📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Allah yoxdur” deyən qazı niyə döyüldü?– Deputat: "Bu, terrorçu zehniyyətdir"

2026-09-03 18:15:25

“Allah yoxdur” deyən qazı niyə döyüldü?– Deputat:

“Çevik” ləqəbi ilə tanınan, İkinci Qarabağ müharibəsi iştirakçısı Məqsəd Bağırovun iki nəfər tərəfindən döyülməsi barədə yayılan xəbərlər ciddi ictimai müzakirələrə səbəb olub.

Hurriyyet.media  xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa hadisəyə sərt münasibət bildirib. Deputat qeyd edib ki, özünü ateist kimi təqdim edən Çevik sosial şəbəkələrdə din mövzusunda canlı yayımlar açır, müzakirələr aparırdı. Fazil Mustafa onun üslubunu bəyənmədiyini, lakin canlı yayımlara qoşulan bəzi din tərəfdarlarının da köntöy, aqressiv və dözümsüz davranışlarını qəbuledilməz saydığını vurğulayıb.

Deputatın fikrincə, insanın dini baxışları, Allahın varlığına inanıb-inanmaması və fikirlərini hansı üslubda səsləndirməsi ona qarşı fiziki zorakılığa heç bir halda əsas verə bilməz.

Fazil Mustafa yazır:

“Ölkəmizdə tüğyan edən Allah qoruyuculuq, din qoruyuculuq, məzhəb-təriqət qoruyuculuq xəstəliyi bu cür vəhşi metodlarla insanların susdurulmasına gətirib çıxarırsa, buna biganə qalmaq olmaz”.

Millət vəkili bəzi radikal dini düşüncəli şəxslərin “Çevikin ‘Allah yoxdur!’ deməsi bizim inanclarımızı təhqir edir” məzmunlu fikirlər səsləndirməsini də təhlükəli yanaşma adlandırıb. Onun sözlərinə görə, belə bir münasibət “tam bir terrorçu zehniyyətin özü” kimi anlaşılmalıdır.

Fazil Mustafa hesab edir ki, kiminsə “Allah yoxdur!” deməsi Allahı yox etməz. Əksinə, belə bir fikir inanclı insanı Allahın varlığı barədə daha dərindən düşünməyə, araşdırmağa və öz inancını şüurlu şəkildə dərk etməyə yönəldə bilər. Deputat zorakılığın Allahın və dinin müdafiəsi adı altında əsaslandırılmasının cəmiyyət üçün ağır nəticələr doğura biləcəyini vurğulayıb.

O bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları hadisəyə prinsipial yanaşmalı, baş verənlərin motivini dəqiq araşdırmalı və qanuna uyğun tədbirlər görməlidir. Hadisənin motivi barədə rəsmi açıqlama verilmədiyini xatırladan deputat əvvəlcədən qəti hökm çıxarmağın doğru olmadığını da qeyd edib:

“Əgər gerçəkdən ‘din və ya məzhəb qoruyuculuğu’ niyyəti ilə bu əməl törədilibsə, bunun ‘oldu-bitdi’ deyib üzərindən keçmək olmaz”.

Fazil Mustafa fikrini olduqca sərt və düşündürücü müqayisə ilə tamamlayıb:

“‘Allah yoxdur!’ deyən adam heç olmazsa, ‘Vətən var!’ deyib canını dövlətimizin və millətimizin yolunda fəda etmişsə, ‘Allah vardır!’ deyib ‘Mənim ağam həm Vətənimdir, həm də millətimdir, mənsə onun nökəriyəm!’ deyən Azərbaycan vətəndaşından daha şərəfli varlıq deyilmi?”

Deputat mövzunun mahiyyətinin daha dəqiq anlaşılması üçün bir müddət əvvəl qələmə aldığı və hər zaman aktual hesab etdiyi “Qəzəb və gül dağıdanlar” adlı məqaləsini də yenidən paylaşıb.

