📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Alman jurnalist Rusiya agentlərinin arasına sızdı – Sirri açılınca ölümlə hədələndi

2026-09-13 10:19:59

Alman jurnalist Rusiya agentlərinin arasına sızdı – Sirri açılınca ölümlə hədələndi

Alman jurnalist Anjelik Geray Rusiyanın Almaniyada fəaliyyət göstərdiyi bildirilən “birdəfəlik agentlər” şəbəkəsini araşdırmaq üçün bir il ərzində özünü Rusiya hakimiyyətinin tərəfdarı kimi təqdim edib. Jurnalistin saxta kimliyi ifşa olunduqdan sonra isə ona ölüm hədəsi gəlib.

Hurriyyet.media  xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə DW məlumat yayıb.

RTL, ntv və “Stern” üçün çalışan Anjelik Geray sosial şəbəkələrdə “Katya” adlı saxta profil yaradaraq Rusiya hakimiyyətinə rəğbət bəsləyən almaniyalı qadın obrazına girib.

Geray Rusiya bayrağı fonunda dənizçi köynəyində videolar çəkib, üçrəngli bayraqla Bundestaqın ətrafında dolaşıb və paylaşımlarında Rusiya rəhbərliyinə heyranlığını nümayiş etdirib.

Çox keçmədən onunla əlaqə yaradılıb və müxtəlif tapşırıqlar verilməyə başlanıb.

Jurnalistin sözlərinə görə, ondan Almaniyadakı müəyyən obyektlərin fotoşəkillərini çəkmək, hakim Xristian Demokrat İttifaqını (CDU), silah istehsal edən şirkətləri və qeyri-hökumət təşkilatlarını izləmək tələb olunub.

Tapşırıqlar arasında həmin qurumların əməkdaşları haqqında əlaqə və şəxsi məlumatların toplanması da olub.

Araşdırmaya görə, “birdəfəlik agentlər”in cəlb edilməsi əvvəlcə şübhə doğurmayan və qanuni görünən xırda işlərlə başlayır. Məsələn, müəyyən obyektin şəklini çəkmək, bağlamanı götürmək və ya SİM-kart əldə etmək müqabilində kiçik məbləğdə pul təklif olunur.

Daha sonra isə tapşırıqlar tədricən mürəkkəbləşir və təhlükəli xarakter almağa başlayır.

Əlaqənin əsasən “Telegram” vasitəsilə qurulduğu bildirilir. Şəbəkə elə təşkil olunur ki, ayrı-ayrı şəxslər ümumi əməliyyatın yalnız özlərinə aid kiçik hissəsindən xəbərdar olurlar.

Geray bir il davam edən araşdırmanın sonunda “Katya”nın əslində mövcud olmadığını və bütün bunların jurnalist araşdırmasının bir hissəsi olduğunu açıqlayıb.

Bundan sonra ona səsli mesajla ölüm hədəsi göndərilib:“Qaçmağa çalışsan, güllə alacaqsan!”

Araşdırma Almaniyada xarici kəşfiyyat strukturlarının peşəkar agentlərdən başqa, sosial şəbəkələr vasitəsilə cəlb olunan adi şəxslərdən konkret tapşırıqlar üçün necə istifadə edə biləcəyinə dair diqqətçəkən detalları ortaya qoyub.