📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağstafada yüksək nəticə göstərən abituriyentlərlə görüş - Fotolar

2026-09-05 16:39:23

Ağstafada yüksək nəticə göstərən abituriyentlərlə görüş - Fotolar

Ağstafada qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirilib. 

Hurriyyet.media  xəbər verir ki, görüşdə Ağstafa RİH başçısı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Rayonu üzrə Təhsil sektorunun müdiri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin əməkdaşları həmçinin valideynlər iştirak ediblər.

Görüşdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edib, onlara xoş arzularını çatdıraraq gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. O, qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektoru müdiri Mədəd Zeynalov çıxış edərək bu il orta məktəbi bitirən şagirdlərdən 23 nəfərinin 600 baldan yüksək nəticə göstərdiyini bildirib. Ən yüksək nəticəni isə Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Qarayeva Selcan İmran qızı göstərdiyini, onun, 684 balla Azərbaycan Tibb Universitetinə qəbul olduğunu qeyd edib. Görüşdə çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıblar.

Tələbələr isə öz növbələrində onlara göstərilən diqqətə və təbriklərə görə öz təşəkkürlərini bildirib, seçdikləri sahələr üzrə savadlı və ixtisaslı mütəxəssis olmaq üçün var gücləri ilə çalışacaqlarına söz veriblər.

Tədbirin sonunda yüksək bal toplamış abituriyentlər rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatladırılıb. Onlara fəaliyyətlərində uğurlar arzulanıb.