📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Alında xaç və möhür - kasıb ölkələrə xas süpürləşmə

2026-09-06 17:11:36

Alında xaç və möhür - kasıb ölkələrə xas süpürləşmə

Din-məzhəb, inanc-iman mübahisələri getməyən ölkələr, bişəkk, xoşbəxtdirlər.

Kimsə deməsin ki, elə ölkə yoxdur. Var, özü də az deyil. Avropada elə ölkələr var. Bayraqlarına baxırsan, çoxunun bayrağında xaç rəsmi var, şəhərləri, qəsəbələri kilsələrlə, sinaqoqlarla, məscidlərlə və sair ilahidən “kupça”lı evlərlə dolub-daşır, amma din üstündə mübahisə aparmırlar.

Onlar bu cür davaları 150-200 il əvvəl edib qurtarıblar. Onların da hirs-hikkələi vaxtları, qaranlıq dövrləri olub. İnkvizisiya məhkəmələri “İsa” deyib, “peyğəmbər” deməyənləri, Məryəmin barəsində pıç-pıç edənləri, cadu-piti ilə məşğul olanları tonqalda yandırıb. “Varfolomey gecəsi”ndən keçiblər, katoliklərlə pravoslavlar bir-birini qırıb, protestantları ora-bura dağıdıb pərən-pərən salıblar, “Yəhova şahidləri”nin başına oyun açıblar, mormonları mələdiblər və s. və i.a.

krect.jpg (14 KB)

Axır ki, dalaşıb-qırışıb, dincəliblər, başa düşüblər ki, dünya fanidir, aşıq-şair deyəndir: “Bu dünyanın sonu puçdu, Güləndam”.

İndi oralarda sakitçilikdir, hər kəs öz məbədinə çəkilib ibadətini edir, daha bir-birinə “sizin məzhəbiniz düz deyil”, “sizin təriqətiniz yanlış yoldadır” kimi sözsöxmalar etmirlər.

Heç ateistlərə “kafir”, “dinsiz” deyən də yoxdur, elə onlar da dindarları “cahil” adlandırmırlar. Hər kəs öz çevrəsi ilə oturub-durur, gap edir.

rubi.JPG (35 KB)

Hərçənd hərdən siyasət naminə özünü mömin kimi göstərən, din təəssübü çəkdiyini külli-aləmə görk edənlər tapılır. Məsələn, ABŞ-nin dövlət katibi Mark Rubio keçən il alnına iri bir xaç şəkli çəkdirib camaatın içinə çıxmışdı. Yaxşı ki, serin alnındakı xaç şəkli döymə (tatu) deyildi, müvəqqəti şey idi, evinə getdi, sabunla yudu, silindi, getdi.

Amma bizim bəzi mollalar alınlarını o qədər möhürə basırlar ki, möhürün izi alında uzun müddət qalır. Bu, başqa leveldir, üst mərhələdir, staj tələb edir. Dünənki uşaq alnının möhürü ilə camaat içinə çıxsa, ciddi qarşılanmaz. Adamlar buna illərini verir.

Avropalı ruhanilərin bir işi da yaxşıdır ki, çox dözümlüdürlər, əməlli-başlı tolerantdırlar. Kimsə onların inancına ilişəndə (belə cüvəllağılar Avropada da var), təmkinlərini pozmurlar, onların var-yoxlarına söyüş söymürlər, sosial şəbəkədə bir neçə min adamı tag edərək status paylaşmırlar, heç mürtədləri Allaha da tapşırmırlar, türkün sözü, iqnor edirlər, məsələ bitir.

Ona görə də, açığı, hər 3 aydan bir ölkəmizdə sosial şəbəkədə dindar-ateist davası qızışanda bu ictimai platformaları icad edənlərə lənət oxuyanlar artır. Gül kimi kağız qəzetlərimizi oxuyur, keçinib gedirdik, bizim bu qlobal çayxanada nə işimiz vardı ki, hər dəqiqəbaşı könlümüzü bulandıran söhbətlərə ürcah oluruq.

Lap açığı, bu ölkədə sosial şəbəkələrin milli seqmenti artıq bir neçə ildir ki, paylaşma, dərdləşmə, ünsiyyət platforması deyil, din-məzhəb təbliğatı platformasıdır. Özü də o din təbliğatçıları necə edirlərsə, statusları dostluq siyahısında olmayanların da lentinə çıxır. Deyəsən, bu cür olması üçün pul ödəyirlər, yəni statuslarını reklama qoyurlar. Niyə axı? Yazdın, dostların oxudu, kifayət deyilmi? Yooo, bu müdrik fikirləri, ibrətamiz hədisləri daha çox adam görməlidir.

Kim nə deyir, desin, belə məsələlər ölkənin rifah halıyla tərs mütənasibdir.

Bu davalar yaşayış uğrunda gedən əzəli mübarizələrin tərkib hissəsidir. Ö ölkələr ki, adam balası kimi dolanışıqlarını, firavanlıqlarını təmin ediblər, onlar bir-birilə heç nə üstündə söyüşüb-dalaşmırlar, kasıb ölkələrdə isə hər müstəvidə süpürləşmə davam edir, biri də din-məzhəb tatamisidir.

Başqa sözlə, kasıb ölkələrin dindarları hakimiyyətə gəlmək üçün bu bayraq altında birləşiblər və davalarının məqsədi aydındır. Ortada parlaq nümunələr də var. “Taliban”çılar din bayrağı altında birləşdilər, illərlə vuruşdular, indi hakimiyyətə gəlib məmur olublar – villa-milla, biznes-miznes, cip-mip, huri-qılman, hər şeyləri var.

Bir oxumuş simsar var, bir dəfə bu xüsusda çox optimist fikir söylədi, dedi ki, 2027-ci ildə bizdə də Avropadakı kimi olacaq, din-məzhəb davaları olmayacaq, hamı öz işi-gücü ilə məşğul olacaq, istirahətinin, kef-damağının qayğısına qalacaq. Ürəkaçan proqnoz idi, çox sevindim. Amma o, əlavə etdi ki, bütün bunlar hicri-qəməri təqvimi ilə 2027-ci ildə olacaq. Yəni 578 ildən sonra. Yenə də şükür. Nə qalıb ki? Allahdan, qəməri təqviminin illəri 10 gün qısa olur, papağını hərlə, gəlib keçəcək.