Həmin yazıda Fazil Mustafa İsveçdə Quranın yandırılması hadisəsindən çıxış edərək dini dəyərlərin müdafiəsi, kitab yandırmaq barbarlığı, müsəlman dünyasındakı dözümsüzlük və zorakılıq problemləri barədə mülahizələrini açıqlayıb. 

Deputat yazır ki, Quran müsəlmanlar üçün “kitablar kitabı” sayılsa da, baş verən hadisəyə ümumbəşəri bir həqiqət prizmasından yanaşmaq lazımdır: nəticə etibarilə yandırılan bir kitabdır. Onun fikrincə, hansı kitabın və kim tərəfindən yandırılması sonrakı müzakirənin mövzusudur. Əsas həqiqət budur ki, kitab yandırmaq özü-özlüyündə düşüncəyə, biliyə və insan zəkasına qarşı barbar münasibətdir.

Fazil Mustafa hesab edir ki, demokratiyası və sosial ədaləti ilə qürur duyan İsveç kimi bir ölkədə hər hansı kitabın yandırılması demokratiyanın və sosial ədalətin də “yavaş-yavaş tüstülənməsi” deməkdir. Onun sözlərinə görə, İsveç “kitab yandırılan ölkə” kimi bədnam ad qazanmamaq üçün Kitaba inancı olan bütün insanlardan üzr istəməli idi.

Deputat diqqətə çatdırır ki, kitab yandırmaq yalnız din və inancla bağlı məsələ deyil. Səmimi müsəlman Tövratı və İncili də müqəddəs mətn kimi qəbul etdiyi üçün onları yandırmaz. Lakin radikal, fanatik və ekstremist düşüncəyə sahib olan şəxs Qurana zidd hesab etdiyi istənilən kitabı yandırmağa hazır ola bilər.

Fazil Mustafa Quranın yandırılmasına etiraz edən müsəlmanlar arasında ən ağıllı və tərbiyəli davranışı əllərində gül dəstələri ilə kilsələri ziyarət edən insanların göstərdiyini vurğulayıb. Onlar gülləri kilsələrin qapısına düzməklə bir təxribatçının hərəkətinin öz əxlaq müvazinətlərini və insanlıq sevgilərini poza bilmədiyini nümayiş etdiriblər.

Deputatın fikrincə, ən təhlükəli ssenari xristianların da küçələrə çıxaraq Quranı əslində müsəlmanların özlərinin yandırdığını iddia etməsi olardı. Çünki müsəlmanlar Quranı əsrlər boyu təhrif etməklə, məzhəblərə bölünərək bir-birinin qanını tökməklə, elmin, düşüncənin, sənətin və ədəbiyyatın qarşısına dini sədd kimi çəkməklə də “yandırıblar”.

Fazil Mustafa müsəlman dünyasındakı ədalətsizlikləri, qadınların alçaldılmasını, uşaqların dini titullardan istifadə edən şəxslər tərəfindən istismarını, fərqli düşüncə sahiblərinin kafir, müşrik və münafiq adlandırılaraq təqib olunmasını da Quranın ruhuna qarşı yönəlmiş əməllər kimi qiymətləndirib.

O, olduqca sərt bir sual ünvanlayıb:

“Məgər bütün müsəlman dünyasından hər gün eşitdiyimiz ah-nalənin gerisində yanan Quranı görmürsünüz? Məgər anlamırsınız ki, adını İslam dövləti qoyub milyonlarla insanı fahişəliyə, uşaqbazlığa, zorakılığa, köləliyə, narkomaniyaya və savadsızlığa düçar etdiyiniz zaman bu Quranı məhz siz müsəlmanlar yandırmısınız?”

Deputat uşaqlıq illərindən yaddaşında qalan acı bir mənzərəni də xatırladıb. O yazıb ki, vaxtilə evlərdə və qonşuluqda kömür sobasının yanında lazımsız sayılan kitablar saxlanılar, sönmüş sobanı yandırmaq üçün həmin kitablardan vərəqlər cırılardı. İnsanlar anlamazdılar ki, sadəcə yanacaq vasitəsi kimi gördükləri kitab əslində Yaradanın yaratdığı bir insanın zehninin, düşüncəsinin və əməyinin haqqıdır.

