📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama

2026-09-10 17:16:11

Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama

Sabunçuda ananın doğuşdan sonra qolları olmayan körpəsindən rəsmi şəkildə imtina etməsi ilə bağlı təfərrüat məlum olub.

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, iyunun 27-si saat 00:40 radələrində 1985-ci il təvəllüdlü hamilə təcili tibbi yardım briqadası tərəfindən Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Qeyd edilib ki, hamiləliyinin 36-cı həftəsində olan şəxsə doğuşun I dövrü, dölyanı mayenin vaxtından əvvəl axması diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

“Pasiyent üzərində qeysərriyyə əməliyyatı icra olunub və cinsi oğlan, boyu 47 sm., çəkisi 2 kq. 600 qr. olan uşaq çoxsaylı inkişaf qüsurları ilə dünyaya gəlib.

Zahı qadın sonrakı müşahidə və müalicə mərhələsi başa çatdıqdan sonra, avqustun 30-da yazılı iltizamnamə yazaraq, övladından imtina edərək tibb müəssisəsini tərk edib.

Bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Körpənin tibb müəssisəsində olduğu müddət ərzində ona zəruri tibbi xidmətlər göstərilib və müvafiq tibbi nəzarət təmin olunub.

Körpə sentyabrın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib”, - məlumatda bildirilib.