Avropalı diplomat Qarabağla bağlı TƏXRİBATA çəkildi
"Mədəni irsin qorunması və dəstəklənməsi təkcə sülh prosesinin vacib hissəsi deyil, həm də Avropa İttifaqı üçün vacib dəyərdir".
Hurriyyet.media bildirir k, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Armenpress müxbirinə verdiyi müsahibədə bildirib.
Sentyabrın 14-də o, Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyanın müşayiəti ilə M. Maştots adına Qədim Əlyazmalar Elmi-Tədqiqat İnstitutu olan Matenadaranı ziyarət edib. Qrono bundan əvvəl Qarabağa səfər efib və daha sonra sosial mediada paylaşım edərək "müəyyən yerlərin mənşəyi ilə bağlı dərin fərqli baxışlar və rəvayətlər olduğunu" bildirib. Bu paylaşım Ermənistanda tənqidlərə səbəb olub. Jurnalist Aİ nümayəndəsinin onun bu paylaşımına Qrononun özündən cavab istəyib.

"Mən, əlbəttə ki, əvvəllər münaqişədən təsirlənmiş Qarabağ bölgələrində keçmişdə ermənilərin mövcudluğunu və zəngin irsini mübahisələndirmirəm. Ötən həftə Kəlbəcərdə və Ağdərədə oldum, Gəncəsər və Xudavən gi ziyarət etdim. Bu gün yenidən İrəvanda Matenadaranı ziyarət etməkdən məmnun oldum. Bu irs qorunmalı və dəyərləndirilməlidir, əsassız siyasiləşdirmə və fərziyyələrdən qaçınılmalıdır".
"İnanıram ki, barışığı tam şəkildə təmin etmək üçün müəyyən bir məqamda bu məsələlər üzrə dialoq aparmaq da zəruri olacaq. Hər iki tərəfin fikirlərini eşitmişəm və bilirəm ki, bunlar onlarda dərin hisslər oyadır. Həmçinin həftəsonu səfərim zamanı Qarabağda mövcud olan vacib irsi görmək fürsətindən məmnun oldum", - deyə Aİ-nin nümayəndəsi bildirib.
Göründüyü qədər, erməni mediası Qərb diplomatlarını mümkün qədər təxribata çəkməyə çalışır. Onun dilindən "Qarabağdakı qədim erməni irsi" kimi uydurma ifadələr almağa can atırlar. Qrono diplomatik gedişlər edərək suallara balanslı cavab verməyi üstün tutub. Lakin yenə də Qarabağda ermənilərin "zəngin irsi" deməyə bilərdi. Hər halda, Aİ ermənilərin könlünü almaq üçün bu ritorikaya üstünlük verib.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə səfəri Ermənistan mediasında adi protokol xəbəri kimi qalmayıb. İlkin məlumatlardan sonra proses Qərb diplomatlarının hədəfə alınmasına, Gəncəsər və Xudavəng ətrafında “mədəni irs” kampaniyasına, Azərbaycanın Qarabağ üzərində suverenliyini şübhə altına alan siyasi çağırışlara çevrilib.
Onu da yada salmaq yerinə düşər ki, sentyabrın 11-12-də təşkil olunan ikigünlük səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın şəxs iştirak edib. Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiət etdiyi nümayəndə heyəti Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə bərpa-quruculuq işləri, yeni infrastruktur, istehsal müəssisələri, yaşayış məhəllələri və tarixi-dini abidələrlə tanış olub. Bu, 2020-ci ildən sonra diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura 22-ci kollektiv səfəri idi.
Ermənistan mediasının böyük hissəsi isə “azad olunmuş ərazilər” ifadəsini qəbul etmir. Xəbərlərdə “işğal olunmuş Artsax”, “Bakının nəzarətində olan Artsax” və “işğal olunmuş Şuşa” kimi axmaq və yanlış ifadələr işlədilib.