Onları 14 yaşlı qızlar dünyaya gətirib – Fazil Mustafa - Globalinfo.az

Fazil Mustafanın qənaətinə görə, bu gün tərəqqi edən, texnoloji kəşflərə imza atan və mədəni hüquqları tanıyan xalqların əsas xüsusiyyətlərindən biri onların kitaba münasibətinin dəyişməsidir. Tarix boyu faşistlər və kommunistlər öz ideologiyalarına zidd kitabları yandırıblar. Lakin hansı ideologiyanın və ya dinin adından həyata keçirilməsindən asılı olmayaraq, kitab yandırmaq eyni mahiyyətli barbarlıqdır.

Deputat İsveçdə Quranın yandırılmasına başqa prizmadan da baxmağı təklif edir. Onun fikrincə, bu hadisə müsəlmanlar üçün Quran üzərində yenidən düşünmək çağırışına çevrilə bilər. Bir təxribatçının Quranı yandırması onun mətninə və mahiyyətinə zərrə qədər zərər vura bilməz. Ancaq müsəlman cəmiyyətlərinin xurafat, gerilik, ədalətsizlik və vəhşi həyat tərzi içində qalması Quranın mənasının və əxlaqının gündəlik həyatda “yandırılması” deməkdir.

“Əgər Quranın yandırılmasına bu qədər həssassınızsa, o zaman onun mətninə də, mənasına da, təlqin etdiyi əxlaqa da öz yaşamınızda eyni həssaslığı göstərin”, – deyə Fazil Mustafa bildirib.

Deputat İslam Peyğəmbərinin karikaturasının çəkilməsi ilə bağlı vaxtilə yaranmış qalmaqalları da xatırladıb. Onun fikrincə, müsəlmanlar təhqiramiz karikaturalara etiraz etməkdə haqlı sayıla bilərlər. Lakin öz həyat tərzləri, ədalətsizlikləri və zorakı davranışları ilə İslam Peyğəmbərinin mənəvi irsinə zidd yaşayanların etirazı səmimi görünmür:

“Peyğəmbərin söymədiyini bunlar söyürlər, Peyğəmbərin döymədiyini bunlar döyürlər, Peyğəmbərin demədiyini bunlar deyirlər, Peyğəmbərin sevmədiyini bunlar sevirlər, Peyğəmbərin etmədiyini bunlar edirlər. Karikatura bundan artıq necə çəkilir ki?!”

Fazil Mustafa vurğulayıb ki, Quran insanlıq üçün örnək əxlaq və həyat kitabı, İslam Peyğəmbəri isə örnək şəxsiyyətdir. Lakin bu iki örnəyi öz həyatında unudaraq müsəlman təəssübkeşliyindən ağız dolusu danışanların qəzəbini və nifrətini anlamaq mümkün deyil.

Deputat eyni zamanda sağlam düşüncəli, insana sevgi və sayğı ilə yanaşan, Quran əxlaqını mənimsəyən və Peyğəmbərin həyatını səmimi şəkildə örnək götürən müsəlmanların da az olmadığını qeyd edib. Onun fikrincə, dünyanı müsəlmanın yalnız müsəlmanı sevməsi deyil, müsəlmanın insanı sevməsi gözəlləşdirə bilər.

Fazil Mustafa yazısını bu çağırışla tamamlayıb:

“Əfsus ki, dünyada müsəlman tanıtımı kilsələrə gül dağıdan insanların üzərindən deyil, küçələrdə qəzəb dağıdan insanların üzərindən aparılır. Gül dağıdan hər kəsə salam olsun! Siz həmişə gül dağıtsanız, kimsə nə Quranı yandıracaq, nə də Peyğəmbərin karikaturasını çəkəcək. Bu, həm də İnsanlığın böyük Peyğəmbərinə, Rəsulullaha göndərilən bir salamdır!”