📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdamda Adilə Namazovanın 100 illik yubileyi qeyd edildi - Fotolar

2026-09-08 21:16:24

Ağdamda Adilə Namazovanın 100 illik yubileyi qeyd edildi - Fotolar

Ağdam Muğam Mərkəzində əməkdar elm xadimi, akademik Adilə Namazovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Hurriyyet.media xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Elman Məmmədov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq elmləri doktoru, professor Habil Qurbanov, əməkdar həkim Taryel Eyvazov, yubilyarın ailə üzvləri, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, həkimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin, Adilə Namazovanın və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Adilə Namazovanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Adilə Namazovanın Azərbaycan tibb elminin inkişafında, xüsusilə pediatriya sahəsindəki müstəsna xidmətlərindən, çoxillik elmi-pedaqoji fəaliyyətindən və zəngin irsindən söz açıblar. Bildirilib ki, Ağdamın zəngin elm, mədəniyyət və ziyalı ənənələrinin layiqli nümayəndəsi olan Adilə Namazovanın elmi fəaliyyəti, Azərbaycan tibb elminə verdiyi töhfələr və uzun illər ərzində yüksəkixtisaslı həkim və alimlərin hazırlanmasında göstərdiyi xidmətlər doğma Ağdamın tarixində və ölkəmizin elm salnaməsində xüsusi yer tutur.

Natiqlər görkəmli alimin elmi fəaliyyəti ilə yanaşı, yüksək insani keyfiyyətlərindən, vətənpərvərliyindən və gənc nəslə örnək olan həyat yolundan bəhs edərək onun əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayıblar.

Tədbirdə Adilə Namazovanın bacısı Tamella Namazova çıxış edərək tədbirinin təşkilinə görə Ağdam Rayon İcra Hakimiyyətinə və iştirakçılara təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artistləri Fehruz Səxavətin, Səbuhi İbayevin və Elnur Zeynalovun ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilmişdir.