📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropada yeni təhdid - Yeniyetmələrdən necə istifadə olunur?

2026-09-09 10:18:30

Avropada yeni təhdid - Yeniyetmələrdən necə istifadə olunur?

Avropa hüquq-mühafizə orqanları gənc internet istifadəçiləri arasında yeni növ zorakı ekstremizmin artdığını qeydə alıblar. 

Hurriyyet.media  “Associated Press”ə istinadən xəbər verir ki, həmin ekstremizmin iştirakçıları müəyyən bir siyasi və ya dini ideologiyaya bağlı olmaya bilərlər: onları qəddar davranışa maraq, ətrafdakıları heyrətləndirmək istəyi və sosial şəbəkələrdə məşhurlaşmaq arzusu birləşdirir. 

Bu təhlükə barədə isə Avropa İttifaqının terrorizmlə mübarizə koordinatoru Bartjan Vegter danışıb. Onun sözlərinə görə, söhbət məhz zorakılıq naminə zorakılıqdan gedir. Yeniyetmələr hücumların görüntülərini yayır, cinayətləri müzakirə edir və bir-birilərini real həyatda eyni hərəkətlərə sövq edirlər.

İyun və iyul aylarında doqquz Avropa ölkəsinin hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı mütəxəssislər belə icmalardan biri ilə əlaqəli təxminən 4340 internet ünvanı aşkar ediblər. Sözügedən icmanın vahid rəhbərliyi və ya strukturunun olmadığı, bunun da təhqiqatları əhəmiyyətli dərəcədə çətinləşdirdiyi qeyd olunub. 

Məlumata görə, iştirakçılar sosial şəbəkələr, qapalı çatlar və şifrələnmiş platformalar arasında sürətlə keçid edirlər. Onların bəziləri şantaj və psixoloji təzyiqdən istifadə edərək yeniyetmələri özlərinə və ya ətrafdakılara zərər vurmağa, hadisənin görüntülərini paylaşmağa məcbur edirlər.

Həmçinin bildirilib ki, məhkumluğu və tanınan radikal qruplarla nəzərəçarpacaq əlaqələri olmayan cinayətkarlar xüsusi narahatlıq doğurur. Onlar polisin diqqət mərkəzinə düşmədən zorakılıq əks olunan materiallara baxa, hücumun hazırlanmasında fəal iştirak edə bilərlər. 

Avropolun məlumatına görə, 2025-ci ildə Avropa İttifaqının 10 ölkəsində qarşısı alınmış və baş tutmayanlar da daxil olmaqla 45 terror aktı qeydə alınıb. Hücumlar nəticəsində 6 nəfər həlak olub. Bununla yanaşı, 21 ölkədə terror fəaliyyəti ilə əlaqəsi olmaqda şübhəli bilinən 486 nəfər saxlanılıb. 

Bu hadisələrlə əlaqədar Avropa qurumları rəqəmsal araşdırma alətlərinin genişləndirilməsini tələb edirlər. Bununla yanaşı, həmin ölkələrin hakimiyyət orqanları qapalı yazışmalara nəzarətin gücləndirilməsinin milyonlarla vətəndaşın məxfilik hüququna təsir etdiyini etiraf edib. Təhlükəsizlik və şəxsi həyat arasında balansın axtarışı yeni təhdidlə mübarizədə əsas maneə olaraq çıxış edir.