaşmağa başlayıb. Bu model çərçivəsində dünya bazarlarına çıxmaq, ölkə daxilində və beynəlxalq müstəvidə rəqabətədavamlı markalar yaratmaq istiqamətində fəaliyyət göstərilir”.
E.Əliyev bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə baxmayaraq, ölkədə hələ də əsasən xammal yönümlü istehsal və iqtisadiyyat modeli üstünlük təşkil edir: “İnsanlar, məsələn, kənd təsərrüfatında məhsul yetişdirir, onu bazara xammal şəklində çıxarırlar. Bu məhsulların emalı isə arzuolunan səviyyədə deyil. Azərbaycanın dünya bazarlarına kənd təsərrüfatı məhsullarını əsasən xammal formasında çıxarması müşahidə olunur. Emal sənayesinin və emal müəssisələrinin yaradılması istiqamətində işlər davam edir, lakin bu sahə hələ arzuolunan səviyyəyə çatmayıb”.

O qeyd edib ki, sahibkarlığın inkişafı qarşısında maliyyə məsələsinin ən ciddi problemlərdən biri olduğunu düşünmək doğru deyil: “Ölkədə iqtisadiyyatın subsidiyalaşdırılması və sahibkarlığın inkişafının təşviqi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir: Hazırkı vəziyyətdə bir neçə fond və bank vasitəsilə, güzəştli kredit və dövlət dəstəyi imkanlarından istifadə etməklə maliyyə cəlb etmək mümkündür. Bu istiqamətdə imkanları daha da genişləndirmək olar”.
İctimai Şura sədrinin müavini satış şəbəkələrinə çıxış məsələsində də dövlət tərəfindən müəyyən addımların atıldığını vurğulayıb: “AZPROMA və İqtisadiyyat Nazirliyi vasitəsilə sahibkarların xarici bazarlara çıxışının təşviqi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Amma sahibkar yalnız dövlətdən dəstək gözləməməli, özü də fəal fəaliyyət göstərməlidir. Dövlət bu məsələlərdə subsidiya və güzəştlər təqdim edə bilər. Məsələn, sahibkar məhsulunu yeni xarici bazara çıxararkən həmin bazara daxil olmaqla bağlı müəyyən xərcləri dövlət subsidiyalaşdıra bilər. Gömrük, logistika və ictimaiyyətlə əlaqələr istiqamətindəki xərclərin müəyyən hissəsinin qarşılanması buna nümunədir”.
Emin Əliyev sertifikatlaşdırma ilə bağlı da dövlət dəstəyinin olduğunu deyib: “İxrac olunan məhsulların sertifikatlaşdırılması ilə bağlı xərclərin müəyyən hissəsi dövlət tərəfindən qarşılanır. Müasir sahibkarlıq modelinin əsas istiqamətlərindən biri təbii resurslarla yanaşı, bilik və innovasiyaya əsaslanan məhsulların dünya bazarlarına çıxarılması olmalıdır. Dünya bazarlarına daha çox təbii resurslardan istehsal və emal edilən məhsullarla yanaşı, beyin məhsulları da çıxarılmalıdır. Təəssüf ki, bu sahədə hələ qabaqcıl mövqedə deyilik. Sürətli inkişaf müşahidə olunur, lakin postsovet ölkələrinin, eləcə də bir sıra qonşu dövlətlərin göstəriciləri ilə müqayisədə müəyyən qədər geridə qalırıq”.
E.Əliyev əlavə edib ki, mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulları markalaşdırması da əsas problemlərdən biridir: “Ən narahatedici məqamlardan biri mikro və kiçik sahibkarlıq subyektlərinin öz məhsullarını brendləşdirə bilməməsidir. Onlar yaratdıqları markaları nəsildən-nəslə ötürməkdə çətinlik çəkirlər. Məsələn, Azərbaycanda uzun illərdir pomidor, xiyar və badımcan turşuları istehsal edən təsərrüfat subyektləri var. Bu məhsullar ənənəvi olaraq kənd bazarlarında satılır və onların bir qismi hətta sovet dövründən fəaliyyət göstərir. Lakin bu məhsulların böyük əksəriyyəti brendləşdirilməyib, markalaşdırılmayıb. Hesab edirəm ki, belə məhsulların düzgün markalaşdırılması və tanıdılması onların xarici bazarlara çıxarılması üçün də geniş imkanlar yarada bilər. Halbuki bu məhsulların xarici bazarlara çıxarılması potensialı var”, – deyə o sonda fikirlərini tamamlayıb.