ADP: Əhalinin üzərinə əlavə maliyyə yükünün qoyulması yolverilməzdir
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda beynəlxalq və regional proseslər, Azərbaycan-Ermənistan münasibətləri, Cənubi Qafqazda təhlükəsizlik məsələləri, eləcə də ölkə vətəndaşlarını narahat edən sosial xarakterli məsələlər müzakirə olunub.
Hurriyyet.media xəbər verir ki, toplantıda gündəliyin ilk məsələsi kimi Rusiya-Ukrayna arasında davam edən müharibə və onun sülh yolu ilə həlli istiqamətində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələrinin Rusiya və Ukraynaya səfərləri, tərəflərlə aparılan görüşlər və münaqişənin dayandırılması istiqamətində həyata keçirilən diplomatik təşəbbüslərin səmərəliliyi barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Rusiya-Ukrayna münaqişəsinin davamlı və ədalətli həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması şərtilə mümkün ola bilər.
İdarə Heyətində ABŞ və İran arasında davam edən gərginlik və hərbi qarşıdurma da müzakirə olunub. Bildirilib ki, qarşıdurmanın uzanması regionda təhlükəsizlik risklərini artırır və daha geniş coğrafiyada sabitliyə mənfi təsir göstərir.
Toplantıda son dövrlərdə Rusiya tərəfindən Ermənistana qarşı həyata keçirilən təzyiq siyasəti də müzakirə olunub. Bu siyasət Ermənistanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilib və belə addımların Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə mane olmaq və Rusiyanın Cənubi Qafqazda siyasi və geosiyasi təsir imkanlarını qoruyub saxlamaq məqsədi daşıdığı qeyd edilib.
İdarə Heyətində Şanxay Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla Azərbaycan dilində ünsiyyət qurmasına İranda göstərilən reaksiyalar da müzakirə olunub. Qeyd edilib ki, dövlət başçısının öz ana dilində danışmasının belə etiraz və təzyiqlə qarşılanması yolverilməzdir. Bildirilib ki, dövlət başçısının ana dilində ünsiyyət hüququna münasibət həmin ölkədə vətəndaşların öz ana dilindən istifadə hüquqlarına münasibətin göstəricilərindən biridir. Bu baxımdan, ana dilindən istifadəyə görə hər hansı təqib və təzyiq cəhdi qətiyyətlə pislənilib.
Toplantıda Rusiya rəsmiləri, o cümlədən Prezident V.Putin tərəfindən zaman-zaman Qarabağ münaqişəsi ilə bağlı açıqlamaların səsləndirilməsi məsələsinə də toxunulub. Bildirilib ki, bu tipli açıqlamalar Azərbaycanla Rusiya arasında 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyət Bəyannaməsinin ruhuna və tərəflərin götürdüyü öhdəliklərə uyğun deyil. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğu hazırkı mərhələdə Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi Rusiyanın Cənubi Qafqazda siyasi və geosiyasi təsir mexanizmlərini qoruyub saxlamaq cəhdi kimi qətiyyətlə pislənilib.
İdarə Heyətində son dövrlərdə istər Ermənistan daxilində, istərsə də xaricdə fəaliyyət göstərən revanşist erməni dairələri və lobbisi tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları da müzakirə olunub. Xüsusilə bəzi erməni diaspor və lobbi dairələri tərəfindən tarixi hadisələrin təhrif edilməsi, azərbaycanlıların ermənilərə qarşı “soyqırımı” törətməsi barədə həqiqətə uyğun olmayan iddiaları əks etdirən təbliğat materiallarının, o cümlədən filmlərin hazırlanması cəhdləri qətiyyətlə pislənilib. Qeyd olunub ki, bu kimi fəaliyyətlər Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına xidmət etmir, əksinə, regionda qarşıdurma və düşmənçilik ritorikasını qoruyub saxlamağa yönəlir. İdarə Heyəti Avropa, Qərb ölkələrini və beynəlxalq təşkilatları Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ məsələsi ilə bağlı mövqe bildirərkən regionun həssas reallıqlarını, eləcə də Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin olunması zərurətini nəzərə almağa çağırıb.
Toplantıda regionlarda vətəndaşların təbii şəkildə bitən yabanı giləmeyvələri toplamasına görə cərimələrin tətbiqi məsələsi də müzakirə olunub. Qeyd edilib ki, qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlər vətəndaşların hüquqlarının əsassız məhdudlaşdırılmasına və normativ aktlardan sui-istifadə hallarına yol açmamalıdır. Qanunla icazə verilən ərazilərdə şəxsi istehlak məqsədilə yabanı giləmeyvə toplayan vətəndaşlara əsassız cərimələrin tətbiq edilməsinin qarşısının alınması vacibdir. İdarə Heyəti hesab edib ki, sosial-iqtisadi çətinliklərin mövcud olduğu bir şəraitdə əhalinin üzərinə əlavə maliyyə yükünün qoyulması yolverilməzdir və bu kimi yanaşmalar vətəndaşların sosial vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər.
Hurriyyet.media